Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Yevlaxlı 'Qaraca qız'ın hekayəti


«Qaraçılar məhəlləsi», avqust 2008
«Qaraçılar məhəlləsi», avqust 2008

-
Aprelin 8-də dünyada yaşayan qaraçılar milli bayramlarını - Beynəlxalq Qaraçı Gününü qeyd edirlər. Diqqətinizə yetirdiyimiz yazı 2008-ci ildə hazırlanıb.

Gözlə

No media source currently available

0:00 0:00:00 0:00
Direct-ə keçid


Tanışlığımızın ancaq dördüncü günü ürəyini açdı. Bacısı eşitməsin deyə, qorxa-qorxa, tez–tələsik danışdı ki, atası da, anası da onu dilənmək üçün uşaq vaxtı bir neçə dəfə vurub şikəst etmək istəyiblər.

Dediyinə görə, bu məhəllədə öz uşaqlarına işgəncə verən başqa ailələr də var…

Adını dəyişdirməyə ürəyim gəlmədi, təhlükəsizliyi üçün gəlin ona «Qaraca qız» deyək.

«Qaraca qız»ın əhvalatına bir azdan qayıdarıq. İndidən bircə onu deyim ki, 15 yaşlı qız bu məhəllədə olduğum müddətdə mənə can- dildən bələdçilik elədi. Yevlaxda onların yaşadığı əraziyə qaraçı məhəlləsi deyirlər, özləri isə özlərini «kürd» adlandırırlar.

Bakıdan dəmiryolu ilə üzüqərbə gedəndə, Kürün köhnə körpüsünü keçən kimi söyüdlüklərin arxasındakı geniş çökəklikdə nizamsız tikilmiş birmərtəbli taxta evlər başlayır, çökək məhəllə vağzala qədər uzanır. Uzun söyüd salxımları çox vaxt həmin evlərin həm çəpəridir, həm də darvazası. Görünür, bu evlərin ifrat yoxsulluğundadır ki çəpərə ehtiyac görməyiblər. Əslində isə buranın sakinləriylə yerli camaatın arasında boyu xeyli hündür psixoloji bir çəpər var.

«Qaraçılar məhəlləsi»nin başqa qadınları kimi bu ev sahibəsi Xoşqədəm xanım da qara qıvrım saçlarını ala-bəzək çit çalmanın altına salıb, topuğundan qırçınlı yupka geyinib. Sinəsinə iri, sarı muncuqlu boyunbağı taxıb. Düzü, bu evdə əvvəlcədən bilirdilər ki, onlara Bakıdan jurnalist gələcək, dolanışıqlarından yazmağa. Belə deməyə məcbur olmuşdum, çünki buradakılar kənardan gələnlə ünsiyyət qurmağa o qədər həvəsli deyildilər. Adət-ənənələrindən də danışmağa meylli görünmürlər. Bir saata yaxın kasıbçılıq, ümumi problemlər haqda danışandan sonra ürəklənib, fərqli adətlərə keçirik. Xoşqədəmin böyük bacısı Solmaz nəhayət ki, danışır.

«Bizdə qayınananın, qayınatanın yanında danışmaq yoxdur, sözümüz olanda gedirik baldıza, ya evdəki başqa adama deyirik, bizim əvəzimizə deyir. Bu, hörmət əlamətidir. Gəlin heç vaxt böyüklərin yanında başıaçıq, topuğu açıq gəzmir».

Bir azdan, yerli camatın diliylə desək, qaraçıların xeyli fərqli adətlərini eşidəcəyik. Məsələn, bu icmada oğlan da, qız da 12-13, hətta özlərinin dediyinə görə 11 yaşında da evlənirlər. Hələlik bir az bu etnosun özü haqda.

- Yerli camaat sizə nə deyir burada?

- Buradakılar qaraçı deyir, amma Bakıda kürd deyirlər. Niyə ayrı-seçkilik salırlar axı. Mən kürdəm, əslimi də danmıram. Amma qaraçı deyəndə adamın lap zəhləsi gedir.

Elmlər Akademiyasının Etnoqrafiya Institutunda yerli camaatın «qaraçı» dediyi icmanı ayrıca araşdırmırlar. Yevlaxın icra hakimiyyətindən də bu etnik qrupun tarixi haqda bir şey bilmədiklərini deyirlər. Rəsmi məlumata görə, Yevlaxda 2500 qaraçı var. Rəsmi məlumatda da onların adı qaraçı kimi çəkilir. Etnoqraf alim Emil Kərimov deyir ki, ehtimal var ki, Yevlax ərazisində yaşayanlar elə qaraçıdırlar. Bu, o millətdir ki, Avropada onlara «roma» deyirlər, Türkiyədə «çingənə», Rusiyada «tsıqan». Onlar 14-cü əsrdə əsrlərdə Hindistandan köç edib, Avropaya yayılıblar.

Etnoqraf alim deyir ki, köçəri xalqlarda belə xüsusiyyət var ki, özlərinə başqa ad qoyurlar, təzə yaşayış yerinin adını götürürlər.

- Yevlaxda yaşayanlar Hindistandan gələn millətdirmi?

- Eyni millətdir. Sadəcə, ola bilsin ki, ilkin dillərini saxlamayıblar. Çünki qaraçılar getdikləri yerə uyğunlaşırlar. İrana gəliblər, yəqin ki, kürd dilini götürüblər.

Etnoqraf Emil Kərimov deyir ki, Yevlaxda yaşayan bu etnosun həyat tərzi daha çox qaraçıların həyat tərzinə uyğundur, nəinki kürdlərin. Avropa Şurası Azərbaycanda «qaraçı» anlayışına uyğun gələn millətə «roma» deyir.

Çexiyada yaşayan qaraçılar özlərinə çex deyirlər, Macarıstanda yaşayanlar özlərinə Hungar deyirlər. Amma bu, o demək deyil ki, onlar romal deyillər. Sadəcə, tarix boyu baş verənlər onları buna məcbur edib.
Bu xalqın bəlası da elə bundadır.

Məsələ burasındadır ki, yerli camaatın dediyinə görə, bu millət Yevlax ərazisinə keçən əsrin 50-60-cı illərində köçüb, özləri deyirlər ki, İrandan gəliblər, müsəlmandırlar. Ona görə də etnoqraf Emil Kərimov da ehtimal edir ki, bu millət artıq İrandan gələndə özlərini roma, yəni, qaraçı yox, kürd kimi təqdim etməyə başlayıblar.

Türkiyədə çingənələr - romalar əsasən musiqiçiliklə məşğuldurlar, onlar dilənmirlər. İstanbulda - Sulukuleliler Roma kültürünü yaşatma və dayanışma dərnəyinin sədri Şükrü Pündik Yevlaxdan diktafonla yazdığım səslərə qulaq asandan sonra deyir ki, bu danışıq kürdcədir, amma kürdcə danışan romalar da var, ümumiyyətlə, romaların kürd, alevi, abaza qolları mövcuddur. Dilənmək məhz kürd romalarına xasdır

- Kürd romaları daha çox dilənməklə məşğuldurlar. Amma acsansa, dilənməlisən, bəs nə etməlidirlər?!

«Qaraca qız» məni qonşuları kimi qarşılamadı. Elə bil ki, əvvəlcədən tanış idik. Ondan heç çəkinmirəm də. Açıqca deyirəm ki, adət-ənənələrindən də yazmaq istəyirəm.

Oturmağa stulları yoxdur, həyətlərindəki söyüd ağacının altında köhnə vannanı ağzı üstə çevirib çıxış yolu tapırıq. Başqa yevlaxlı qızlar kimi görünmür. O da ənənəvi geyimlərini geyib, qırçınlı sarı yubkadadır.

Yevlaxın avqust istisindən qorunmaq üçün uzun xurmayı saçlarını boynunun arxasına nizamsız topalayıb. Atası da, anası da Bakıya dilənməyə gediblər. Özündən başqa iki kiçik bacısına o qulluq edir. Söhbət boyu elə hər vəchlə çalışır ki, dilənçiliyi, özlərinin təbirincə desək «gəzməyi» müdafiə eləsin.

- Allah adətimizi kəssin, millət neyləsin, əlacı yoxdur dilənir. Sosial yardım versələr, bizə kömək eləsələr, dilənmərik.

- Sənin ayaqqıbın hanı?

- Yoxdur, bacımdadır.

- Neçə ayaqqıbınız var ki?

- Bir dənə.

- Beş nəfərə bir ayaqqabı?

- Hə.

- Bəs qışda nə edirsiz?

- Heç nə, ayaqyalın gəzirik, dözürük. Məndən olsa, məktəbə də gedərəm. Oxumağa da qabiliyyətim var. Amma imkanımız çatmır, nə edim? Qoy mənə iş də versinlər, iş də bilirəm.

Dörd gündən sonra nəhayət ki, ürəyini açdı. Dəmiryolunun ətəyindəki daşlıq yolla qonşudan gəlirdik. Özü qəfildən başladı…

- Atam qulağımı qayçıyla kəsdi.

- Niyə ki?

- Nə bilim, yadıma gəlmir. 6-7 gün xəstəxanada yatdım. Bacım atamın əlindən qaçıb getdi ərə.

- Sizdə hamı bu cürdür?

- Nə bilim, belə də var, elə də. Uşaqları pul üçün vururlar. Böyük qızları məcbur edirlər ki, pis yola düşsünlər. Bibimin yanında qalanda məni zorla göndərirdi ki, gedim ingilislərin ayağından öpüm. Hər gün məndən bir paçka pul tələb edirdi. Bir günə bir paçka pul qazanmaq olar? Atam dilənməkdən gələndə siqaret kötüklərini mənim boynuma, boğazıma basır.

«Qaraca qız» deyir ki, heç anası da ona qəhmər çıxmır. Hətta uşaqlıqda onun budlarını da bıçaqlayırlarmış ki, ayağını çəksin. Şikəst dilənçilərə daha çox pul verirlər.

Yevlax şəhər icra hakimiyyətində şöbə müdiri Hümbət Əhmədov deyir ki, yerli camaatın qaraçı məhəlləsi adlandırdığı bu ərazidə yaşayanların uşaqlarına işgəncə verməsi barədə məlumatları yoxdur.

- Yox, mən dörd ilə yaxındır ki, Yevlaxın icra hakimiyyətində işləyirəm. İndiyədək belə söz eşitməmişəm. Onların uşaqlarının orqanizmi elə möhkəm olur ki, heç qışın ortasında ayaqyalın gəzirlər də təsir eləmir.
Mən işgəncə haqda bir söz eşitməmişəm.

Gəlinləri deyirlər ki, Güllü nənənin 121 nəvəsi var, bütün övladlar yan-yana tikilmiş kasıb taxta daxmalarda yaşayırlar, ikiotaqlı evdə 20 nəfərdən çox adam qalır. Bu ultraqəhrəman nənənin özüylə bir azdan tanış olarıq. Hələlik mikrofonu görən kimi başıma toplaşmış, diktafonu bir tərəfə, fotoaparatı bir tərəfə dartan dəcəl nəvələri eşidək:

- Uşaqlar, dərsə gedirsiz?

- (xorla) Yox!!!

- Bəs nə ilə məşğulsuz?

- (xorla) Gəzirik (dilənirik - red.)!

- Bəs dilənəndə utanmırsız?

- (xorla) Yox!!!

Qanunla uşaq əməyindən bu formada istifadə qadağandır. Uşaqların əməyindən istifadə edənlərlə icra hakimiyyətlərindəki qəyyumluq idarələri, azyaşlılar komissiyası, məşğul olmalıdırlar. Uşaq hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov deyir ki, bu cür uşaqlarla hökumətin mübarizəsi ancaq ondan ibarət olur ki, küçədən tutub, məcburən evə göndərir, halbuki, onlarla işləmək lazımdır.

- Belə qapalı icmalarla işləmək üçün xüsusi sosial işçilər olmalıdır. Qəyyumluq orqanları çox aşağı səviyyədədir, çünki onların resursları yoxdur, bu uşaqlarla, onun ailəsiylə işləmək lazımdır.

«Ümid yeri» Xeyriyyə Cəmiyyətinin sədri Natiq Məsimli deyir ki, hökumətin əslində elə sistemi olmalıdır ki, uşağının əməyindən istifadə edən, onlara işgəncə verən valideynlər cəzalandırılsın.

Nabil Seyidov isə deyir ki, uşaqları dilənməkdən çəkindirmək üçün bir çıxış yolu da onların valideynlərini işlə təmin etməkdir.

Bu məhlədə olduğum müddətdə eşitdiyim əsas şikayət ünvanlı sosial yardımdan oldu. Hansı qapıya getdimsə, birağızdan hamı hökumətdən yardım istəyirdi.

- Mənim yeddi uşağım var, uşaqlarım acından ölür, dilənirəm, ünvanlı yardım istəyirəm, deyir ki, bir paçka pul gətir, verim. Mənim də pulum olsa, xanım kimi oturaram evimdə, dilənmərəm. - Bunu danışan 121 nəvəli Güllü nənənin gəlinidir, onun həyat yoldaşı oğurluq üstündə tutulub.

Ümumiyyətlə, Yevlaxda yerli sakinlər arasında belə təsəvvür var ki, dilənmək bu millətin qanına hopub.

- Bəs sən niyə işləmirsən?

- Niyə işləmirəm, dilənirəm də. Bu da mənim işimdir, sənin işin odur, mənim də işim bu.

- Pulun olsa, yenə dilənərsən?

- Mənim dirəyimi qızıldan elə mən yenə dilənəcəm.

Düzü, Gülnar qaraçılar məhəlləsində yeganə adam idi ki, belə danışırdı. 17 yaşı var, özünün dediyinə görə, üç dəfə boşanıb, indi həm dilənir, həm də baxıcılıqla məşğuldur.

Bakıdan dəmiryolu ilə üzü qərbə gedəndə, Kürün köhnə körpüsünü keçən kimi söyüdlüklərin arxasındakı geniş çökəklikdə nizamsız tikilmiş birmərtəbli taxta evlər başlayır, bu evlər vağzala qədər uzanır. Bu evlərin arxasında insanların sadə hüquqları təmin olunmur.

Filosof Rəhman Bədəlov:

- Terrorist nə deməkdir? O başqaları kimi deyil, özünü ifadə edə bilmir və aqressiya başlayır, mən demirəm ki, onlar terroristdir. Ümumiyyətlə deyirəm. Mədəniyyətlərin arasında subkulturalar ola bilər. Amma buna müdaxilə etmək lazımdır. İnsan müəyyən dərəcədə cəmiyyətə uyğunlaşmalıdır. Bununçün isə əsas yol məktəbdir.

«Qaraca qız»ın qonşusu Vüsalənin 13 yaşı var. Lilli gölməçədə qaz otarır.

- Sən burada nə ilə məşğulsan?

- Qaz otarıram. Amma vallah qazları oğurlamamışam.

- Yox, qazlarla işim yoxdur, niyə dərsə getmirsən?

- Nə bilim…

Buradakı uşaqların demək olar ki, çoxu təhsil almır. Sovet dövründə, 70-ci illərdə bu icmanın uşaqlarını təhsilə cəlb etmək üçün hökumət qərar verib. Yuxarı Qarxun kənd orta məktəbinin müəlliməsi Əsidə Əlifova bu uşaqların ilk müəlliməsi olub.

Onlar yaxşı hesablama bilirdilər, amma hamısı sol əlləriylə yazırdılar. Rus dilini yaxşı öyrənirdilər. Yaxşı davakar idilər.

Bir müddət qaraçılar məhəlləsinin uşaqları Yevlax internat məktəbində oxuyub. Yevlax icra hakimiyyətində indi şöbə müdiri, vaxtilə rayon təhsil şöbəsinin müdiri işləmiş Zərifə Məmmədova deyir ki, bu uşaqları təhsilə cəlb etmək üçün əllərindən gələni edirlər.

Guria Bumbu Ruminiyada sadə roma, başqa sözlə, qaraçı ailəsindən çıxıb, vaxtilə Rumıniyada baş nazirin müavini də işləyib, indi Ruminiyada - romalar üzrə Milli Agentliyin prezidentidir, dövlət katibidir. Cənab Bumbu deyir ki, onun milləti ilə bağlı dünyada «dilənçi və oğru» təsəvvürü əsrlərdən bəri formalaşmış stereotipdir, əslində, səbəb kəskin yoxsulluq və cəmiyyətdən təcriddir.

Ruminiya dünyada qaraçıların ən sıx məskunlaşdığı ölkə sayılır. 2001-ci ildən bəri Rumıniyada ilk dəfə qaraçılarla bağlı konkret dövlət strategiyası qəbul olunub. Cənub Bumbu deyir ki, bu millətin cəmiyyətə assimilyası ancaq hökumətin müdaxiləsi ilə mümkündür

Biz gərək qaraçılara qarşı ayrı-seçkiliyə, stereotiplərə son qoyaq. Rumın hökumətinin yanaşması dörd istiqamət üzrədir: Təhsil, işsizlik, sağlamlıq, bir də daha yaxşı mənzillə təmin etmə. Bunlar romaların həyatını yaxşıya doğru dəyişmək üçün ən minimum şərtlərdir.

Cənab Bumbu deyir ki, bu proqram artıq səmərə verir, yüzlərlə roma artıq universitet tələbəsidir.

- Ən böyük arzun nədir sənin?

- Məktəbə getmək, həkim olmaq, müəllim olmaq.

Azərbaycanın Təhsil Nazirliyindən bu işə məsul şöbə müdiri Aydın Əhmədov dedi ki, milli azlıqların təhsildən yayınan uşaqları barədə araşdırma aparacaqlar.

Yevlaxın qaraçı məhəlləsində yaşayanlardan indi cəmiyyətə tam qaynayıb-qarışan, müxtəlif müəssisələrdə işləyənlər də var. Yevlaxın icra hakimiyyətindən dedilər ki, bu rayonda işə götürəndə qətiyyən ayrı-seçkilik salmırlar. Burada oğlanları böyük təntənə ilə əsgərə yola salırlar, bütün nəsil yığışıb hərbi komissarlığa gəlir.

«Qaraca qız» deyir ki, bu məhəllənin əsmərbənizli qızları çox yerli oğlanı kəməndə salıb, «Qaraçı məhəlləsi»nə gəlin köçən yerli qızlara da az da olsa, rast gəlmək mümkündür. Güllü nənə də deyir ki, onun gəlinlərindən biri göyçəkdir, yerli qızdır.

- Yerli camaatdan qız almışam. Yaxşıdır.

- Bəs çətin deyil ona uyğunlaşmaq?

- Yox… Yox… Durmağı da, oturmağı da öyrənib. Bizə də yaxşı qulluq edir. Çox mərifətli qızdır. Odur eee ordadır.

Amma fərqli gəlinimiz məni görən kimi sürətlə qaçıb ağacların arasına girdi…

«Qaraca qız» danışır ki, bu icmada bir adət var, bura gəlin gələnlər and içirlər ki, işləyib ailəyə baxacaqlar. Düzü, bu bir neçə gündə hansı qapıya gedirdimsə, kişiləri –birmərtəbəli evlərin yerləbir artırmasında yorğana bürünüb, yatmış gördüm. Dedilər, burada adət belədir.

«Qaraçı məhləsi»nin toyu, yası yerli camaatdan o qədər də fərqlənmir, amma burada erkən nigahlar geniş yayılıb. Hətta 11 yaşında da ailə quranlar var. «Qaraca qız»ın bayaqdan ağacin altında itlə oynayan kiçik bacısı bir ildir ki, nişanlıdır

- Bacı, gəl görüm bura, harada tanış oldun nişanlınla?

- O mənim qohumumdur, gəlmişdi bura ürəyim düşdü

- Neçə yaşın var sənin?

- 13 yaşım.

- Balaca deyilsən, sən?

- Balacayam, 13 yaşım var…

Orta əsrlərdə Avropanın əksər ölkələrində qaraçılar əleyhinə qanun qəbul olunub, 16-cı əsrdə Britaniyada qaraçılara o halda yaşamağa icazə verilirdi ki, onlar öz milli həyat tərzlərindən əl çəksinlər. 1710-cu ildə Praqada 1-ci İosif əmr verir ki, bütün qaraçı kişiləri asılsın. Bohemiyada onların sol qulaqlarını kəsirdilər. Belə kəskin ayrı-seçkilik Avropada aradan qalxıb, amma yenə də savadlı qaraçı üçün iş tapmaq hələ də problemdir. «DOSTA» avropalı romaların dilində «Bəsdir!», «Yetər!» mənasını verir. «DOSTA» Avropa Şurasının romalarla bağlı layihəsidir. Layihənin məsul əməkdaşı Ivana D'ALESSANDRO-nu eşidək: «Onlar hər gün inteqrasiya olmaq üçün, təhsil almaq üçün mübarizə aparırlar.

Stereotiplər o qədər güclüdür ki, adamlar romaları dinləmək belə istəmirlər. Bizim məqsədimiz bunun qarşısını almaqdır. Bir də romaların əsas problemi budur ki, onlar öz mədəniyyətlərindən utanırlar.

Müasir Demokratik cəmiyyətdə heç kim öz etnik mənsubiyyətindən utanmamalıdır.

Beynəlxalq təşkilatlar Azərbaycandakı qaraçıların hüquqları ilə xüsusi məşğul olmurlar, ümumilikdə isə Azərbaycan hökumətinin azlıqlara münasibəti yüksək qiymətləndirilir.

Onlar çox yaxşı adamlardır, çox ürəyi təmizdirlər. Qonşu ilə işləri heç vaxt olmaz. Kənardan çox kobud görünürlər, amma əslində belə deyillər».

Gülnaz xanım 30 ilə yaxındır ki, «Qaraçılar məhləsi»ndə yaşayır. Deyir ki, bu illər ərzində bir dəfə bu millətlə sözü söhbəti olmayıb. Amma Gülnaz xanım deyir ki, «Qaraçılar məhəlləsi»nə yoxsulluqdan düşüb, evini alan yoxdur, yoxsa, köçərdi. Ümumiyyətlə, Yevlaxda «Qaraçılar məhəlləsi»nin sakinlərinə yuxarıdan aşağı münasibət olduğunu gizlətmək olmaz. Onlar özləri də məni həyətlərində görəndə təəccüblənirdilər. Mənim balaca dostum deyir ki, uşaqlıqdan heç ağlına da gətirməyib ki, ağ önlüklü, qoşa hörüklü məktəbli qızlar bir gün onunla da oynayarlar:

- Oğlanlar mənə baxanda deyirəm, heyf o oğlandan ki mənə baxdı. Tüpürmüşəm hər şeyə.

Kür qırağının meşələri 50 ildən çoxdur ki, bu icmanın yaşayış məskənidir. Özləri özlərinə «kürd» deyirlər, yerli camaat onlara «qaraçı», hökumət onların hansı millətdən olduğunu bilmir. Kürün köhnə körpüsündən Yevlax vağzalına qədər uzanan söyüdlüklərin arasındakı kasıb, taxta daxmalarda adını yaza bilməyən uşaqlar, hələ gəlinciklə oynayan təzə gəlinlər, hər gün döyülən qadınlar, işsiz, yayda yorğana bürünüb yatan kişilər var. Bu söyüdlüklərin arasında qarabəniz, irigözlü xurmayı saçlı bir yeniyetmə qız da yaşayır. Utana-utana doğma atasının vurduğu şillənin yerini ovuşdurur, nəmli baxışlarıyla hər gün Bakıya gedən qatarları yola salır. O ümidlə ki gün gələcək, bu qatarlar onun arzularını böyük – böyük hökumət adamlarına çatdıracaq…

XS
SM
MD
LG