Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Virtual borclar…


«Sumqayıtelektrikşəbəkə»nin həyəti
«Sumqayıtelektrikşəbəkə»nin həyəti
«Bizə 2002-ci ildən indiyə qədər 920 neçə manat borc yazıblar». Novxanı bağlarında yaşayan Arif Əliyev belə deyir. O, yaranmış problemlə bağlı hara müraciət edibsə, cavab verən olmayıb. Burda keçmiş borcların məbləği 300 manatdan 4 min manata yüksəlir.
Bu yay Novxanı bağlarında istirahət edənlərin demək olar ki, əksəriyyəti işıqpulu problemilə üzləşib. Onlar istirahət günlərinin çoxunu işıqpulu borclarıyla bağlı məsələyə aydınlıq gətirməyə sərf ediblər. Elektrik enerjisinə görə, pulların yığılması da maraqlı bir üsulla həyata keçirilir. Belə ki, ev sahiblərinə xəbərdarlıq edilmədən onların elektrik xətləri şəbəkədən ayrılır. Bu problemi həll etməyə gedən abonentə isə «borcunu ödə, işığını yandıraq» deyirlər.
Vətəndaşlar borcla bağlı əvvəlcə «Sumqayıtelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətin tabeliyində olan Novxanıdakı şəbəkəyə müraciət edir. Burda əvvəlcə həmin borcun tam ödənilməsi istənilir. Bu pulu ödəmək gücündə olmadığını deyən vətəndaşa həmin məbləğin yarısının ödənilməsi məsləhət görülür. Bir qədər get-gəldən sonra məbləğ bir az da azaldılır. Nəticədə vətəndaş azalan məbləği ödəməyə razılaşır. Özü də həmin pulun hissə-hissə yox birdən ödənilməsi tələb olunur. Bununla razılaşmayanlar isə «Sumqayıtelektrikşəbəkə»nin borcların silinməsi komissiyasına müraciət edir. Burdakı nəticə ilə razılaşmayanlar isə sonda «Şumqayıtelektrikşəbəkə»nin rəhbəri Mehman Mehdiyevlə görüşə gedirlər. Ötən həftə biz sözügedən idarədə olanda qəbula düşmək üçün rəisin qapısının ağzında xeyli adam növbəyə yazılmışdı.

Öz növbəsini səbirsizliklə gözləyənlər içərisində 78 yaşlı Sumqayıt şəhər sakini Tacəddin Hacağayev də var idi. Onun əlindəki sənədlərdən məlum olurdu ki, bir ay ərzində cəmi 36 qəpiklik elektrik enerjisi işlədib, amma ondan sayğac quraşdırılmamışdan əvvəlki borclar istənilir. İndi tənha yaşayan Tacəddin Hacağayev 352 manat pul ödəməli idi ki, işığını yandırsınlar: «İyun ayına cəmi 36 qəpik elektrik enerjisi işlətmişəm, tək adamam, gözlərim görmür, televizora baxa bilmirəm, bir dənə radio işlədirəm o da batareya ilə işləyir».

920 manat borcun haradan yarandığını aydınlaşdırmaq üçün Sumqayıta gələn Arif Əliyev deyir ki, bu ilin fevralında onların evinə sayğac qurulub və məlum olur ki, onların bir ayda işlətdikləri elektrik enerjisi 3-4 manatdan çox olmur:

«Bax əlimdə altı aylıq qəbzlərdir, ödəmişəm, hər ay 2 manat 50 qəpik, 3 manat ödəmişəm, amma sayğacdan qabaq da əlimdə qəbzlər var onda 6 manat, 10 manat pul ödəyirdim».

Sonaxanım Ağayeva da rəisin qəbuluna düşmək üçün növbəsini gözləyirdi. O, da borc problemini heç cür həll edə bilmir:
«Özüm YAP-ın üzvüyəm. Mənim işığımı kəsdilər dedilər köhnə borcun var 400 manat. Bir dəfə gəldilər ki, işığınızı kəsirik, bir az pul gətirin borcunuzu silək. Sələmə 100 manat götürüb verdim. İndi gəlib deyirlər ki, yenə borcunuz qalıb. İndi gəlmişəm görək nə olur».

Rəisin qəbulundan çıxanların bəziləri isə çox sevinirdilər. Onlardan birilə danışanda məlum oldu ki, 3500 manat borcunu 350 manata endiriblər.

«Sumqayıtelektrikşəbəkə»də isə hesab edirlər ki, burda hər hansı şişirdilmiş borclardan söhbət getmir. Sonda ilkin borcun yarıbayarı və daha aşağı salınaraq ödənilməsi və silinməsilə bağlı məsələyə gəldikdə, şəbəkədə deyirlər ki, bu sayğacdan əvvəlki və sayğac quraşdırılandan sonrakı dövr ərzində istifadə edilən elektrik enerjisilə bağlıdır. Belə ki əgər sayğac göstəriciləri əvvəl yazılan sərfiyyatdan azdısa onda abonentin borcu yarıbayarı aşağı salına və ya tamamilə silinə bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bunlar hamısı virtual borclardı və abonentlər yalnız sayğacın yaddaşındakı elektrik enerjisinə görə pul ödəməlidi. Eyyub Hüseynov deyir ki, virtual borclarla bağlı indiyə qədər Birliyə edilən müraciətlərin hamısı məhkəmə yoluyla həll olunub, özü də vətəndaşların xeyrinə. Bu baxımdan da Birlik rəhbəri məsləhət görür ki, adamlar virtual borcları ödəməyə tələsməsinlər, bütün sənədləri toplayıb məhkəməyə müraciət eləsinlər.
XS
SM
MD
LG