Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:17

«Hamı səsini çıxarmasa, vəziyyət daha da pis olacaq»


Mutabar Tocibayeva
Mutabar Tocibayeva
Özbəkistanda insan hüquqları müdafiəçisi Mutabar Tocibayevanın həbsxanadan azad edilməsindən altı aya yaxın vaxt keçir. Amma həbsxana həyatının qorxunc mənzərələri 45 yaşlı bu xanımı hələ də rahat buraxmır. Xüsusən, gecələr qorxunc yuxuları ona rahatlıq vermir:

«Gecəyarısı qara-qorxu içində ayılıram. Başımı qoyub yatmaq istəyirəm, yenə həmin vahiməli yuxular davam edir. Çünki həbsxanada qadın daim ac, daim təhqirlərlə üz-üzədir».

2005-ci ildə Tocibayeva mitinqçilərə divan tutulmasına görə, prezident İslam Kərimovun hökumətini tənqid etmişdi. Bunun ardınca onu həbs etdilər. Dediyinə görə, onu 112 gün qaranlıq və soyuq otaqda tək saxlayıblar. Tezliklə xəstələnib.

Tocibayevanı vergidən yayınma, böhtan atma, qanunsuz təşkilata üzv olma kimi 17 müxtəlif cinayətdə təqsirli bilib 8 il müddətinə azadlıqdan məhrum ediblər.

Bu ilin iyununda azadlığa buraxılıb. Onun başına gələnləri uzun müddət həbsdə qalmış onlarla başqa hüquq müdafiəçisi də yaşayıb. Döyülmə, təzyiq, təhqir həbsxanada adi hal olub. Hüquq müdafiə fəallarının bir çoxuna məcburi psixiatrik maddələr yeridilib.

Parisdəki «Sərhədsiz Reportyorlar» təşkilatından Elza Vidal deyir ki, bu ölkədə hüquq müdafiəsi işi ilə məşğul olanlar bu işləri görməyin onların vəzifələri olduğunu düşünən adi vətəndaşlardır:

«Özbək hüquq müdafiəçiləri özlərini ölkələrində vəziyyəti dəyişmək üçün səsini qaldıran azad vətəndaşlar hesab edirlər».

Daha bir hüquq müdafiəçisi Azam Qurqunov da deyir ki, hamı səsini çıxarmasa, vəziyyət daha da pis olacaq. Qeydiyyata alınmayan «Müsəlman» adlı qeyri-hökumət təşkilatına rəhbərlik edən Qurqunova da 10 il iş veriblər. İronik səslənsə də, onun haqqında məhkəmə hökmü Avropa Birliyi Özbəkistanda insan haqları sahəsində bəzi irəliləyişlər olduğunu deyəndən bircə gün sonra oxunub.

Tocibayeva hökuməti tənqidlərinə görə, hazırda həbsdə saxlanan insanların siyasi məhbus olduqlarını, həbsxanada onlarla pis davranıldığını, işgəncələrə məruz qaldıqlarını deyir. Bildirir ki, bu insanlar söyülür, fiziki və psixoloji təzyiqlərə məruz qalırlar. Onun dediyinə görə, heç vaxt bu məhbuslara normal yemək verilmir. Həbsxanada yemək bir qayda olaraq, qaynanmış yulaf və kələm şorbasıdır. Bəzən həbsxananın yeməkxanasının qarşısında, çöldə yağışın, qarın altında insanlar saatlarla yemək gözləməli olurlar.

Ən pisi də məhbusların ailə üzvlərinin təzyiqlərə məruz qalmalarıdır. Tocibayeva deyir ki, həbsxanada olduğu müddətdə daim onun qızı hakimiyyət nümayəndələrinin təzyiqlərinə məruz qalıb.

Başqa bir hüquq müdafiə fəalı Yelena Urlayevanın ərini isə avtobus dayanacağında gözləyərkən döyüblər.

Avropa Birliyinin təzyiqləri ilə özbək hakimiyyəti həbsdə olan hüquq müdafiəçilərinin bir qismini azad edib. Tocibayeva da onlardan biridir. Amma hələ də onlarla insan haqları fəalı həbsxanadadır.

Hazırda Almaniyada müalicə olunan Tocibayeva insan haqları müdafiəçiləri üçün nəzərdə tutulan «Martin Ennals» mükafatına layiq görülüb. Deyir ki, Avropada çox qalmaq niyyətində deyil. Müalicəsi başa çatan kimi Özbəkistana qayıdıb ölkəsində insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün işini davam etdirəcək.
XS
SM
MD
LG