Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

«Aşağı sürüşmür, yuxarı sürüşür? Bu necə olur?»


Bayıl yamacı - Cənub Dərə küçəsi
Bayıl yamacı - Cənub Dərə küçəsi
«Burda maraqlı oyun gedir»-, bizə maraqlı oyunlardan danışan 45 yaşlı Səadət Əzizovadır. O, bir oğlu ilə Bayıl yamacı, Cənub Dərə küçəsində yaşayır. Bu yer 2000-ci il torpaq sürüşməsindən sonra sürüşmə zonası kimi tanınır. Dekabrın 1-dən Səbail rayon icra hakimiyyəti bu ərazidə inventarlaşdırma – yəni mövcud mənzil fondunun vəziyyətinin araşdırılması işlərinə başlayıb. Amma Cənub Dərənin sakinləri isə deyir ki, onları köçürmək üçün ölçüb biçirlər. Səbəb isə sürüşmə zonası olması deyil:

«Sürüşmədirsə, niyə yeni evlər tikilir? Bu yaxınlıqda təzə bina tikilib.
10 metr aramızda fərq var. 10 metr aşağı sürüşmür, 10 metr yuxarı sürüşür? Bu necə olur?

-Mənə elə gəlir ki, hökumət adından istifadə edib bizi köçürmək istəyirlər ki, az pul versinlər.

-Bir məmur gəlib burda dayandı, dedi ki, «A… bura nə qəşəng yerdi, biz heç buranı görməmişik!»

Təzə tikililər əsasən Xanlar və Cənub Dərə küçələrində aparılıb. Bu yerlərdə tikintisi hələ davam edən binalar da mövcuddur. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov yeni tikililərlə bağlı dedi ki, Cənub Dərə sürüşmə zonasıdır və həmin yerlərdə tikili tikmək birmənalı olaraq qeyri-qanunidir.
Və ola bilsin ki, söküləndə həmin sakinlərə kompensasiya ödənməsin.

Sürüşmə zonasında yaşayanlar danışır ki, köçürülmə ilə bağlı söhbəti də elə rəsmilərdən eşidiblər.

Sakinlər Amaliya İmanova və Səadət Əzizova deyir ki, narazılıqlarına səbəb olan bir məsələ də var – evə az pul təklif etmələri. Amaliya İmanovanın və onun qonşuluğunda olan evlərin əksəriyyəti iki mərtəbədən ibarətdir:

«5 nəfər yaşadığımız o boyda evimə 18 min pul təklif edirdilər.

Mən müəllim adamam, gör nə vəziyyətdə yaşayıram. Mən niyə bu vəziyyətdə yaşamalıyam? Kasıb olsaq da əlimizə gələni yığıb uşaqlarımıza ev tikmişik indi bunu əlimizdən almaq istəyirlər, amma əvəzində heç nə vermirlər. Bəs bizim üçün nə olacaq?»

Evləri bir və ya ikiotaqlı, həyətləri isə 10-15 kvadrat metr olan sakinlər də narahatdır. 60 yaşlı Azad Hacıyev: «Heç olmasa kimdə yer azdı uşaqların sayına görə pul versinlər. 11 uşaqlı ailəyik, amma evimiz balacadır».

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun sözlərinə görə isə, köçürülmənin adı belə çəkilmir:
«2000-ci ildən sonra təxminən 150 ailə qalıb. İndi biz işimizə yenidən baxarıq. Axı ailələr böyüyür. Bu sadəcə inventarlaşdırmadır. Burada köçürmədən söhbət getmir. Biz sadəcə işimizi görürük. Yalandan ajiotaj yaratmağın heç bir mənası yoxdu».

İsrafil Kərimovun sözlərinə görə, bütün məlumatlar toplanandan və dəqiqləşdirmələr aparıldıqdan sonra nəticələr Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. Bundan sonra hansı işlər görülməsi haqqında qərarı da aidiyyatı qurumlar çıxaracaq.
XS
SM
MD
LG