Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:35

Naxçıvanda «psixi dispanser» hədələri səngimir


Yeni il yolkasının işığını kəsməkdə şübhəli bilinən gənclər və onların valideynləri
Yeni il yolkasının işığını kəsməkdə şübhəli bilinən gənclər və onların valideynləri
Sədərək rayon Heydərabad qəsəbə sakinləri, birinci qrup gözdən əlil, 72 yaşlı İsmayıl Hüseynov və onun həyat yoldaşı Xanımzərin saxlandıqları yer məlum olub. Xanımzər xanımın «Azadlıq» radiosuna verdiyi məlumata görə, yanvarın 3-ü səhər saatlarında Sədərək rayon Polis Şöbəsində onları psixi xəstəliklər dispanserinə aparacaqları ilə hədələdikdən sonra, birbaşa Muxtar Respublikanın Daxili İşlər Nazirliyinə (DİN) gətiriblər. Yaxınlarına heç bir məlumat verilmədən gecə yarısınadək onları DİN-in zirzəmisində saxlayıblar. Valideynlərdən şikayətlərini geri götürmək barədə ərizə yazmaq tələb olunub. Ərizə yazıldıqdan sonra Sədərək rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yenidən gecə yarısında evlərinə qaytarılıblar. Valideynlərə təkrar sabah psixi xəstəliklər dispanserinə aparılacaqları bildirilib.
Yanvarın 4-ü səhər saatlarında hər iki valideyn Muxtar Respublikanın Nazirlər Kabinetinə aparılmaq adı altında evindən çıxarılıb. Onların oğlu Elvin Hüseynov «Azadlıq» radiosuna deyib ki, ata-anasının hara aparılması ilə bağlı hər hansı bildiriş tələb etsə də, ona əhəmiyyət verməyiblər. Sadəcə deyiblər ki, valideynləri Nazirlər Kabinetinə aparılır və orada şikayətlərindən geri çəkiləcəklərini bildirdikdən sonra yenidən evlərinə qaytarılacaqlar.
Bazar günü olduğundan rəsmi qurumların məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
Yanvarın 3-də Naxçıvanın Sədərək rayonunda Yeni il yolkalarından birinin işığını kəsməkdə şübhəli bilinən gənclərin valideynləri polisə çağırılıb. Onlardan şikayətlərini geri götürmələri tələb olunub. Valideynlərdən biri - İsmayıl Hüseynovun oğlu Elvin Hüseynov «Azadlıq» radiosuna deyib ki, bu tələblə razılaşmayan atası və anasını psixi xəstəliklər dispanserinə göndərəcəkləri ilə hədələyiblər.

Ötən il dekabrın 26-da Muxtar Respublikada qurulan Yeni il yolkalarından birinin işığının kəsilməsində şübhəli bilinən 7 gənc gecə saatlarında polis bölməsinə aparılıb, orada döyülüb və saçları kəsilib. Bir qrup valideyn dekabrın 27-də bu hadisəyə etiraz əlaməti olaraq Ermənistana keçməyə cəhd edib.
XS
SM
MD
LG