Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Bayrağın istisinə qızınanlar


«Bayraq Meydanı» inşa olunur
«Bayraq Meydanı» inşa olunur
Bayıl qəsəbəsində Aqil Quliyev küçəsində 5 nömrəli binada «Bayraq Meydanı» tikintisilə əlaqədar istilik sistemi kəsilib. Sakinlər deyirlər ki, bayraq tikintisi xoş hadisə olsa da, onların üç aydır ki, soyuqda qalmasına səbəb olub:
- Evlər soyuqdur, istilik yoxdur. Mövsüm başlayandan bizim istilik sistemi olmayıb, kəsib doğrayıblar.
- Çox soyuqdur, adam donur evdə. Uşaqlarımız körpədir, donuruq soyuqdan. Özü də birinci mərtəbədə yaşayırıq, zirzəmidən yel çəkir.
- Bilmirəm hansı ağılla qışın ortasında buranı dağıtdılar, camaatı «otopleniya»sız qoydular. Necə belə etmək olar axı?
Bu bina Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin tabeliyindədir. Bina əvvəllər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi təmiri zavodunun qazanxanasından ötürülən istiliyi alırdı.
Həmin ərazidə yerləşən hərbi hospital, hərbi uşaq bağçası və kazarmalar da istiliyi burdan alırdı.
Hərbi Dəniz Qüvvələrinin gəmi təmiri zavodu bayraq kompleksi layihəsi ilə bağlı köçürüldüyündən, zavodun qazanxanası da dağıdıldı:
- Dövlət bayrağının tikintisi ilə əlaqədar bizim istilik sistemimiz kəsilib, dağıdılıb. Bu günə kimi də bütün vətəndaşlar narazılığını bildirir.
Binada üç aydır ki, soyuqdan əziyyət çəkən 72 ailə var. Bu da təxminən 300 nəfərdir. İstilikdən məhrum olan sakinlərdən Nataliya Ələkbərova deyir ki, o, evini dədə-baba qaydasıyla qızdırır.
Yəni, kərpici qazın üstündə isidir, onu da yorğan-döşəyin arasına qoyurlar:
- Mən qazı yandırıram, üstünə dəmir qoyuram, dəmirin də üstünə kərpic. Hamımız mətbəxdə toplaşırıq, orda otururuq.
Sakinlər deyirlər ki, evi nə işıq enerjisi ilə, nə də qazla qızdırmaq çarə eləmir. Bu, həyatlarına təhlükə yaradır:
- Sobanı yandırırsan, qazın iyindən boğuluruq. Başqa nə var ki, nə ilə istilik yaradaq? Hamı qoşulur şəbəkəyə, gərginlik çatmır.
- Bura elə bir binadır ki, buranı qaz sobası ilə isitmək qeyri-mümkündür. Çünki bu, qaz üçün tikilməyib. Ventilyasiyası yoxdur.
- Bu gün-sabah partlayış olacaq, bütün binada. Qaz idarəsi dəfələrlə xəbərdarlıq etmədən qazı kəsib. Dəfələrlə zəng eləmişəm ki, niyə söndürürsünüz xəbər vermədən.
Qazanxana dağılandan sonra sakinlər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və «Azərenerji» Səhmdar Cəmiyyətinə şikayət ərizəsi göndəriblər.
Bayrağın tikintisində podratçı şirkət olan «AZENKO» «Azərenerji»nin tərkibində idi.
Sakinlərdən İnşallah Hüseynovun sözlərinə görə, «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyev bina üçün qazanxana tikilməsinə razılıq versə də, Mənzil İstismar İdarəsindən bir səs çıxmayıb:
- Etibar müəllim bərpa eləməyə razıdır. Nədənsə Mənzil İstismar İdarəsi bu işə qol qoymur. Bizim «Azərenerji»dən şikayətimiz yoxdur. Onlar deyir bərpa edərəm. Mənzil İstismar İdarəsi bu işi yubandırır.
.
- İki dəfə ərizə də yazmışıq, cavab da vermirlər.
- Hamımız yazmışıq, 72 ailənin hamısı ərizə yazıb verib.
- Hamı bir-birinin üstünə atır.
O idarə sənin, bu idarə mənim deyib suallarına cavab axtaran təkcə istilikdən məhrum olan sakinlər deyil. Aşağı-yuxarı 13 telefon nömrəsinə zəng vurdum.
Ötür-ötür oyunu ilə hərə yaxasını bir yana çəkdi. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən özünü Sultan müəllim kimi təqdim edən şəxs deyir ki, bu işə Hərbi Dəniz Qüvvələrinin Mənzil Xidməti İdarəsi məsuldur.
Həmin idarədən mühəndis Cabbar Qəmbərov isə öz təşkilatının istismarçı olduğunu xatırladır və bildirir ki, sözügedən binanın istiliklə təmin olunması üçün yuxarı orqanlar qərar verməli, onlar da işi icra etməlidirlər:
- İstiliyi bərpa etmək üçün qazanxana tikilməlidir. Qazanxana da 3-5 manata düzəlmir. Smeta tutmaq lazımdır, onun «çertyoju», layihəsi, texniki şərti olmalıdır, ondan sonra qazanxana tikilməlidir. Müdafiə Nazirliyi, Mənzil İstismar İdarəsi sifarişçi olmalıdır, bir təşkilat da tapıb tikdirməlidirlər. Mən sadəcə istismarçıyam, onlar tikib mənə təhvil verməlidirlər, mən də istismar etməliyəm.
Müdafiə Nazirliyinin 1 saylı Evlər İdarəsinin rəisi Rövcət Hacıyev deyir ki, binanın qazanxanasını tikmək üçün lazım olan vəsait onun rəhbərlik etdiyi «JEK»in büdcəsində yoxdur:
- Biz Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsindən mütəxəssislər çağırdıq. Bizə nümayəndələr gəldi, baxdılar, yoxladılar, yazdılar, çıxıb getdilər. Odur, budur, hələ də xəbər çıxmayıb.
Qazanxanadan istilik alan 9 mərtəbəli binadan başqa, bütün obyektlərin istilik sistemi yenidən bərpa olunub.
Hərbi hospitaldan verilən məlumata görə, yeni qazanxana qısa bir müddətdə tikilib, özü də Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin hesabına.
İdarənin rəisi Mehman Hacıəliyev isə köməkçisi vasitəsilə müsahibə verə bilməyəcəyi mesajını göndərdi. Köməkçi isə səsini yazmağa qoymadı və bildirdi ki, bayrağın tikintisi ilə əlaqədar bütün işləri «AZENKO» həyata keçirir:
- Qazanxananı onlar söküb, oradakı bütün obyektləri istiliklə onlar təmin ediblər. Deməli, bu binanın da istilik təchizatına onlar cavabdehdir.
«AZENKO»nun İşlər İdarəsinin rəisi Elşad Əliyev də deyir ki, onların şirkəti tikinti ilə məşğuldur. Onun sözlərinə görə, «AZENKO» nə istilik kəsib, nə də bərpa edib, bu işə cavabdeh Müdafiə Nazirliyidir. Bu məmur da səsinin yazılmasını istəmədi.
İstiliyi kəsilən binanın sakinlərindən kommunal xərclərə görə, vergini də «AZENKO» deyil, Müdafiə Nazirliyinə tabe olan qurum alır.
Aqil Quliyev küçəsindəki 5 nömrəli binanın sahibi də bəllidir, binanın istiliyini kəsən də. Amma bəlli deyil ki, bu binaya qazanxananı kim və nə vaxt tikməlidir.
Bütün bu idarələr öz aralarında razılaşana qədər isə 72 ailə bayrağın istisinə qızınası olacaq.
XS
SM
MD
LG