Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

Kim güclüdü - Azərbaycan, yoxsa Ermənistan ordusu?


Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdu
Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdu
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatını açıqlayıb. Hesabat 170 ölkəni əhatə edir. Hesabatda Azərbaycan və Ermənistanın da orduları haqda məlumatlar yer alıb.

Hesabatda deyilir ki, Azərbaycanın təxminən 67 min nəfərlik ordusu var. Ermənistan ordusu bundan təxminən 35 faiz azdı - 42 min nəfər. Ehtiyat qüvvələrinin sayına görə də Azərbaycanın imkanları Ermənistandan genişdi. Azərbaycanın səfərbər etməyə 300 min, Ermənistanın isə təxminən 200 min qüvvəsi var. Hər iki ordunun silahlarının əksəriyyəti Rusiya istehsalıdı.

Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdu. Azərbaycanın 320 tankı və 470-ə yaxın «BTR»-i var. «BMP»lərə gəldikdə isə qüvvələr arasında fərq böyük deyil - Azərbaycanın 127, Ermənistanın isə 104 «BMP»si var.

Hesabata görə, Azərbaycanın 47 döyüş qabiliyyətli təyyarəsi var. Ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayı bundan 3 dəfə azdı.

Hər iki tərəfdə əsasən Miq-25, Su-24 və Su-25 təyyarələridi.

Bundan başqa, Azərbaycanın 6 müasir pilotsuz uçuş aparatı var – «Aerostar» və «Orbiter». Ermənistanda belə pilotsuz uçuş aparatları yoxdu. Raket qurğularına gəldikdə, hər iki tərəfdə arsenalın çoxunu «Qrad» qurğuları təşkil edir, amma Azərbaycan 12 ədəd daha müasir «Smerç» qurğularına da malikdi. Həmin qurğular 1989-cu ildə Sovet ordusunun istifadəsinə verilib.

Tank əleyhinə silahlara gəldikdə, hesabata görə, burda Azərbaycanın arsenalı Ermənistandan təxminən 10 dəfə çoxdu.


Hərbi ekspert Arif Yunus isə deyir ki, həqiqətən də Azərbaycanın hərbi gücü Ermənistandan çoxdu. Amma məsələ burasındadı ki, Azərbaycanın torpaqları işğal olunub və əgər Azərbaycan ordusu Qarabağı və onun ətrafındakı əraziləri azad etməyə çalışsa, çox böyük itkilərlə üzləşə bilər. Təkcə ona görə yox ki, hərbi nəzəriyyələrə görə, hücum edən müdafiə olunandan azı 3 dəfə çox qüvvəyə malik olmalıdı. Həm də ona görə ki, Arif Yunusun fikrincə, Qarabağ relyefinin erməni qüvvələrinin xeyrinə olan özəllikləri var:

«Qarabağ dağlıq zona olduğu üçün orda bəzən bir neçə minadan istifadə etməklə elə eləmək olar ki, bir tank irəli getməsin. Təyyarələrin də işi dağlıq zonada çətinləşir. Ola bilsin Ağdam, Füzuli zonasında Azərbaycan ordusu üçün çox böyük problemlər olmasın, amma dağlıq yerlərdə vəziyyət çox çətin ola bilər. Ona görə burada Azərbaycan Ordusunun kəmiyyəti yox, keyfiyyəti əsas faktor olmalıdı, bu məsələdə isə hər iki ölkədə vəziyyət təxminən eynidi».

Bundan başqa, Arif Yunus deyir ki, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında Qarabağdakı tanınmamış rejimə tabe hərbi qüvvələr nəzərə alınmayıb.

Arif Yunus həm də bu yaxında Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah bağışlaması haqda Azərbaycan tərəfinin etirazlarını xatırladır. Deyir ki, əgər hərbi əməliyyatlar başlasa, Ermənistandakı Rusiya bazasının da erməni ordusuna kömək edə biləcəyi istisna deyil.

Yeri gəlmişkən, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında göstərilir ki, Rusiyanın Ermənistanda 3000 nəfərdən çox canlı qüvvəsi, 74 tankı, 18 ədəd daha müasir Miq-29 təyyarəsi və ən nəhayət, müasir S-300 raketləri var.

Azərbaycan öz silahlarının sayını dövlət sirri kimi qoruyur, amma ali baş komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, ordu işğal altında olan torpaqları azad etməyə hazırdı.
XS
SM
MD
LG