Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:44

Gəncəlilər martın 18-də deputat seçəcəklər


18 martda keçiriləcək referendumda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunur
18 martda keçiriləcək referendumda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunur
- Eşitmisiz referendum keçirilcək?
- Bəli?
- Nəylə bağlıdır?
- Bilmirəm.
- İştirak edəcəm.
- Bilmədən necə iştirak edəcəksiniz?
- Yəqin orda başa salarlar…

Gəncədə rəyini soruşduğum insanların çoxu 18 mart referendumunun, necə deyərlər, nə ilə yeyildiyindən xəbərsizdir:

- 18-də referendum keçiriləcək, biz də lazımi şəxslərə öz səsimizi verəcəyik. Mahiyyəti odur ki, deputatlarımızı seçəcəyik.
- Bəli, ya xanımı olmalıdır, ya nəvəsi, ya da özü.
- Prezident seçkilərinin daim olmağı ilə bağlıdır...
- Səsvermədə iştirak edəcəksiz?
- Ola bilər.
- Qanunların dəyişikliyi ilə bağlıdır eşitdiyimə görə. Zəmanəmizla əlaqədar olaraq lazımdır.
- Müharibə şəraitində yaşadığımız üçün prezidentimizin müvəqqəti olaraq həmişəlik qalması ilə əlaqəlidir. Tələbəyik, bizə bununla əlaqədar blanklar verilirdi evlərə paylamaq üçün.

18 martda keçiriləcək referendumda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunur. Bu barədə Gəncədəki məlumatsızlıq mühitini yarmaq üçün müəyyən səylər göstərilir. Dairə seçki komissiyaları bu məqsədlə bukletlər hazırlayıb. Maarifləndirmə işinə müxalifətçilər də qatılmaq istəyir. Müxalifətçilər deyirlər ki, təşviqat qruplarının qeydiyyatı üçün imza toplamağın özü də maarifləndirməyə xidmət etməli idi. Amma onlar bu işi görəndə təzyiqlərlə rastlaşıblar.

Müsavat Partiyası Gəncə təşkilatının üzvü Cahangir Əmirxanlı:

- Biz imzanı daim təzyiq altında toplamışıq. Çünki imza toplamadan qabaq mənim və təşkilatın sədrinin polis şöbəsinə çağırılması camaat içərisində qorxu yaratdı. Əksəriyyət qapını döyəndə deyir ki, vallah biz razıyıq ki, referendum keçirilməsin, amma imza atmaqdan qorxuruq. Əllərinə keçsə, bizi işdən çıxaracaqlar. Bir ildə azı 4-5 yerdən polisin təzyiqi ilə qərargahdan çıxarılmışıq. Dəfələrlə icra hakimiyyətinə yer desək də, vermirlər. Məcburuq ki, şəhər parkında, ya çayçıda toplaşaq. Ətrafa polislər yığışır.

Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının sədri İsrafil İsrafilov isə referendumla bağlı keçirəcəkləri tədbirlərdən ağızdolusu danışır:

- Mərkəzi Seçki Komissiyası «Yeni Azərbaycan» təşəbbüs qrupunu qeydə alıb. 47 minə yaxın imza toplanıldı. Gəncədən 1800-ə yaxın imza topladıq. Referenduma 28 gün qalmış təbliğat-təşviqat kampaniyası başlayacaq. Rayon İcra Hakimiyyəti xüsusi görüş yerləri müəyyənləşdirəcək. Bəzi adamlar hətta bizə müraciət edirlər ki, biz də imza vermək istəyirik.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ruslan Qardaşov isə «Azadlıq» radiosuna deyir ki, sərbəst toplaşmaq haqqında qanuna əsasən istənilən təşəbbüs qrupu keçirmək istədiyi tədbirin növü ilə bağlı onlara xəbərdarlıq məktubu yazmalıdır. Beş gün sonra müraciətçiyə cavab verilir. Tədbirin keçirilməsinin yeri isə icra hakimiyyətinin və dairə seçki komissiyasının rəyi ilə qərara alınır.

Gəncəlilər referendumun nə üçün keçirildiyi barədə məlumatları və şərhləri yerli telekanallardan da ala bilərlər. Amma onlar bu tədbirə geniş yer ayırmağa o qədər də meylli görünmür. Kəpəz TV-nin direktoru Fuad Cabbarov:

- Biz bu barədə heç düşünməmişik, muraciətlər də olmayıb. Biz bunu ancaq xəbərlərdə işıqlandıracağıq.

F.Cabbarov deyir ki, Kəpəz TV özəl şirkət olduğundan efirini pulla sata bilər. Amma müxalifətçilərin dediklərinə görə, deyəsən, efir vaxtı almağa vəsaitləri çatmayacaq.
XS
SM
MD
LG