Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:44

Bakının Tehrana, Tehranın da Bakıya işi düşüb


İranın müdafiə nazirinin Bakıya rəsmi səfəri, 19 aprel 2006
İranın müdafiə nazirinin Bakıya rəsmi səfəri, 19 aprel 2006
Azərbaycan İranın Qarabağ münaqişəsinin həllində, İran isə ABŞ-la münasibətlərində Bakının ona kömək edə biləcəyini düşünür

İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar bildirir ki, Azərbaycana səfərində əsas məqsəd iki ölkə arasında hərbi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparmaqdır. Onun sözlərinə görə, ehtiyac yaranarsa, hərbi əməkdaşlıq istiqamətində yeni saziş və protokollar da imzalana bilər. Bundan əvvəl Azərbaycanla İran arasında hərbi əməkdaşlığı nəzərdə tutan sənəd imzalanmışdı.


Azərbaycanda bəzi ekspertlər isə hesab edirlər ki, bu səfər daha çox hesabat xarakteri daşıyır. İran hökuməti bilmək istəyir ki, bu vaxta qədər hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərinə dair bağlanan sazişlərə Azərbaycan nə qədər sədaqətlidir. Yəni İranla Birləşmiş Ştatlar arasında münasibətlərin getdikcə gərginləşdiyi bir vaxtda qonşuların mövqeyini öyrənmək İran üçün olduqca vacibdir.


Hakim YAP-dan olan millət vəkili Mübariz Qurbanlı deyir ki, Azərbaycan İran böhranı ətrafında da balanslaşdırılmış siyasətini davam etdirmək niyyətindədir: "Azərbaycanla İran arasında belə bir razılaşma mövcuddur ki, üçüncü bir ölkə Azərbaycan ərazisindən İrana, İran ərazisindən isə Azərbaycana qarşı hərbi məqsədlərlə istifadə edə bilməz. Azərbaycan da bu sənədə sədaqətlidir".


Ancaq Azərbaycanın İran böhranı ətrafında axıra qədər neytrallığını qoruya biləcəyinə şübhə ilə yanaşanlar daha çoxdur. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov deyir ki, Azərbaycan hakimiyyəti ən yaxşı halda öz maraqları çərçivəsində qüvvələr nisbətini götür-qoy etməklə, balanslaşdırılmış siyasəti hansısa bir tərəfin xeyrinə dəyişə bilər. Qənimət Zahidov deyir ki, Azərbaycan ABŞ-ı müdafiə etməklə İranın açıq və dolayı müdaxilələrinin hədəfinə çevrilə bilər. O şübhə etmir ki, İranın müdafiə nazirinin səfərində bunun nə qədər təhlükəli olduğuna işarə də vurulub. Üstəlik, nəzərə almaq lazımdır ki, Azərbaycanın Qarabağ münaqişəsi kimi çox həssas problemi var. Ancaq Qənimət Zahidov İranın müdafiə edilməsinin daha təhlükəli olduğunu düşünür:

"İranın müttəfiqi olmaq Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasının qarşısını ala bilər. Bu, ölkəni həm insan hüquqları sahəsində, həm də iqtisadiyyatın inkişaf etdirilməsi baxımından geri sala bilər. Üstəlik, Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi açıq şəkildə zəifləyə bilər".


Ekspertlər İran böhranında tərəfkeşliyin Azərbaycana müəyyən dividentlər gətirə biləcəyini də istisna etmirlər. Məsələn, Qənimət Zahidov deyir ki, Azərbaycanın anti-İran koalisiyasına qoşulması Amerika Birləşmiş Ştatlarıyla əlaqələri xeyli gücləndirə bilər. Ancaq onun sözlərinə görə, bu alyansa qoşulmaqdan Azərbaycan konkret nələr əldə edəcək – bunu təsəvvür etmək bir qədər çətindir.


Əslində, azərbaycanlı ekspertlər etiraf edirlər ki, ABŞ-la İran arasında gərginliyə Qarabağ münaqişəsi baxımından yanaşmaq həmin qarşıdurmanın daha böyük nəticələrinin təhlilindən yayınmaq olardı. «Turan» İnformasiya Agentliyinin eksperti Həsən Quliyev deyir ki, 11 sentyabr hadisələri dünya düzənində münasibətləri necə köklü şəkildə dəyişdisə, İranla Amerika arasında ehtimal qarşıdurma da həmin effekti verə bilər. Bununla belə, Həsən Quliyev deyir ki, istər İran, istərsə də ABŞ güclü ölkələr olduğundan, Qarabağ münaqişəsinin həllinə müəyyən mənada aktivlik gətirə bilərlər. Ancaq Həsən Quliyev düşünmür ki, ya Birləşmiş Ştatlar, ya da İran hansısa vədlər qarşısında Qarabağ münaqişəsinin həllində birmənalı şəkildə Azərbaycanı müdafiə edə bilərlər. Həsən Quliyevə görə, münaqişənin həllində İranın Azərbaycana ən böyük töhfəsi ehtiyac duyularsa, öz ərazisindən istifadə üçün Bakıya şərait yaratmaq olardı.


Ancaq bu məsələnin bu məqamı da bir qədər mübahisəlidir. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov bildirir ki, İran Amerika ilə mübarizədə daha çox Rusiyanın köməyinə arxalanır. Rusiyanın da hərbi bazaları Ermənistanda yerləşdiyindən, İran üçün bu iki ölkə – Ermənistanla Rusiya daha faydalı ola bilər, nəinki, Azərbaycan.


XS
SM
MD
LG