Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:59

«Bilirdim ki, siz məni naümid qoymazsınız»


 Venesuela prezidenti bəyan etdi ki, bu konstitusiya referendumu ilə «Bolivar inqilabının» üçüncü dalğası başlayır
Venesuela prezidenti bəyan etdi ki, bu konstitusiya referendumu ilə «Bolivar inqilabının» üçüncü dalğası başlayır
Fevralın 16-da Venesuelada prezidentlik müddətinə qoyulan məhdudiyyətlərin ləğvinə dair keçirilmiş referendumun nəticələri açıqlandı. Referendumda Venesuela əhalisinin 54 faizi prezidentlik müddətinə qoyulan qadağalara dair konstitusiya müddəasının dəyişdirilməsinə səs verdi. Bu ölkənin prezidenti Uqo Çaves öz tərəfdarlarının qarşısında söylədiyi qələbə nitqində artıq indidən bəyan etdi ki, 2012-ci ildə keçirilən prezident seçkilərində üçüncü dəfə öz namizədliyini irəli sürəcək. Bu mövzu «Vaşinqton Post» qəzetinin 16 fevral sayında ətraflı işıqlandırılmışdır.

Jurnalist Xuan Forero yazır ki, prezident Uqo Çavesin tərəfdarları konstitusiya dəyişikliklərinə nail olmalarını böyük qələbə kimi qeyd ediblər. Konstitusiyanı dəyişərək Uqo Çavesin 2012-ci ildə üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməsinə yol açmaq üçün analoji referendum 14 ay əvvəl keçirilmişdi və onda bu dəyişikliklər keçməmişdi və konstitusiyanı olduğu kimi saxlamaq istəyənlər 51 faiz səs toplayaraq Uqo Çavesə ağır siyasi zərbə vurmuşdular. İkinci cəhddə qalib gələn Uqo Çaves indi öz qələbəsini Karakas şəhərində göyə fişənglər buraxmaqla qeyd edir.

«Mən sizə demişdim ki, siz məni naümid buraxmayın, mən də sizi naümid qoymaram»,- deyə Çaves öz tərəfdarlarının qarşısında çıxış edirdi. «Mən bilirdim ki, siz məni naümid qoymazsınız. Mən də sizə, Venesuela xalqına və insanların ümidlərinə doğru çıxacağam». Venesuela prezidenti bəyan etdi ki, bu konstitusiya referendumu ilə «Bolivar inqilabının» üçüncü dalğası başlayır. «Vaşinqton Post» yazır ki, Uqp Çavesin istinad etdiyi «Bolivar İnqilabı» öz kökünü 1992-ci ildən götürür. Həmin il, Uqo Çavez öz tərəfdarları ilə o vaxtkı prezident Karlos Andres Peresə qarşı uğursuz çevriliş cəhdi edir.

Çaves o vaxt həbs olunur, lakin onun qısa müddətə hakimiyyəti ələ keçirdiyi vaxt televiziya ilə xalqa müraciəti Venesuela cəmiyyətində dərin iz buraxır. 1998-ci ildə Uqo Çaves Venesuelanın o vaxtkı siyasi isteblişmentinii tamamilə alt-üst edərək seçkilərdə böyük üstünlüklə qalib gəlir və Venesuelanın prezidenti olur. İndi xalq qarşısında çıxış edən Uqo Çaves deyir: «Bu qələbə ilə Bolivar İnqilabının üçüncü mərhələsi başlayır... Bu əsgər respublika prezidentliyinə 2012-ci ildə keçiriləcək seçkilər üçün indidən namizəddir»,- deyə Uqo Çaves özünə işarə edir. Qəzet yazır ki, Venesuela prezidenti xalq arasında hələ də populyardır və məhz bu səbəbdən Venesuela hökuməti tələsik şəkildə ikinci dəfə bu referendumu keçirdi, çünki neft qiymətlərinin düşməsi fonunda Uqo Çazvesin də reytinqləri yaxın müddətdə əriyə bilər.

Uqo Çavesin xalq arasında populyar olması səbəblərinə gəlincə qəzet yazır ki, hakimiyyətdə olduğu on illlik müddət ərzində Uqo Çaves çoxsaylı sosial proqramlarla çıxış etmişdir. Qəzet yazır ki, "kütləvi savadvermə sinfləri proqramları, bütün əhalini əhatı edən səhiyyə proqramları, subsidiyalaşdırılmış ərzaq bazarları milyonlarla insana kömək edib. Doğrudan da hökumət rəqəmləri göstərir ki, kasıblıq həddi yarıbayarı azaldılmışdır və kasıb Venesuelalıların çoxu Çavesi onların həyatlarını dəyişdirdiyinə görə onu tərifləyirlər». Lakin Uqo Çaves hökumət institutlarında nəzarəti tam ələ almaq üçün də bir sıra sərt addımlar atıb. Belə ki, Çaves Ali Məhkəməni öz əleyhdarlarından tamamilə təmizləmişdir və öz tərəfdarlarının böyük əksəriyyətini ölkə parlamentinə soxmuşdur. Qəzet yazır ki, Çaves özünü regional liderə çevirmək üçün də bəzi addımlar ataraq Karib ölkələrinə güzəştli qiymətlərlə neft satmışdır, Argentinanın xarici borclarından yüz milyonlarla dollarını almışdır, kasıb Latın Amerikası dövlətlərinə, xüsusilə də Boliviyaya sosial yardım proqramları ilə kömək etmişdir.

Qəzet yazır ki, bu sırada Uqo Çavesin yardımından ən çox yararlanan dövlət Kubadır. Kuba subsidiyalaşdırılmış qiymətlərlə Venesueladan gündə 100 min barel neft alır. Kuba qəzetləri Fidel Kastronun Venesuelaya dair yazdığı məqaləni dərc etmişlər: «Bizim gələcəyimiz ayrılmazdır», yaxud həmin məqalədən başqa bir sitat: «Qələbənin alternativi yoxdur». Qəzet yazır ki, Venesuela kimi bir dövlət Kuba üçün göydəndüşmədir və onun üçün az qala keçmiş Sovet İttifaqını əvəz edir.

Məqalənin yekununda Xose Forero yazır ki, Venesuelada gedən proseslər Latın Amerikasının digər populist hökumətləri tərəfindən diqqətlə izlənir. Boliviya, Ekvador, Nikaraqua, Honduras, Dominika adası Venesueladakı prosesləri diqqətlə izləyiblər, çünki bu dövlətlər, xüsusilə də Boliviya Venesueladan maddi yardımlar alırlar və bu proqramların davam edib-eməyəcəyi bu ölkədə gedən siyasi proseslərdən asılıdır. Qəzet yazır ki, hətta Vaşinqtonun yaxın müttəfiqi və Venesuela ilə münasibətləri çətin olan Kolumbiya da Venesuelada keçirilən referendumu yaxından izləyib.
XS
SM
MD
LG