Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:27

'Mixaylo kinoteatrı partladandan sonra ağlayırdı'


Nasistlərin Triest şəhərindəki qərargahı olmuş bina. Mixaylo bu binanın 1-ci mərtəbəsindəki yeməkxananı partladıb
Nasistlərin Triest şəhərindəki qərargahı olmuş bina. Mixaylo bu binanın 1-ci mərtəbəsindəki yeməkxananı partladıb

"OxuZalı"nda ən çox oxunan

O zaman 11 yaşı olan Ştoka Sreçkonun sözlərinə görə, bəzi tapşırıqları yerinə yetirmək Mixaylo üçün ağır idi…

Mixaylo üçün dinamit haradan gəlirdi?

...Adam boyu hündürlüyündə daş parçalarının arasında gəzişirik. Daşların çıxarıldığı dərəyə baxanda isə adamın başı gicəllənir - 30-40 metr aşağıda ekskavatorlar işləyir. İtaliya və Sloveniyanın sərhəd bölgələrində belə daş karxanalarının bəziləri yüz ildir fəaliyyət göstərir.

«Bax köməkçiləri Mixaylo üçün dinamiti belə karxanalardan oğurlayıb gətirirdilər. Onda bəzi karxanalar dayanmışdı, anbarlarda süxurları dağıtmaq üçün istifadə olunan çoxlu dinamit vardı».

Bunu bizə Bruno Kavçiç deyir. Mehdi Hüseynzadə haqqında əvvəlki yazılarımızı oxuyanlar onu yaxşı tanıyır, 85 yaşı var, müharibə vaxtı partizanların kuryeri - rabitəçisi olub.

Əfsanəvi qəhrəman, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadəyə - Mixayloya İtaliyanın Obçina şəhərindəki kinoteatrı partlatmaq üçün istifadə etdiyi bombanı hazırlamaqda kömək edib.

Bizim «Şkoda» avtomobili beş dəqiqə sonra karxananın həyətini tərk etməli olur, mühafizə xidməti özünü yetirir. Mən, Bruno Kavçiç, yenə də Mixaylo haqda əvvəlki yazılarımızdan sizə tanış olan Sloveniyanın Nova Qoritsa bələdiyyəsinin məmuru Andrey Kampara və tərcüməçi xanım Lukeriya Kobyevqlava kəndinə yollanırıq.

Gizli bomba sexi

Sloven dilindəki ifadəylə desək, Mixaylonun «postaya»larından, yəni gizli dayanacaqlarından biri də Kobyevqlava kəndində yerləşib. Bruno Kavçiç qabaqda, biz də arxasınca ikimərtəbəli evin birinci mərtəbəsindəki kiçik otağa daxil oluruq. Otağa gül dibçəkləri, yeşiklərdə cücərdilən müxtəlif bitkilər yığılıb. Bruno Kavçiç: «Onda bu dibçəklər yox idi, ortaya bir stol qoyulmuşdu, partlayıcını həmin stolun üstündə yığırdıq.

Bruno Kavçiç. Obçinadakı kinoteatrı partlatmaq üçün bombanı hazırlamaqda Mixayloya o, kömək edib. Bizə öz evinin eyvanındakı «müharibə muzeyi»ni göstərir

Torbalara müxtəlif cür tozlar, başqa materiallar doldururduq, sonra dinamit əlavə edirdik».

«Dobr dan». Ev sahibləri bizi slovencə, «Gün aydın» deyib qarşılayır. İndi bu evdə 90-a yaxın yaşı olan və infarktdan sonra çətinliklə danışan Herman Ostroujko öz həyat yoldaşı Mayda Kermol ilə birgə yaşayır.

Hermangil ailədə beş uşaqmışlar, onun dörd bacısından ikisi partizanların rabitəçisi olub. Ataları erkən dünyasını dəyişdiyi üçün anası onları tək böyüdüb, amma imkanlı ailə olduqları üçün korluq çəkməyiblər. Ev sahibəsinin o vaxt 55 yaşı olub, anası ukraynalı olduğu üçün rusca da danışa bilirmiş. Bundan başqa, «postaya»da qalan partizanlara yemək də hazırlayırmış.

Partizanlar ikinci mərtəbədəki otaqlarda yatırmışlar, amma onların alt qatda toplaşıb bomba düzəltdiyini heç ev sahibəsinin rabitəçi qızları da bilmirmiş. Rabitəçi qızların vəzifəsi həm də Mixaylonun alman zabiti formasını gizlətmək idi.

Həmsöhbətlərim danışır ki, Mixaylo burada iki həftə qalıb və bu müddət ərzində rabitəçilər ona ismarışlar aparıb-gətiriblər.

"Mən də Mixaylonun ağladığını görmüşəm"

«Şkoda»mız dolanbac dağ yollarıyla bizi Kobyevqlavadan Krayna Vas kəndinə aparır. Bəxtimizdən hava yaxşıdır, yollar sürüşkən deyil, maşının pəncərəsindən yazın ilıq nəfəsi duyulur. Buraların bəzəyi olan dağ meşələri hələ əlvan yaz libasını geyməyib. Amma çayların rəngi ilin dörd fəsli adamı heyrətləndirir. Havadan asılı olaraq çay suları gah mavi rəngə çalır, gah yaşıl, gah da çəhrayı...

Kobyeqlava kəndi

Əlbəttə, müharibə vaxtı partizanların beş ulduzlu otel keyfiyyəti axtarmağa nə vaxtları vardı, nə də niyyətləri.

Krayna Vasdakı «postaya»da bizi inəklər «qarşılayır». Bura elə müharibə vaxtı da tövlə olub, ev sahibləri deyir ki, o vaxt tövlədə indikindən az - 7 inək vardı.

Mixaylo və dəstəsi üçün tövlənin sol tərəfinə ağac yarpaqları töküb üstünə mələfə sərərmişlər. Gecələmək üçün tövlənin seçilməsi təsadüfi deyildi, burda ehtiyat çıxış var idi. Almanlar darvazanı döyərsə, ev sahibi partizanlara xəbərdar edəcək, onlar da dal qapıdan evin arxasındakı küçəyə çıxacaqdılar.

Tövlə ikimərtəbəli evin birinci qatında yerləşirdi, inəklərin altını təmizləyən ev sahibi Ştoka Sreçkonun onda 11 yaşı vardı, bu evdə anası, qardaşı və bacısı ilə birgə yaşayırdı:

«Biz hamımız Mixaylonu çox sevirdik. Həm bir insan kimi, həm də partizanlar arasında hamıdan məşhur olduğu üçün».

Ştoka Sreçko deyir ki, onların kəndi partizanların diversiya törətdiyi Triyest və Obçina şəhərlərinə başqa «postaya»lardan daha yaxın olduğundan Mixaylogil burda tez-tez gecələyirdilər. Obçinadakı kinoteatrı, Triyestdəki yeməkxananı partlatmağa da burdan gediblər. Ş.Sreçkonun sözlərinə görə, bəzi tapşırıqları yerinə yetirmək Mixaylo üçün ağır idi, gəlib ağlayırdı: «Mən də bir dəfə onu ağlayan görmüşəm».

Nə ağlamaq? Qulaqlarıma inanmayıb tərcüməçidən bir də xahiş edirəm ki, Mixaylonun niyə ağladığını dəqiqləşdirsin. Ştoka Sreçko deyir ki, kinoteatr kimi obyektlərin partladılmasını nəzərdə tutur: «Orda başqa adamlar da ola bilərdi».

Ştoka Sreçko deyir ki, Mixaylo üçün bəzi obyektləri partlatmaq ağır idi

Məlumatlara görə, Obçinadakı böyük açıq kinoteatr alman zabitlərinin də sevimli istirahət yeri idi və partlayış zamanı müxtəlif rəqəmlərə görə, orda 120-yəcən alman zabiti həlak olub.

Obçinanın mərkəzində yerləşmiş həmin kinoteatr artıq mövcud deyil, onun yerində indi bir cərgədə dükanlar, bərbərxana, qəzet köşkü və başqa obyektlər yerləşir.

Mixaylo Triyestdə alman zabitlərinin tez-tez getdiyi kazinonu, nasistlərə xidmət edən «Il Pikolo» qəzeti redaksiyasını və mətbəəsini də partlatmışdı. Bundan başqa…

Nasistlərin ürəyinə saplanan xəncər

...1944-cü il. Adriatik dənizinin sahilləri. İtaliyanın şimalı.

Nasistlər Triyest şəhərinin mərkəzindəki ən gözəl binalardan birini özlərinə qərargah seçmişdilər. Qərargahdakı partlayış nasistlərin düz ürəyinə saplanan xəncər idi.

Partlayışda ölənlər arasında xeyli yüksək rütbəli zabit vardı. Partlayış birinci mərtəbədəki restoranda törədilmişdi...

Keçən əsrin əvvəllərində tikilən belə gözəl üç mərtəbəli hündürtavanlı daş binalardan Bakıda da çoxdur. Onu bir alman qrafı tikdirib, amma övladı olmadığı üçün Triyest şəhərinə bağışlayıb. İndi bura konservatoriyadır. İmtahan getdiyi üçün bizdən çəkilişi tez yekunlaşdırmağı xahiş edirlər.

Birinci mərtəbənin quruluşuna sonradan dəyişiklik edilib, restoran ləğv edilib, foye genişləndirilib, divarlara konservatoriyanın dərs cədvəlləri vurulub, kiçik oranjereya yaradılıb.

Andrey Kampara deyir ki, nasistlər yeməkxanadakı partlayışdan sonra onlarla partizanı pilləkən sürahisindən asmışdı

Mixaylonun alman zabiti paltarında gəlib törətdiyi həmin partlayışda müxtəlif rəqəmlərə görə, 150-yəcən alman zabiti həlak olub.

Çox ciddi qorunan bir binada törədilən bu partlayış faşistləri elə qəzəbləndirmişdi ki, onlar qisas olaraq onlarla sloven partizanını binanın mərmər pilləkan sürahisindən asmışdılar - birinci mərtəbədən üçüncü mərtəbəyə qədər.

Əlbəttə, bu, qəzəbdən başqa həm də yerli əhalini Mixayloya qarşı kökləmək cəhdi idi.

Nasistlər həm də Mixaylonun başına qoyduqları mükafatın məbləğini getdikcə artırırdılar. Bruno Kavçiç deyir ki, 300 min marka fantastik məbləğ idi. Müharibə vaxtı yer şumlamaq üçün istifadə olunan öküzün biri təxminən min marka idi. Onun sözlərinə görə, bu, elə bir vaxt idi ki, bir çox insanlar ancaq bayramlarda ət alıb yeyirdilər, bir öküzü olan isə artıq varlı adam sayılırdı. Mixaylonun başına 300 öküz dəyərində mükafat qoyulmuşdu. Amma slovenlər öz qəhrəmanlarını dünya malına satmadılar.

Mixaylo haqda dördüncü yazının sonu

...Uşaqlıqda müharibə haqda sənədli filmlər veriləndə məni televizordan «kəlbətinlə də qoparmaq» olmazdı. Bu, həm oğlan uşağının silaha, savaşa təbii meyli idi, həm də bəşəriyyət tarixinin ən qanlı müharibəsinin təsəvvürəgəlməz dəhşətlərinin «maqnit qüvvəsi». Məni ən çox sarsıdan isə alman təyyarələrinin «qara-qara» bombaları ağına-bozuna baxmadan sovet şəhərlərinə-kəndlərinə yağdırması idi.

Amma sovet kinoxronikalarına baxarkən «bir pioner olaraq» məndə heç vaxt belə bir sual yaranmamışdı ki, bəs alman şəhərləri bombardman ediləndə, görəsən, orda nə qədər qadın, uşaq ölüb? Məsələn, tarixdən məlumdur ki, ABŞ və Britaniya aviasiyasının Drezdenə reydləri 40 minəcən şəhər sakininin həyatına son qoyub...

Mixaylonun Krayna Vas kəndində gecələdiyi ev

O vaxt bizim üçün cəbhənin o tayındakıların hamısı bir idi - ilanın ağı, qarası kimi...

Bəli, bu müharibədir! Amma görəsən, hansı tərəfdə vuruşmasından asılı olmayaraq o, pilotlardan kimsə döyüş tapşırığını yerinə yetirəndən sonra sənin kimi ağlayıbmı, Mixaylo?..

Müharibənin hər üzünü gördün, döyüşdün, ağır yaralandın, əsir düşərgəsindən keçdin, alman bayrağı altında xidmət etməyə məcbur oldun, partizanlara qoşuldun - insan həyatının yerə düşən giliz qədər dəyərsizliyinə şahid oldun. Müharibənin «məntiqiylə» sənin ürəyin gərək daşa dönəydi...

Mənim üçün o göz yaşları qəhrəmanlığın ali mərhələsidir.

Həmçinin oxuyun:

Mixaylo əslində belə ölüb, belində də bir çanta pul...

Anjelika Mixaylodan danışdı

Veselin sağdı

Mixaylonun izi ilə
Gözlə
Embed

No media source currently available

0:00 0:04:13 0:00
XS
SM
MD
LG