Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:52

«Ya qayıt bizdən ol, ya da özündən küs»


Prezident Ramzan Kadırov Qroznıda futbol oyununu seyr edir, 20 aprel 2008
Prezident Ramzan Kadırov Qroznıda futbol oyununu seyr edir, 20 aprel 2008
«Ya qayıt bizdən ol, ya da özündən küs». Çeçenistanın keçmiş prezidenti Aslan Masxadovun oğlu Anzorun sözlərinə görə, indi xaricdə yaşayan bir çox mühacirlərə zəng edib, belə hədə-qorxu gəlirlər.

Rusiya xaricində mühacir həyatı yaşayan çeçenlerin çoxları qorxu içindədir. Çünki İstanbuldan tutmuş Vyanaya qədər son bir neçə ayda öldürülən çeçen mühacirlərin qətllərinin üstü hələ də açılmayıb.

Təkcə bu ay İstanbulda 3, Vyanada isə 1 çeçen öldürülüb. Öldürülənlərin hamısı Çeçenistanda indi iqtidarda olan Moskvameylli Ramzan Kadırovun rejimiylə barışmayanlar idi.

Üstəlik, ötən həftə Ruslan Xalidov adlı mühacir bir çeçen YouTube vedeopaylaşma saytında öz videosunu yerləşdirib. Həmin videoda Xalidov iddia edir ki, Kadırovun adamları əvvəlcə ondan xoşluqla Norveçdəki çeçen diasporasının rəhbəri Maqomed Oçerhacını öldürməsini istəyiblər. O, bu tələbi yerinə yetirməyəndən sonra əvvəlcə hədə-qorxu gəliblər, sonrasa işgəncələrə və şantaja məruz qalıb.

Ruslan Xalidovun kimliyi və iddiaları hələ tam təsdiqlənməyib. Amma əvvəllər Azərbaycanda yaşayan, sonrasa ailəsiylə birgə Norveçə mühacirət edən Çeçenistanın keçmiş prezidenti Aslan Masxadovun oğlu Anzor «Azadlıq» radiosuna deyib ki, Xalidova işgəncə verdiyi deyilən adamların bəzilərini o da tanıyır. Odur ki, bu etirafların həqiqiliyinə şübhə etmir.

Çünki əvvəllər Azərbaycanda yaşayanda ona da zənglər edib-hədə qorxu gəlirdilər. Norveçə köçəndən sonra zənglərin arası kəsilmişdi. Amma bir həftə öncədən başlayaraq yenə də zənglər və hədə-qorxular başlayıb:

«Elə bu yaxınlarda, təxminən bir həftə əvvəl, bizə yenə çatdırdılar ki, bəs biz guya artıq çiçəklənən Çeçenistana qayıtmayılıyıq. Deyirdilər ki, sizin evdə - Çeçenistanda doğmalarınız var, onlardan ötrü narahat olmalısız. Yəni bizi şantaj edirdilər. Dörd dəfə zəng etdilər. Axırıncı dəfə isə, bizə birbaşa dedilər ki, əgər qayıtmasaz, özünüzdən küsün. Sizin, ya da Çeçenistandakı qohumlarınızın başına pis işlər gələcək».

Anzor kimi Avropa, Türkiyə və başqa yerlərə sığınan çeçenlərin sayı 130 mini keçir. Onların çoxu Rusiya-Çeçeninstan savaşında iştirak edən mücahidlər, indiki Kadırov rejimiylə barışmayanlar və ailələridir. Putinin adamı kimi tanınan Kadırov isə Çeçenistanda istədiyini edir. Hətta bir sıra işgəncələrdə şəxsən iştirakını da gizlətmir.

Moskvadan alınan yardımlar ilə Çeçenistanı dirçəltdiyini deyən Kadırov bir müddət əvvəl doğrudan da dünyaya səpələnən çeçenləri öz yurdlarına qayıtmağa çağırmışdı. Özünün bütün çeçen xalqının lideri-rəhbəri olduğunu sübut etmək üçün.

Vaxtilə özünü Qafqaz Əmirliyinin əmiri elan edən Musa Atuyev də çağırılanların arasında idi. Amma razılaşmamışdı. Və fevralın 26-da İstanbulda son 5 ayda öldürülən 3-cü çeçen oldu. Və bu qətldən sonra Türkiyə mediası, xüsusən də «Vətən» və «Hurriyyət» qəzetləri qətllərin arxasında Rusiya xüsusi xidmət orqanlarının durduğunu iddia etdilər. Bu qəzetlər yazırdı ki, öldürülənlərlə olaylardan bir müddət əvvəl Rusiyadan gələn naməlum soydaşları əlaqə yaratmağa çalışıblar, onları narahat ediblər. Üstəlik, qətllərin hamısı 70-ci illərdən bəri «KQB»nin də sui-qəsdlərdə istifadə etdiyi 7.62 çaplı MSP tapançası ilə törədilib.

Xaricdəki yaşayan çeçenlər də bu iddiaları çox ciddi qəbul edirlər. Onların fikrincə, Dubayda keçmiş çeçen lideri Zalimxan Yandarbiyevin, sabiq «KQB» agenti Litvinenko və Kadırovla Putindən yazan Politkovskayanın qətlləri də bu qəbildən olub. Praqada yaşayan Aslan Ayyubov deyir ki, bunlar çox qəliz əməliyyatlardır, saxta pasportlara, informasiyaya, xüsusi avadanlığa ehtiyac var. Odur ki, Ramzan Kadırovun bu qətlləri Moskvanın yardımı olmadan icra etdirə bilməsi inandırıcı görünmür:

«Sözsüz ki, hansısa konkret rus xüsusi xidmət orqanını ittiham etmək çox çətindir, ancaq çeçen hakimiyyətinin bunu təkbaşına etməsi inandırıcı görünmür».

Qafqazla bağlı araşdırmaçı Liz Fuller deyir ki, Kadırovun bu cür xaricdəki qətlləri Moskvanın razılığı və yardımıyla icra etdirməsi istisna olunmur. Amma Kadırov həm Moskvaya, həm də başqa çeçenlərə gücünü göstərmək üçün bu qətlləri öz adamlarına da sifariş verə bilərdi.

Ehtimallar öz yerində, amma Vyanada bu yaxında öldürülən çeçenlə bağlı araşdırma aparan Avstriya polisi konkret olaraq qətlin Ramzan Kadırovla bağlılığını iddia edir. Çünki öldürülən çeçen Vyanada bilavasitə Kadırova qarşı başlanacaq məhkəmədə əsas şahid idi.
XS
SM
MD
LG