Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

Hər şeyi təzədən başlamalı?


Azerbaijan – An Azeri flag x
Azerbaijan – An Azeri flag x
Sabitlik, yoxsa azadlıq? Mütləqiyyət, yoxsa demokratiya? Təəssüf ki, dövlət müstəqilliyinin 18-ci il dönümündə Azərbaycan cəmiyyəti bu suallarla qarşılaşmalı oldu. Demokratiya ilə bağlı nə vardısa, hamısı itirildi, demokratik institutlar maketə çevrildi. İctimai və siyasi cəhətdən fəal olan insanların böyük əksəriyyəti ölkəni tərk etdi. Müxalifətin zəifliyinin çoxlu sayda səbəblərindən biri də bəlkə budur.

Bu yaxınlarda müxalifət liderlərindən biri ilə söhbətdə maraqlı bir məqama toxunuldu. O dedi ki, biz öz missiyamızı başa vurduq, amma cəmiyyətimiz hələlik çox zəif olduğundan ona verilən azadlığı qoruyub saxlaya bilmədi.

Təbii ki, bu da bir yanaşmadır. Sadəcə maraqlısı budur ki, cəmiyyət də eyni sözləri müxalifət haqqında deyir. Kimdir günahkar? Müxalifət, yoxsa cəmiyyət? Əslində bu sualların bir cavabı var: günahkar cəmiyyətdə sağlam münasibətlərin hökm sürməsinə şərait yaratmayan hakimiyyətdir!

Sözsüz ki, sonuncu tezis cəmiyyətin və müxalifətin səhvlərinə bəraət qazandırmaq cəhdi deyil.

Sözsüz ki, sonuncu tezis cəmiyyətin və müxalifətin səhvlərinə bəraət qazandırmaq cəhdi deyil.
1992-93 illərdə hakimiyyətə demokratlar gəlmişdi. Onların ən böyük səhvi bu oldu ki, insanlara demokratiyanı sevdirə, demokratik dəyərləri aşılaya bilmədilər
1992-93 illərdə hakimiyyətə demokratlar gəlmişdi. Onların ən böyük səhvi bu oldu ki, insanlara demokratiyanı sevdirə, demokratik dəyərləri aşılaya bilmədilər. Belə hal təkcə Azərbaycanda baş verməyib. Tarixdən məlumdur ki, zəif demokratik rejimlər gec-tez avtoritarizm ilə əvəz olunur. Bu, xüsusən o vaxt baş verir ki, hakimiyyətdə olan demokratlar demokratiyanı unudur, özləri cəmiyyəti diktator kimi idarə etməyə çalışırlar. Onu da qeyd etmək lazımdır ki, bir il demokratiyanın bərqərar olması üçün çox azdır. Amma bu da var ki, ölkədə demokratiya uğrunda mübarizə 1988-ci ildən başlanmışdı. Artıq müəyyən təcrübə var idi. Bir illik hakimiyyət dövründə demokratik müxalifətin cəmiyyətlə rabitəsi zəiflədi, demokratlar məmurluq edə bilmədilər və nəticədə qısa zamanda hakimiyyətlə vidalaşmalı oldular.

Cəmiyyət də tez bir zamanda «dəmir əl» axtarışına başladı. Demokratiya qısa bir zamanda personifikasiya olundu - bir neçə şəxslə eyniləşdirildi.

Belə bir fikir yarandı ki, demokratiya məhz bu şəxslərdən ibarətdir. Bu, ən böyük səhv idi.

İndi bunların hamısı tarixdir. Gələcək haqqında düşünmək lazımdır. Gələcəyimiz isə çox müəmmalıdır. İndiki müxalifətdən isə nəsə gözləmək əbəsdir. Onlar özlərinin dediyi kimi «artıq missiyalarını başa vurublar».
Yeni liderlər, yeni siyasi qüvvələr lazımdır bu cəmiyyətə! Ancaq təəssüf ki, nə hakimiyyət, nə də müxalifət buna imkan vermir. Bəlkə də müxalifətin «qısqanclığı» da məğlubiyyətin səbəblərindən biridir. 1993-cü ildən sonrakı müddətin böyük hissəsi müxalifətin öz içində mübarizəyə sərf olundu. Partiyalar arasındakı rəqabət o qədər üstünlük təşkil etdi ki, hakimiyyətlə siyasi mübarizə tamamilə yaddan çıxdı. Burada hakimiyyətlə «separat» sövdələşmələri də qeyd etmək lazımdır.

Son nəticə isə çox acınacaqlıdır. Hər şeyi təzədən başlamaq lazım gələcək.

Bu, təbii ki, demokratiya və insan haqları ilə bağlı məsələlərdir. Yenidən söz azadlığı, demokratik seçki, hakimiyyətin bölgüsü, insan haqları uğrunda mübarizə aparmaq lazım gələcək.

Bir tərəfdən baxanda 18 il millətin tarixi baxımından o qədər də böyük müddət deyil. Bəzən deyirlər ki, tarix «vintvari trayektoriya» üzrə cərəyan edir. Elə bu səbəbdən geriləmələr, indiki məğlubiyyətlər çox təbii görünür.
Bu baxımdan ümid gələcək nəsillərə qalır. Amma gələcək nəslə yanlış tarix və psixologiya aşılanır.

Əslində indiki siyasi liderlərin də «yorğunluğu» bir qədər qəribə görünür. Onlar siyasətçi üçün çox normal hesab edilən yaşdadırlar. Görünür, demokratiya onlar üçün də bir o qədər də önəm kəsb etmir. Burada kiçik bir detalı qeyd etmək lazımdır. 1995-ci ildə iki partiya – AXCP və Müsavat üçün liberal proqramlar hazırlanmışdı. Burada Avropa Şurasının prinsip və dəyərləri, ümumiyyətlə liberal dəyərlər öz əksini tapmışdı. Ancaq heç bir partiyada həmin proqramları qəbul etdirmək mümkün olmadı.

Cəmiyyət hələ ki, seyrçi mövqe tutub. Sanki müxalifət partiyaları «etiraz idarələridir». Cəmiyyətin özündə bir azadlıq yanğısının olması çox vacibdir.

Azadlıq yolunu tutan çoxlu sayda millətlər var. 20-30 il bundan əvvəl kim fikirləşərdi ki, ABŞ-ın prezidenti qara dərili insan olacaq?! Amma bu, baş verdi. Ona görə də tam ümidsizliyə qapılmaq lazım deyil. Düzdür, Azərbaycanda demokratiya və insan hüquqları uğrundakı mübarizə daha çox Sizif əməyinə bənzəyir. Amma nə etmək olar?! Görünür, insanlar kimi millətlərin də taleyi olur…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG