Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

«Human Rights Watch»: «Seçkidə insan haqlarına hörmət edilmədi»


Səs: Real audio
Təşkilat hökuməti 2008-ci il prezident seçkisinin azad və ədalətli keçməsi üçün islahatları vaxtında həyata keçirməyə çağırır «Azərbaycandakı parlament seçkisində insan haqlarına hörmət edilmədi. Həm seçki öncəsi, həm seçki günü ciddi pozuntular baş verdi. Bu, bir daha göstərdi ki, söz, sərbəst toplaşma azadlığı sahəsində, seçki qanununda böyük islahatlar aparılmalıdır».



«Human Rights Watch» («HRW») Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Təşkilatının son hesabatında belə deyilir. Qurum Azərbaycan hökumətini seçki günü baş vermiş bütün qanunsuzluqları obyektiv və hərtərəfli araşdırmağa çağırır: «Beynəlxalq ictimaiyyət pozuntulara yol verənlərin cəzalandırılmasında təkid etməlidir».



«Human Rights Watch» parlament seçkisinin azad və ədalətli keçmədiyini və bunun hələ seçkidən əvvəl aydın göründüyünü bildirir. Təşkilat hökuməti 2008-ci il prezident seçkisinin azad və ədalətli keçməsi üçün islahatları vaxtında həyata keçirməyə çağırır. Qurum Azərbaycan üçün bir sıra tövsiyələr irəli sürür, Birləşmiş Ştatları, Avropa Birliyini, ATƏT-i və Avropa Şurasını bu yöndə hökumətlə işləməyə çağırır.



«Human Rights Watch» bildirir ki, «Sərbəst toplaşma azadlığı haqqında» qanuna dəyişiklik edilməli və hakimiyyətin toplantıların yerini və vaxtını məhdudlaşdırmaq imkanları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bölgələrdən Bakıya gəlib mitinqlərdə iştirak etmək istəyən müxalifət üzvlərinin qorxudulmasına son qoyulmalıdır: «Polisin icazəsiz etiraz aksiyalarının dağıdılmasında gücdən istifadə etməsi, yerli İcra Hakimiyyəti başçılarının seçki prosesinə müdaxiləsi araşdırılmalıdır. Müxalifət tərəfdarlarının qorxudulması üçün vasitə kimi istifadə olunan inzibati saxlama halları aradan qaldırılmalı, İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilməlidir. Dövlət çevrilişilə bağlı tutulanlar ya tezliklə beynəlxalq standartlara uyğun mühakimə edilməli, ya da onlar azadlığa buraxılmalıdır».



Təşkilat eyni zamanda Seçki Məcəlləsinə dəyişiklik edilərək, seçki komissiyyalarının tərkibinin dəyişdirilməsinə çağırır, media azadlığının təminatıyla bağlı bir neçə tövsiyə irəli sürür.

«Human Rights Watch» təklif edir ki, qeyri-rəsmi senzuranı araşdırmaq üçün parlament komissiyası, yaxud başqa bir qurum yaradılsın: «Bu qurum ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ilə birlikdə işləsin. İTV-nin tamamilə müstəqil olması təmin edilsin, yeni yayım lisenziyaları sistemi yaradılsın, bu proses şəffaf və aydın olsun».



Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə «Human Rights Watch»un hesabatında həmişəki kimi qərəzli məqamların çox olduğunu deyir. Ancaq o, eyni zamanda Azərbaycan qanunlarına dəyişikliklərin mümkün olduğunu bildirir.



Cənab Qurbanlının dediyinə görə, təşkilatın hesabatları əsasən müxalifətin söylədikləri əsasında hazırlandığı üçün birtərəflidir.



«Human Rights Watch»un Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqnerin hakim partiya nümayəndəsinin dediklərinə belə reaksiya verdi: «Biz məlumatları öz müşahidələrimiz də daxil olmaqla müxtəlif mənbələrdən alırıq. Bura pozuntulara tuş gəlmiş şəxslər, həmçinin hökumət rəsmiləri də daxildir».



Xanım Boqner deyir ki, təşkilatın verdiyi tövsiyələrlə bağlı hökumətin mövqeyini öyrənəcəklər.
XS
SM
MD
LG