Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

AYİB: «Azərbaycan biznesmenləri daha çox rüşvət verirlər»


Səs: Real audio
Bankın hesabatına görə, Gürcüstanda sahibkarlar gəlirlərinin 0,46 faizini, Ermənistanda 1 faizini, Azərbaycanda isə, təqribən 3 faizini rüşvət verirlər «Azərbaycan biznesmenləri erməni və gürcü həmkarlarından daha çox rüşvət verirlər». Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) MDB və Şərqi Avropa ölkələri ilə bağlı ötən ilə dair hazırladığı hesabatda belə deyilir. Sənədə görə, Azərbaycanda iqtisadi inkişafa maneə olan ən böyük amil məhz korrupsiyadır. Hesabatda deyilir ki, Gürcüstanda sahibkarlar gəlirlərinin 0,46 faizini, Ermənistanda 1 faizini, Azərbaycanda isə, təqribən 3 faizini rüşvət verirlər.



AYİB hesab edir ki, 2002-2005-ci illər ərzində Ermənistan üç göstərici üzrə - iri müəssisələrin özəlləşdirilməsi, antiinhisar siyasətinin həyata keçirilməsi və bank sistemində islahatlara görə, MDB ölkələri arasında lider olub. Hesabatda deyilir ki, Azərbaycanda siyasi vəziyyət qonşu ölkələrlə müqayisədə stabil qaldığından və seçkilərlə bağlı vəziyyət qeyri-müəyyən olduğundan bazar iqtisadiyyatına keçid tempi o qədər də sürətli deyil. Məsələn, 2002-2005-ci illərdə Ermənistanın iqtisadi muhiti qalan iki Cənubi Qafqaz dövləti ilə müqayisədə daha çox yaxşılaşdırıb. Gürcüstan bir az irəli gedib, Azərbaycan isə, demək olar ki, yerində sayıb.



Bankın hesabatına görə, 2002-ci ildən 2005-ci ilə qədər Azərbaycanda belə demək mümkünsə, arxayınçılıq müşahidə olunub, ölkə bu illərdə iqtisadi mühiti yaxşılaşdırmaq istiqamətində ciddi addım ata bilməyib. Amma makroiqtisadi göstəricilərə görə, regionda liderlik Azərbaycana məxsusdur.



«Azərbaycan iqtisadi artım göstəricilərinə görə, demək olar ki, dünya dövlətlərinin əksəriyyətini qabaqlayıb». Bunu Avropa Bankının Siyasət Şöbəsinin müdiri Samuel Fankhauzer fevralın 22-də keçirilən mətbuat konfransında deyib: «Azərbaycan kimi ikinci bir ölkə tapmaq çətindir ki, iqtisadi artım tempi belə sürətli olsun. Sizin ölkə Ümumi Daxili Məhsulun artım tempinə görə də xeyli irəlidədir».



İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov isə, hesab edir ki, bankın istinad etdiyi rəqəmlər təzə deyil, 2006-cı Azərbaycanda vəziyyət müsbət istiqamətdə xeyli dəyişib.



Avropa Yenidənqurma və İnkişaf Bankı əsasən keçid dövründə olan ölkələrə texniki və maliyyə yardımı edir. Bank bu ölkələrdəki iqtisadi vəziyyətlə bağlı hesabatı hər il hazırlayır.
XS
SM
MD
LG