Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Azərbaycanda mətbuat azaddırmı?


Dünya Qəzetlər Assosiasiyasının 3 May Beynəlxalq Mətbuat Azadlığı Gününə hazırladığı karikatura
Dünya Qəzetlər Assosiasiyasının 3 May Beynəlxalq Mətbuat Azadlığı Gününə hazırladığı karikatura

Azərbaycan nədə Qambiya və Çad kimi Afrika ölkələri ilə qonşu ola bilər? «Freedom House» deyir ki, mətbuat azadlığının vəziyyətində. İnsan haqları təşkilatı Azərbaycanı 194 ölkə arasında 161-ci yerə qoyub.


«Freedom House» dünyada media azadlığını 3 geniş kateqoriya üzrə qiymətləndirir: hüquqi, siyasi və iqtisadi mühit. Hüquqi mühit adı altında medianın məzmununa təsir edə bilən qanunlar araşdırılıb. İkinci kateqoriyada təşkilat xəbər mediasına siyasi nəzarəti öyrənib. Və nəhayət, iqtisadi mühit adıyla üçüncü kateqoriyada media sahibkarlığının strukturu, şəffaflığı, korrupsiya və rüşvətin medianın məzmununa təsiri öyrənilib.


Bütün bu amillər nəzərə alınaraq Azərbaycanda medianın vəziyyəti "qeyri-azad" kimi qiymətləndirilib. Mətbuat azadlığının geriləməsinin bir səbəbi kimi də ötən parlament seçkilərində baş verənlər qeyd olunur. Belə ki, "Freedom House"a görə jurnalistlərə polis zorakılığı olub, hökumətin müstəqil mediaya təzyiqi artıb.


Əlbəttə ki, Azərbaycanda bu fikirlə razı olanlar da var, olmayanlar da. Azərbaycan Mətbuat Şurasının üzvü Qulu Məhərrəmli düşünür ki, Azərbaycanda mətbuat azadlığının olmasını heç kəs dana bilməz. Sadəcə, son ictimai-siyasi proseslərdə bir çox mətbuat orqanları özünü doğrulda bilməyib, mətbuatda bir keyfiyyət geriləməsi baş verib:


"Əlbəttə, mətbuata məmur təzyiqləri var, jurnalistlərin döyülməsi var, amma jurnalistlər əvvəllər də döyülürdü. Ancaq mətbuat öz mübarizliyini saxlayırdı, bizdə bu mübarizlik azalıb. Səbəbsə odur ki, cəmiyyətin özünün mətbuata münasibəti dəyişib. Çünki əvvəllər daha çox ictimai maraqlardan çıxış edən mətbuat indi daha çox məhdud maraqlardan çıxış edir və buna görə də cəmiyyətin dəstəyini qazana bilmir".


Qulu Məhərrəmli reketçiliyi – jurnalist vəsiqəsindən istifadə edərək şantaj və pul qoparmaq kimi halları mətbuatın nüfuzuna ciddi xələl gətirən amil hesab edir.


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, Azərbaycanda mətbuatı azad saymaq hələ tezdir, ən böyük səbəb də medianın özü üçün pul qazanmaq imkanının məhdudluğudur. Məsələn, KİV-lərə reklamın verilməsi müxtəlif qrupların istəyinə baxır. Az qala, bütün KİV-lər siyasi kapitaldan asılıdır:


"Əgər əvvəl ictimai-siyasi məsələlərə daha çox yer verən jurnalist indi bundan qaçır və siyasi konyunktura dalınca gedirsə, bunun səbəbi verilən sifarişlə bağlıdır. Bu sifarişsə həmin media orqanına verilən sifarişlə bağlıdır. Jurnalist məcbur olur ki, fəaliyyətini davam etdirmək üçün həmin siyasi konyunktura dalınca getsin, çünki pulu onlar verirlər".


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti yaxınlarda Bakıya gələcək. O, ötən ilin yayında Azərbaycanda medianın durumuna dair hesabatında hökumətə bəzi tövsiyələr vermişdi. Mikloş Haraşti bir müddət əvvəl prezident İlham Əliyevə məktubunda Cinayət Məcəlləsində böhtana görə cəzanın, şərəf və ləyaqətin təhqiri ilə bağlı məmurların qaldırdığı məhkəmə iddialarının ləğvini və bunun əvəzində cərimələrin məbləğini artırmağı təklif edirdi. Onun səfəri zamanı həmin məsələyə həsr olunmuş seminar keçiriləcək. Mikloş Haraştinin sözlərinə görə, İctimai Televiziyanın yaranmasının bir illiyi ərəfəsində bu qurumun fəaliyyətinə də qiymət veriləcək.


XS
SM
MD
LG