Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Xüsusi qayğıya ehtiyacı olan 15 min uşaq məktəbə gedə bilmir


Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı 40 minə yaxındır
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı 40 minə yaxındır

Hazırda Azərbaycanda təhsil almaq imkanı olan 20 min əlil uşaq var. Onlardan yalnız 5 min nəfəri məktəbə gedə bilir. Hökumət isə əlilliyi olan uşaqlara ayda 120 min manat pensiya verir.


Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı 40 minə yaxındır. Bu sıraya talassemiya, taun, hemofiliya, diabet xəstəliyindən, yod çatışmazlığından əziyyət çəkənlər və əlil uşaqlar daxildir.


Bakı Psixonevroloji Dispanserində 10 minə yaxın uşaq qeydiyyatdadır. Xəstəliklərin səbəblərinə gəldikdə, həkim-psixoloq Həyat Güləhmədova deyir ki, bura qan qohumlarının nikahından tutmuş, uşaqlar doğulmazdan əvvəl valideynlərin psixoloji vəziyyətinə qədər çoxlu səbəblər daxildir.


«Çox ailələrdə stabillik yoxdur. Atanın olmaması, Rusiyaya gedib ailəsindən kənar düşməsi, valideynlərdən birinin itirilməsi uşaqların psixoloji vəziyyətinə çox mənfi təsir göstərir. Qan qohumlarının ailə qurmasıyla bu problemlər daha çox artır».


Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan birinin anası Validə Abbasova ilə söhbət elədim. O deyir ki, maddi problemlər bir tərəfə, uşaqların ünsiyyətə və qayğıya ehtiyacı daha çoxdur:


«Müşfiq pəncərədən həyətdə oynayan uşaqlara baxır, oynamaq istəyir. Ancaq əlil arabası üçün yol yoxdur. Şəhərin heç bir yerində belə yollar yoxdur. Dördüncü sinfə qədər mən onu məktəbə qucağımda aparıb-gətirdim. Kimsə də yanında olmalıydı ki, dərsə cavab verəndə, qalxmasına kömək etsin. Nə vaxta qədər belə aparıb-gətirə bilərdim».


Anası deyir ki, oğlu Müşfiqi məktəbdən ayırmağa məcbur olub. Hökumət isə əlilliyi olan uşaqlara ayda 120 min manat pensiya verir.


Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi isə təhsil almağa fiziki-əqli imkanı olan, ancaq əlil olan belə uşaqlarla bağlı hökumətə təklif göndərib. Mərkəzin əməkdaşı Elnarə Qənizadə deyir ki, hazırda Azərbaycanda təhsil almaq imkanı olan 20 min belə uşaq var. Onlardansa yalnız 5 min nəfəri məktəbə gedə bilir:


«Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı araşdırmalar apardıq. Müəyyən etdik ki, bu uşaqların təhsil hüququ pozulur. 20 min nəfərdən ancaq 5 mini təhsil alır. Təklif edirik ki, bu uşaqlar adi uşaqların oxuduğu məktəblərdə oxusunlar. Onda başqa uşaqlara daha çox qaynayıb-qarışacaqlar».


Elnarə Qənizadənin sözlərinə görə, hökumət belə uşaqların məktəblərdə təhsil almalarına şərait yaratmalıdır ki, sonradan onlar Müşfiq kimi məktəbdən ayrılmağa məcbur olmasınlar. Təkliflər sırasında sosail işçilərin ayrılması, pensiyaların artırılması daxildir.


Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyir ki, yaxın müddətdə bölgələrdə həmin uşaqlar üçün düşərgələr salınması planlaşdırılır.


Bir neçə gündən sonra isə 30-a yaxın qeyri-hökumət təşkilatı xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı milli fəaliyyət planını hökumətə göndərəcək. Onların hökumətdən istədiklərindən biri də problemli uşaqlarla məşğul olan təşkilatlara dövlətin büdcədən vəsait ayırması olacaq.


XS
SM
MD
LG