Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Koçaryan Parisə niyə getmir?


Prezidentlərin Kazan görüşü, 28 avqust 2005
Prezidentlərin Kazan görüşü, 28 avqust 2005

Ekspertlər bunu Ermənistanın daxilindəki problemlər və xarici təsirlərlə əlaqələndirir


Bir çox ekspertlər Robert Koçaryanın mayın 28-30-u Parisdə keçiriləcək NATO PA-nın plenar sessiyasında iştirakdan imtina etməsinin sülh danışıqları ilə bağlı olduğunu bildirirlər. Ancaq onlar Koçaryanın bu hərəkətinin konkret səbəbini fərqli izah edirlər. Ekspertlərin bəziləri bu fikirdədir ki, Ermənistan prezidenti Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aprılan danışaqların hazırkı mərhələsində təzyiqlərlə üzləşəcəyindən ehtiyatlandığı üçün Parisə getmək istəmir. Robert Koçaryanın NATO PA-nın tədbirinə qatılmasına Ermənistandakı daxilı vəziyyətin mane olduğunu deyənlər də var.


Milli Məclis Aparatı analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, Koçaryanın Parisə getməməsinin sülh danışıqlarına elə bir təsiri olmayacaq. Çünki prezidentlərin görüşü üçün əvvəlcədən bir sıra hazırlıq işləri başa çatdırılmalıdır. Ola bilsin ki, hələlik hər şey hazır deyil, ya də görüş üçün lazımi şərait yoxdur. Aydın Ağayev Ermənistan prezidentinin NATO-nun təbdirinə qatılmamsını ölkə daxilində baş verən hadisələrlə əlaqəli olduğunu düşünmür.


Politoloq düşünür ki, Koçaryan hakimiyyəti daxili çəkişmələr üçün hələ kifayət qədər möhkəmdir. Cənab Acayevin fikrincə, tədbirə qatılmamaqla Yerevan sülh danışıqları prosesində təzyiqlərdən sığortalanmaq istəyir.


Müsavat partiyasının başqan müavini politoloq Qabil Hüseynli isə hesab edir ki, ABŞ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sürətləndirilmiş bir plan hazırlayıb. Bu planın təqviminə uyğun olaraq tərəfləri ilk sülh sazişini imzalamağa vadar eləməyə çalışır. Məqsəd Amerikanın digər strateji planları ərəfəsində bölgədəki münaqişəli vəziyyəti müəyyən qədər hüquqi və siyasi çərçivəyə salmaqla ortaya çıxa biləcək hərbi toqquşmanı əngəlləməkdir. Politoloq deyir ki, Robert Koçaryanın Rusiyadan asılı olması və ABŞ-ın təzyiqindən yaxa qurtarmaq istəyi onun Parisə getməməsinin mühüm səbəblərindəndir.


Qabil Hüseynli də deyir ki, Robert Koçaryanın Paris görüşündən imtina etməsi ilə ölkə daxilində baş verənlər əlaqəli məsələlər deyil. Çünki, Ermənistandakı bütün siyasi qüvvələrin mövqeyi Dağlıq Qarabağ məsələsində üst-üstə düşür.


Ümumiyyətlə, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlarda Ermənistana təzyiqlərin olacağı məsələsi son vaxtlar təkcə Azərbaycandan deyil beynəlxalq aləmdən də səslənməkdədir. Belə ki, bir çox Azərbaycan ekspertləri kimi bəzi xarici mütəxəssislər də Praqa prosesinin uğurla başa çatmamasına Ermənistanın səbəb olduğunu deyirlər. Onların fikrincə, elə buna görə də beynəlxalq təşkilatlar və güc mərkəzlərinin Yerevana təzyiqi gözlənilir.


Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstututnun tədqiqat direktoru Svante Kornel deyir ki, qərb – Avropa və Amerika Dağlıq Qarabağ probleminin həll olunmasına Koçaryanın əngəl törətdiyinin Rambuedə açıq şahidi oldular. Məhz onun neqativ mövqeyi danışıqları nəticəsiz qoydu. Bu səbəbdən də problemin həllində Koçaryana təzyiq məsələsi ortaya çıxır.


Amma bütün bunlar Koçaryanın Parisə getməməsinin əsas səbəbi kimi dəyərləndirilə bilməz. Çünki, onun bu qərarına Ermənistanın daxilində baş verənlərin səbəb olduğunu bildirənlər də az deyil. Bəzi ekspertlər hesab edirlər ki, Ermənistan parlamentinin sədri, «Orinats Erkir» partiyasının lideri Artur Baqdasaryanın spikerlikdən istefası və ölkəni idarə edən koalisiyanın parçalanması sülh danışıqlarına təsir edəcək. Məsələn, «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, Koçaryanın Parisə getməməsinin əsas səbəbi Ermənistanın daxilində baş verən hadisələrdir. Bir az da konkret desək Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atacağı hər hansı addımın ölkə daxilində əleyhinə istifadə olunacağından ehtiyatlanır. Elə buna görə də daxildəki vəziyyətin müəyyənləşməsinə qədər vaxt qazanmaq istəyir.


XS
SM
MD
LG