Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri gələn il müzakirə ediləcək


Andres Herkel: «Azərbaycanda elə bir irəliləyiş görmürük»
Andres Herkel: «Azərbaycanda elə bir irəliləyiş görmürük»

Andres Herkel deyir ki, Monitorinq Komitəsinin iclasında onların Bakıya son səfərindən sonra ölkədə yaranmış siyasi reaksiyanın qəbuledilməz olması Azərbaycan nümayəndə heyətinin diqqətinə çatdırılıb


Avropa Şurası Parlament Asambleyasının (AŞ PA) iyun sessiyasında Azərbaycanla bağlı qısa hesabat dinlənəcək, ölkənin Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinə dair ətraflı məruzə isə qurumun gələn ilki yaz sessiyasına çıxarılacaq. AŞ PA Monitorinq Komitəsinin iyunun 6-da Parisdə keçirilən iclasında bu qərara gəlinib. İyun sessiyasının gündəliyinə Azərbaycan nümayəndə heyətinin mandatıyla bağlı məsələ yanvar sessiyasında qəbul olunmuş 1480 saylı qətnamənin necə yerinə yetirilməsi kontekstində salınıb.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov: «İyun sessiyasında Azərbaycanın mandat məsələsi deyil, həmin qətnamənin və öhdəliklərin necə yerinə yetirilməsi müzakirəsi olunacaq. Azərbaycanla bağlı yeni hesabatda isə, həm tənqidi, həm də müsbət məsələlər əks olunub».


Cənab Seyidov deyir ki, iyun sessiyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edəcək. 6 noyabr seçkisindən sonra nümayəndə heyətində iki yer boş idi.


AŞ PA-nın növbəti sessiyası iyunun 25-dən 30-dək davam edəcək.


AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel də «Azadlıq» radiosuna müsahibəsində Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin iyun sessiyasında müzakirə mövzusu olmayacağını deyir: «Bu dəfə biz bunu təklif etməyəcəyik. Biz gələn ilin aprelinə geniş hesabat hazırlayacağıq. Eyni zamanda Azərbaycanda elə bir irəliləyiş görmürük. Təkrar seçkini izləmiş missiyanın qeyd etdiyi irəliləyiş yalnız texniki məsələ idi, seçkinin mahiyyəti dəyişmədi. Seçki Məcəlləsinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişiklik edilməyib. Jurnalistlər, xüsusilə cənab Həziyev dəhşətli təzyiqlərə məruz qalıb. Biz daha çox irəliləyiş görmək istəyirik. Buna görə də gələn ilin əvvəlinə daha geniş hesabat hazırlayacağıq».


Cənab Herkel deyir ki, Monitorinq Komitəsinin iclasında onların Bakıya son səfərindən sonra ölkədə yaranmış siyasi reaksiyanın qəbuledilməz olması Azərbaycan nümayəndə heyətinin diqqətinə çatdırılıb.


Hakim Yeni Azərbaycan Partiyasının AŞ PA-ya göndərdiyi bəyanatda deyilirdi ki, həmməruzəçilər Azərbaycan iqtidarını təhqir etdiyinə görə cəzalandırılmalıdır.


XS
SM
MD
LG