Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:28

Uşaqlar təhsildən niyə yayınır?


Zirə qəsəbəsində orta məktəb, 12 oktyabr 2006
Zirə qəsəbəsində orta məktəb, 12 oktyabr 2006
Bakıda yaşayan Səbinənin 15 yaşı var. Paytaxtın Binəqədi rayonunda yerləşən məktəblərin birində oxuyurdu. Ona görə oxuyurdu deyirəm ki, dörd il əvvəl o, məktəbdən çıxıb. Deyir ki, təhsildən atasının təkidilə ayrılıb. Onun sözlərinə görə, atası deyib ki, «onsuz da oxumursan, məktəbə nəyə gedirsən?» Səbinə pis oxusa da, məktəbdən çıxmaq istəmirmiş, amma işləməyən valideynlərinin ona ayaqqabı almağa belə pulu olmadığından, o da cırıq ayaqqabı ilə dərsə getmək istəmədiyindən məktəbdən çıxmalı olub.

Orta təhsildən yayınanların arasında Səbinə tək deyil. Statistika məktəblilərin 50 faizinin son siniflərə çatmadığını göstərir.

Bu rəqəmlər 2008-2015-ci illərdə Azərbaycanda Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramının təhsillə bağlı hissəsində əksini tapıb.

Həmin proqramın hədəflərindən biri 2015-ci ilə qədər ölkədə yaşayan bütün məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsidir.

Proqram tərtibatçılarının Statistika Komitəsindən aldığı məlumata əsasən, 2007-ci ilin monitorinq və baza ilinin göstəricisinə görə, 6-9 yaş qrupu arasında ibtidai təhsilə uşaqların 94 faizi cəlb olunub. Əsas təhsil üzrə, yəni 5-9-cu siniflərdə oxumalı uşaqların isə yalnız 80 faizi 9-cu sinfi bitirir. 10-11 sinifdə oxumalı uşaqların 50 faizdən çoxu isə kənarda qalır.

2008-2015-ci illərdə Azərbaycanda Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramından çıxarış

Strateji məqsədlər Hədəflər Monitorinqlər və baza ilinin göstəriciləri
Təhsil sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması 2015-ci ilin sonunadək məktəbyaşlı uşaqların ümumi təhsil almalarını (I-XI sinif) tam təmin etmək Xalis qeydiyyat əmsalı (2007)
İbtidai təhsil üzrə – 94,9 faiz
Əsas təhsil üzrə-79.9 faiz
Orta təhsil üzrə -48,8 faiz

Təhsil Nazirliyində bu rəqəmləri şübhə altına aldılar. Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən mütəxəssisi deyir ki, 10-11-ci sinifdə oxumamaq o demək deyil ki, bu uşaqlar təhsildən kənarda qalır, onlar peşə məktəblərinə, texnikumlara yönəldilir. Amma bu uşaqların sayı heç də göstərildiyi kimi, 52 faiz deyil. Onların fikrincə, 10-14 yaşlı uşaqların 20 faizə qədərinin təhsildən yayınmasıyla bağlı göstərilən rəqəm də reallığı əks etdirmir.

Statistika Komitəsindən isə «Azadlıq» radiosuna bildirdilər ki, onların hesablamasında yanlışlıq ola bilməz.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev də deyir ki, dövlət proqramında göstərilən bu rəqəmlər ciddi narahatlıq doğurur və ölkədə təhsilin səviyyəsinin aşağı olduğunu göstərir:

«Mənə elə gəlir ki, nəinki hökuməti, Azərbaycan ictimaiyyətini narahat eləməlidir ki, cəmiyyət kütləvi savadsızlığa gedir. Və təsəvvür edin ki uşaqlar orta məktəbi qurtara bilmirlərsə, deməli, onlar ali təhsil də ala bilmirlər».

O ki qaldı Təhsil Nazirliyinin dövlət proqramında əksini tapmış rəqəmlərə şübhə etməsinə, Rövşən Ağayev onu da deyir ki, əgər prezidentin imzaladığı bir vacib dövlət sənədində baza informasiyası yanlışdırsa, deməli, onun icrasında da yanlış qərarlar olacaq:

«Bir strukturun ciddi bir dövlət proqramının hazrlanmasında verdiyi rəqəmlər səhvdirsə, onda ölkə rəhbərliyi səviyyəsində ölçü götürülməlidir ki, çox ciddi bir sənədin hazırlanmasında verilən məlumat bazası niyə səhvdir? Onda belə çıxır ki, biz bu sənədin bütün məlumatlarına şübhəylə baxmalıyıq ki, reallığa uyğun deyil? Bu cur sənədləərin məlumatları səhihliyi həddindən artıq vacibdir. Məlumatlarsa səhv varsa, deməli, proqramın icrasında, onun nəticələrinin əldə olunmasında səhvlər olacaq».

Bakı şəhər Təhsil İdarəsinin Təhsil Şurası isə ötən həftə məhz icbari təhsildən yayınmayla bağlı iclas keçirib. İdarənin şöbə müdiri Bəhmən Nəbiyev deyir ki, Şurada bu yöndə aparılan araşdırmaların nəticələri müzakirə olunub. Araşdırmaya görə, 9-cu sinfi bitirənlərin arasında təhsildən yayınmada kütləvi hal müşahidə edilib. Aşağı siniflərdə isə bu hal tək-tükdür. Bəhmən Nəbiyev deyir ki, ərazisində bu cür hallar müşahidə olunan məktəb direktorlarına ciddi tapşırıqlar verilib.

Bəhmən Nəbiyevin sözlərinə görə, əgər şagirdin icbari təhsilinə valideyn mane olursa və aparılan söhbətlər kömək eləmirsə, onlar hüquq-mühafizə orqanlarına müraciət eləyirlər.

Bəs uşaqlar hansı səbəblərdən təhsildən yayınırlar? Bəhmən Nəbiyev bunun səbəbini uğursuz ailələrdə görür. Himayədar Humanitar Təşkilatın sədri Himayət Rizvanqızı isə deyir ki, şagirdlərin orta təhsildən yayınmasının əsas səbəbi yoxsulluqdur:

«Əslində yoxsulluqdan çıxmağın ən yaxşı yolu təhsildir. Amma yoxsulluq uşaqların məktəbdən qalmasına ciddi təsir göstərir. İkinci səbəb isə alverçilərin ali təhsillilərdən yaxşı yaşamasıdır. Bir səbəb də pulu təhsilin pulsuz təhsili sıxışdırmasıdır. İndi repetitorluq geniş yayılıb. Hər valideynin isə öz uşağını repetitora qoymaq imkanı yoxdur».

Ekspertlər hesab eləyirlər ki, ölkədə bütün uşaqların orta təhsilə cəlb olunmasıyla bağlı Dövlət Proqramında göstərilən hədəf kağız üzərində qalmamalıdır və bu yöndə ciddi tədbirlər həyata keçirilməlidir.
XS
SM
MD
LG