Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

«Donuz qripi» haqda bunları bilmək maraqlıdır


Lvovda yeni evlənənlər, 31 oktyabr 2009
Lvovda yeni evlənənlər, 31 oktyabr 2009

«Donuz qripi» nədir?
«Donuz qripi» ilk dəfə donuzlarda müşahidə olunmuş nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Artıq çoxdan H1N1 adlanan bu virus insandan-insana keçən forma alıb.

Əvvəllər də «donuz qripi» epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda dünyada yayılan virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.

İlk dəfə nə vaxt aşkar edilib?

Bu virus 2009-cu il martın sonu, aprelin əvvəlində Meksikadan yayılmağa başladı. Artıq demək olar ki, dünyanın əksər ölkələrində yayılıb və dünya Səhiyyə Təşkilatı artıq onu dünya üzrə bir pandemiya elan edib.

H1N1 virusu adi qrip kimi olduqca tez yayılan virusdur. O, xəstənin asqırdığı havadan, xəstə ilə təmasdan burun və ağızla bədənə daxil olur.

Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009


Hansı əlamətləri var?

Xəstəliyin əlamətləri adi qripin simptomlarını xatırladır:

- Hərarətin qalxması,
- Öskürək,
- Boğaz ağrısı,
- Baş ağrısı,
- Üşümə və zəiflik.


Bəzi xəstələrdə qarın işləməsi və qusma halları qeydə alınıb.

Necə qorunmaq olar?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Sualın ən yaxşı cavabı belədir: gigiyena qaydalarına daha intizamlı əməl etməklə. Əlləri tez-tez sabunla yumaq və yuyulmamış əllərini sifətə vurmamaqla daha yaxşı qorunmaq olar.

Həkimlər adi qrip zamanı verdikləri məsləhətləri təkrar edirlər:

- Əlləri sabunla tez-tez və yaxşı-yaxşı yumaq,
- Xəstə adamlarla yaxın kontaktdan çəkinmək,
- Birdəfəlik burun dəsmallarından istifadə etmək və burunu siləndən sonra onu dərhal atmaq

Qrip maskası nə qədər kömək edə bilər?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Peşəkar həkimlər deyirlər ki, yalnız qrip üçün tibb müəssisələrində xüsusi hazırlanmış maskalardan istifadə etmək lazımdır. Adi parçanı kəsib maska kimi istifadə etməyin bir faydası yoxdur.

Londondakı virusoloq həkimlər AzadlıqRadiosuna belə bir misal gətiriblər:

Təsəvvür edin ki, artıq qripsiniz və maska geyinibsiniz. Bu halda, asqıranda ətrafdakıları qripdən qoruyursunuz. Amma maskanı sağlam vaxtı geyinirsinizsə, o, tezliklə nəfəsinizdən yaş olacaq və bir şey qoruya bilməyəcək.

Londonda həkimlər deyirlər ki, hansısa ölkədə adamların adi parçadan istifadə etdiyini görəndə dərhal onlara aydın olur ki, bu ölkədə hökumət öz vətəndaşlarını pandemik xəstəliklərlə bağlı düzgün maarifləndirməyib.

Nə qədər təhlükəlidir?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Londonda virusologiya üzrə mütəxəssis Con Oxford AzadlıqRadiosuna deyib ki, H1N1 başqa qrip viruslarından daha təhlükəlisidir. Çünki o, ağciyərin daha dərinliklərinə qədər gedə bilir.

Con Oxford bildirir ki, indiyə qədər dünya üzrə müşahidələr hamilə qadınların və azyaşlı uşaqların H1N1 virusuna daha tez yoluxduğunu göstəririr.

H1N1 virusunun bütün əlamətləri adi qripin əlamətləri ilə eynidir. Amma laboratoriyada müayinə etmədən virusun adi qrip, yoxsa, məhz H1N1 olduğunu demək mümkün deyil.

2009-cu il oktyabrın 30-na olan məlumata görə son altı ay ərzində dünya üzrə 5700-dən çox adam H1N1 virusundan ölüb.

Mövsümi qriplər kimi «donuz qripi»nin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir.

Müalicəsi varmı?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Bəli, həkimlər təlaşa ehtiyac olmadığını deyirlər. H1N1 adi qripdən bir az ciddi olsa da hətta, ona tutulmuş xəstələr bir neçə günlük müalicədən sonra sağalırlar.

Dünya Səhiyyə Təşkilatı dövlətləri öz xalqı arasında gigiyena qaydaları barədə maarifləndirmə işlərini genişləndirməyə, “Tamiflu” and “Relenza” kimi antivirus dərmanların ehtiyatını yaratmağa çağırıb.

Peyvənd varmı?

Bəli, Avropada əsas risk qrupları hesab olunan azyaşlıları və xəstələrlə məşğul olan həkimləri peyvəndləyirlər.

Azərbaycanın Səhiyyə Nazirliyi Bakıya da peyvəndlər gətirildiyini bildirir.

Xəstəlik ərzaqla keçirmi?

Xeyr, «donuz qripi»nə ərzaq və qida məhsulları ilə yoluxmaq təhlükəsi yoxdur.

“AZADLIQ” RADİOSUNUN İNTERNET SAYTINA MOBİL TELEFONUNUZLA DA BAXA BİLƏRSİNİZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.
XS
SM
MD
LG