Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:41

Mətbuatın problemi, ya problemin mətbuatı?


Əflatun Amaşov: «Azərbaycan mətbuatının 65-75 faizini yalan, «reket» mətbuatı təşkil edir»
Əflatun Amaşov: «Azərbaycan mətbuatının 65-75 faizini yalan, «reket» mətbuatı təşkil edir»

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirir ki, Azərbaycan mətbuatının 65-75 faizini yalan, «reket» mətbuatı təşkil edir. İyunun 23-də «Azadlıq» radiosunun canlı efirində mətbuatın vəziyyətinə dair müzakirədə cənab Amaşov qeyd etdi ki, Azərbaycan mətbuatının yarıdan çoxu şüurlu şəkildə böhtan atır. Onun fikrincə, ciddi, siyasi yönlü mətbuat vasitələrində isə başqa problem var: «Onlar bilərəkdən faktları özləri bildiyi kimi yazırlar. İqtidaryönlü mətbuat vasitələrinə baxsanız, sanki Azərbaycanda müxalifət yoxdur. Müxalifətyönlü mətbuata baxsanız, sanki Azərbaycanda iqtidar yoxdur. Ölkə dərəbəyilik içərisindədir».


Müzakirədə iştirak edən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovsa qəzetlərin bilə-bilə yalan yazdıqlarına o qədər də inanmır: «Bəli, bəzilərinin səbri çatmır, informasiya əldə edə bilmədiyinə görə əsəbiləşir və bildiyini yazır. Baxmayaraq ki, onu sübut edə bilməyəcək. Hətta «reket» jurnalistlərin belə nadir hallarda ağlına gələ bilər ki, bilə-bilə yalan yazsın, kimlərəsə iftira atsın. Varsa belə, jurnalist onu bilə-bilə etmir, başının üstündə duran, həmin jurnalistə çörək verən adamın hədə-qorxusu nəticəsində edir».


«Realnı Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev isə düşünür ki, əvvəlcə mətbuatın təsnifatını aparmaq lazımdır. Onun fikrincə indiki qəzetləri bu qruplara bölmək olar: birincisi, ictimai fikri formalaşdıran ciddi qəzetlər, ikincisi isə dövriliyi bilinməyən «reket» qəzetlər: «İldə, iki ildə və yaxud altı aydan bir çıxan qəzetlər var və hesab edirəm ki, hüquq-mühafizə orqanları qanunvericilik çərçivəsində bu qəzet deyilən vərəqələrin fəaliyyətinə xitam verə bilər. Görünür, hansısa dövlət məmurları bu qəzetlərin nəşrində olduqca maraqlıdırlar».


«Realnı Azərbaycan» qəzetinin baş redaktoru iddia edir ki, Azərbaycanda şərin, təhqirin əsasını qoyan məhz iqtidar mətbuatı olub: «Yadınızdadırsa, 1998-ci ildə Yeni Azərbaycan partiyasına yaxın olan «Səs» qəzeti Lalə Şövkətlə Flora Kərimovanı təhqir etmişdi… Mən onunla razı deyiləm ki, sonradan bəzi müxalifət qəzetləri bunun cavabını verdi. Amma prosesin bünövrəsi bundan başladı…»


O ki qaldı müxalifət və ya iqtidar qəzetlərində ifratçılıq, məlumatların qeyri dəqiqliyinə, Eynulla Fətullayevə görə, bu məsələnin bünövrəsini də məhz iqtidar qoyub: «Azərbaycanda informasiyanın şəffaflığı təmin olunmayıb. Əfsuslar olsun ki, rəsmi mətbuat xidmətləri jurnalistlərə informasiya vermirlər. Yəni məhz iqtidar, hökumət bu atmosferi sağlamlaşdırmalıdır…».


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov da söhbət əsnasında bildirdi ki, Azərbaycanda «informasiya xuliqanlığı» varsa, bu bütünlükdə müzakirə olunmalıdır. Bu müzakirə təkcə qəzetləri əhatə etməməlidir: «Bütün mətbuat şəbəkəsini bir yerə toplasan, bir dənə televiziyanın effektini vermir. Azərbaycanda informasiya mühitini korlayanlar da məhz televiziyalardır... Ona görə də Azərbaycan cəmiyyətinin informasiya təhlükəsizliyi, Azərbaycanda mili-mənəvi dəyərlərə, siyasi gerçəkliklərə uyğun informasiya təminatı problemləri müzakirə olunanda, hökmən televiziyalar və qəzetlər birlikdə götürülməlidir».


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə tarixi araşdırmamağın tərəfdarıdır: «Axtarsaq ki, ilk dəfə daşı kim atdı, mən elə bilirəm ki, uzun müddət biz axtarışda olacağıq. Ona görə də heç nəyə fikir vermədən, keçmişə qayıtmadan, real vəziyyəti nəzərə alıb biz mətbuatı mütləq müstəqilləşdirməliyik» - deyə cənab Amaşov bildirdi.


DİNLƏYİN!


XS
SM
MD
LG