Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:08

Fərhad Əliyev iyul ayının 6-da 48 saatlıq aclıq aksiyası keçirmək qərarına gəlib


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev artıq 9 aydır ki, həbsdədir
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev artıq 9 aydır ki, həbsdədir

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsi müraciət yayıb. Müraciətdə bildirilir ki, Fərhad Əliyev iyul ayının 6-da 48 saatlıq aclıq aksiyası keçirmək qərarına gəlib.


Sabiq nazirin vəkili Elton Quliyevin imzaladığı sənəddə deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılan Fərhad Əliyevin səhhətində yaranan problemlər və həbsi ilə əlaqədar dəfələrlə edilən müraciətlər heç bir nəticə verməyib. «Onun barəsində istintaq ilk gündən qərəzli aparılır və qəsdən ləngidilir. Eyni zamanda yaxınlarına təzyiq edilir və təqib olunur. Yaxın qohumlarının hamısı işdən çıxarılıb, bir çoxu həbsə alınıb və qanuna zidd olaraq əmlakları üzərinə həbs qoyulub». Müraciətdə bildirilir ki, istintaq orqanı onun təqsirini sübut edəcək bir dəlil ortaya qoymadığı halda dəfələrlə onun cinayətkar olduğu barədə bəyanatlar verib.


«Fərhad Əliyevin aclıq aksiyası yol verilən haqsızlıqlara etirazdır. Özü və yaxınları barəsində baş alıb gedən qanunsuzluqlara son qoyulmayacağı təqdirdə Fərhad Əliyev daha radikal addımlar atacağını bildirib».


MTN rəsmisi Arif Babayev keçmiş nazirin onların təcridxanasında saxlanmasına baxmayaraq, istintaqı Respublika Prokurorluğunun apardığını dedi. Buna görə də cənab Babayev istintaqın gedişi və Fərhad Əliyevin iddiaları ilə bağlı sualları prokurorluğa ünvanlanmağı tövsiyə etdi.


Respublika Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyevsə istintaqın yubadılması və qanunsuz təzyiqlərin olmaslıyla bağlı ittihamları təkzib edir. Vüqar Əliyevin sözlərinə görə, ibtidai istintaqı aparan orqan özü də yaxın müddətdə istintaqı bitirməkdə maraqlıdır. «Amma ittihamlar və işin özü sadə olmadığından daha dəqiq və konkret araşdırmalara ehtiyac var». Fərhad Əliyevin səhhətindən şikayət etməsinə gəlincə, Vüqar Əliyev bildirdi ki, dəfələrlə keçmiş nazirə istintaq təcridxanası və penitensiar sistemin Avropa standartlarına uyğun tibb müəssislərində müalicə olunmaq təklif edilib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev artıq 9 aydır ki, həbs edilib və MTN-in təcridxanasında saxlanılır. Fərhad Əliyev və qardaşı Rafiq Əliyev ötən il oktyabrın 19-da həbs ediliblər. F.Əliyev dövlət çevrilişinə cəhddə, R.Əliyev isə pul qaçaqmalçılığında ittiham olunur.



XS
SM
MD
LG