Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

AB payızadək «Yeni Qonşuluq Siyasəti» haqda sənədi imzalamaq istəyir


Hazırda Avropa Birliyinə üzv dövlətlərin sayı 25-dir
Hazırda Avropa Birliyinə üzv dövlətlərin sayı 25-dir

İyulun 17-də Bakıda Azərbaycanın Avropa Birliyinin (AB) «Yeni Qonşuluq Siyasəti»nə qoşulması ilə bağlı danışıqların üçüncü mərhələsi başlanıb. Danışıqlarda Fəaliyyət Planı ilə bağlı AB və Bakının razılaşmadığı siyasi və iqtisadi məqamlar müzakirə olunur. Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə danışıqların nə qədər davam edəcəyi və tərəflərin hansı nəticələr əldə etdikləri haqda heç nə deyə bilməyəcəyini bildirir.


Tahir Tağızadə: «Avropa Birliyinin niyyəti dəyişməz qalır. Onlar Cənubi Qafqazın üç ölkəsi ilə danışıqları payızda başa çatdırmaq və sazişlər bağlamaq istəyirlər».


Amma sənədin payızda imzalanması üçün Bakı bir neçə şərti yerinə yetirməli və yaranmış anlaşılmazlıqları aradan qaldırmalıdır. Tərəflər arasında narazılıq Azərbaycan hökumətinin tanınmamış Şimali Kipr Türk Cümhuriyyəti ilə iqtisadi əlaqələr yaratmaq cəhdindən və bu ölkəyə təyyarə reysinin açılmasından sonra yaranıb. Amma ekspertlər hesab edirlər ki, bu mərhələ artıq geridə qalıb. Bakı reyslərlə bağlı sona qədər dirəniş göstərmədi deyə, bu məsələ qapanmış sayıla bilər. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: «Mən inanmıram ki, Azərbaycan Avropa Birliyi ilə münasibətləri kənara qoyub Kiprlə əlaqələrə üstünlük versin. Bu, münasibətləri gərginləşdirə bilər».


O ki qaldı Fəaliyyət Planı ilə bağlı şərtlərə, yəni qanunvericilik sahəsində, iqtisadiyyatda islahatların aparılmasına, insan haqları və demokratiyanın vəziyyətinin, o cümlədən, idarəetmənin Qərb standartlarına yaxınlaşdırılmasına, ekspertlər hesab edirlər ki, bu sahədə ciddi problem yoxdur. AB ilə Bakı arasında bütün şərtlər demək olar ki, razılaşdırılıb. Azərbaycan istəsə, sənəd çox tez zamanda imzalana bilər. Yaxınlarda AB-də bir sıra görüşlər keçirən «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: «AB-də mənə bildirdilər ki, Azərbaycan özü sənədə imza atmağa tələsmir».


Cənab Oruclu deyir ki, bu da Bakının tarazlı xarici siyasəti ilə bağlıdır, Azərbaycan hələ də Rusiya ilə Qərb arasında manevr etməyə çalışır. Ekspertə görə, əslində, Azərbaycanı iqtisadi və ya siyasi islahatları və sənəddə imza etdiyi digər şərtləri yerinə yetirməsi o qədər də narahat etmir. Çünki digər beynəlxalq qurumlar qarşısında üzərinə götürdüyü öhdəliklərini heç də həmişə yerinə yetirmir və yenə də belə olacaq.


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə, hesab edir ki, AB ilə əməkdaşlığın öz üstünlükləri olacaq. Avropa Şurasına üzvlük Azərbaycanda heç də bütün problemləri yoluna qoymasa da, bir sıra məsələləri, məsələn, siyasi məhbus problemini qismən həll etdi. Avropa Birliyi ilə əməkdaşlıq da Azərbaycana yeni iqtisadi standartlar gətirəcək və onların qismən də olsa gerçəkləşməsi az əhəmiyyət daşımır.


Bu ilin əvvəllərində Azərbaycanda səfərdə olan Avropa Komissiyasının komissarı Benito Ferrero Valdner bildirmişdi ki, qanunun aliliyi, demokratikləşmə, insan haqları AB-nin istənilən fəaliyyət planının əsasını təşkil edir. Eyni zamanda, Azərbaycanın Avropa Birliyi bazarına inteqrasiyası onun üçün yeni imkanlar vəd edir.
XS
SM
MD
LG