Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:06

Bəzən ədəbi tənqid yazıçı ilə oxucu arasına “girməyə” aciz qalır


Səadət Cahangir "Oxu zalı"na göndərdiyi bu məqaləsi ilə yazıçı Zümrüd Yağmurun "Allah qayıdır?!" romanının müzakirəsinə qoşulur.


Azərbaycan ədəbi mühitində gedən bugünkü mübahisələr sanki sovet dövrünün ab-havasını xatırladır.

Bəzi yazarlar siyasi məsələləri gündəmə gətirdiyi üçün ittiham olunur, bəziləri qərb yazarlarını yamsıladığı üçün, bəziləri də ədəbiyyata dəxli olmayan şeylər “uydurduğu” üçün.

Şübhəsiz, əsrlərdən bu yana həyatın insana ünvanladığı əbədi suallara cavab axtaran ədəbiyyat əhlinin özləri kimi fikirləri, düşüncələri, yaratdığı nümunələr də fərqlidir.

Qəribə olsa da, bəzən oxucu kütləsi ədəbi tənqidin daha çox hədəf seçdiyi əsərləri oxuyur.

Bu, dünyanın çox yerində belədir. Müqayisə üçün günümüzdə daha çox təriflənən və tənqid olunan ədəbiyyat nümunələrindən hansıların daha çox satıldığı ilə maraqlanın.

Əgər haqlı-haqsız tənqid yağmuruna tutulan nümunələr reytinq baxımından “yüksək ədəbi dəyərə malik” əsərlərdən xeyli irəlidədirsə, boşluq hardadır?


"Anlamıram, bir yazıçıya siyasi prosesləri yazmaq nə zamandan qadağan edilib? Bu, sovet dövründə “milli”, “siyasi” baxışlarına görə damğalanan yazıçıların üzləşdiyi problemlərə bənzəmir ki? Onda 37-ci illərdə repressiya qurbanı olan şair və yazıçıarın bu ruhda yazılmış əsərləri necə olsun?"
Ədəbi tənqid qərəzlidir, yoxsa oxucu zövqsüzdür?

Hər gün dünyada yüzlərlə ədəbiyyat nəşr olunur. Ədəbi tənqidin rəyindən asılı olmayaraq, bu nümunələrin müəyyən bir hissəsi kitab rəflərinə çıxaraq öz oxucusunu tapır və böyük uğur qazanır.

Belə bir durumda əsasən ədəbi tənqid də yazıçı ilə oxucunun arasına “girməyə” aciz qalır.

Gənc yazar Zümrüd Yağmurun “Allah qayıdır?” romanını da bu qəbildən olan ədəbiyyat nümunəsi hesab etmək olar. Yəni tənqidçilər işə başlamamışdan əvvəl o artıq rəflərdə yerini tutub, oxucusunu da tapıb.

Müşahidəmə görə, bu əsərlə bağlı verilən rəylərdə sanki siyasi proseslərin ədəbiyyata gətirilməsi ilə bağlı bir qınaq, bir ittiham var.

Anlamıram, bir yazıçıya siyasi prosesləri yazmaq nə zamandan qadağan edilib?

Bu, sovet dövründə “milli”, “siyasi” baxışlarına görə damğalanan yazıçıların üzləşdiyi problemlərə bənzəmir ki?

Onda 37-ci illərdə repressiya qurbanı olan şair və yazıçıarın bu ruhda yazılmış əsərləri necə olsun?

Qələm sahibi yaşadığı cəmiyyətin problemlərini, insanların ağrılarını, faciəli insan talelərini yazmayıb da, nə yazsın? Bu halda, onu yazar deyə qəbul edən olacaqmı?

Deyə bilərsinizmi, ədəbiyyat üzrə Nobel mükafatı alan müəlliflərin hansının yaradıcılığından siyasət yan keçib?

Tənqidə qalınca, Mübarəki, Qəzzafini, Salehi prototip seçən yazarı qınaq obyektinə çevirməyin ədəbi tənqidə dəxli yoxdur.

O zaman öz diktator obrazı üçün real həyatdakı onlarla qəddar hakimiyyət başçısını saf-çürük edib, sonda “Patriarxın payızı”nı yazan Markes ən böyük “günahkardır”.

Amma üzərinə vurğu düşən əsas məqam qarşıya qoyulan məqsədin bədii həllinə hansı səviyyədə nail olunmasıdırsa, bu başqa məsələ...

Ola bilsin ki, yazıçı “Allah qayıdır?” əsəriylə düşündüyü məsələlərin tam uğurlu bədii həllini verə bilməyib.

Məncə, Zümrüd xanım özü də tənqidlərə münasibətdə belə bir iddiada olduğunu sərgiləməyib. Hər bir əsərin güclü və zəif tərəfləri var, uğurlu və uğursuz cəhətləri var.

Əsası, yazılan ədəbiyyat nümunəsi ilə ədəbi mühitə səs gətirə bilmək, orada diqqət mərkəzinə çıxa biləcək məsələlərin müzakirəsinə nail olmaq, yeni yolda olanların iziylə getməkdir.

Lap Zümrüd xanım bu əsərində tənqidçilərin bəhs etdiyi məqamlara nail olmasa belə, ortaya cəsarətli, diskussiya doğuracaq bir məhsul qoyub.

O, indiyə kimi Azərbaycanda çoxlarının yazmağa cürət etmədiyi problemləri gətirib ədəbiyyata.

Bəlkə, onun qüsurlarının bir qismini də indiyə qədər dünya çapına mükəmməl bir bədii əsər çıxara bilməməyimizə, ədəbi ənənələrimizin zəifliyinə yazaq elə?

Son illər Türkiyədə çap olunan onlarla kitab oxumuşam. Onların arasında günümüzün siyasi çalarlarını əks etdirən əsərlər də var.

Satış reytinqi çox yüksək olan həmin əsərlərin müəllifləri qardaş ölkədə ən populyar yazarlar sırasında yer alır. Ədəbi tənqidə gəlincə...

Əsərləri haqqında tənqidçilərin dediklərinə hörmətlə yanaşdığını söyləyən bu yazarlar cəsarətlə yollarına da davam edirlər. Ən böyük tənqidçinin də oxucu olduğunu düşünürlər. Bəlkə onlar daha haqlıdırlar?

Bəzən ədəbi tənqidin dönə-dönə öydüyü kitabların illərlə əl dəymədən satış mağazalarında yığılıb qaldığını görəndə başqa nə düşünəsən?

Həmçinin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Cavanşir Yusifli. Əsl hadisə xarabazarlığı
Nərmin Kamal. Yaşadığımız ölkə haqqında öfkə
Tehran Əlişanoğlu. Qrotesklə illüstrələr arasında
Kənan Hacı. Həqiqətən də Allah qayıdır
XS
SM
MD
LG