Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:52

Xurşidbanu Natəvan. Rəqib töhməti etdi məni cüda, ey dust!


Rəqib töhməti etdi məni cüda, ey dust!
Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!

Əgər ki, tiğ çəkib öz əlinlə öldürəsən,
Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust!

Kənardan baxaram mən həqir həsrətlə,
Bu yaxşı şiyvə deyil, olma bivəfa, ey dust!

Rəqibə xoşdur həmişə, məni kənar etsin,
Fəda o himmətinə, olma sən riza, ey dust!

Nə tab hicrinə vardır, nə taqətim səbrə,
Bunun əlacı ki, mümkün deyil mana, ey dust!

Sənin bu hüsnünə layiq ki, heyf, əhdin yox,
Nə qədər səy elədim, tapmadım dəva, ey dust!

Bəli, bu hicrin ilə mən həmişə xoşhaləm,
Görək ki, neyləyəcək axırı qəza, ey dust!

Rəqib görməsin, allah, visali-işrətini,
O səpdi tuxmi-fəraqı, görüb rəva, ey dust!

Çağırram allahımı hal, Natəvan ilə
Məgər ki, tez verə həq düşmənə cəza, ey dust!
XS
SM
MD
LG