Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:00

Kitabi-Dədə Qorqud (Duxa Qoca oğlu Dəli Domrul boyu)


əvvəli

Deyilənə görə, xanım, oğuzların arasında Duxa qoca oğlu Dəli
Domrul deyilən bir igid vardı. Quru bir çayın üzərində bir körpü
saldırmışdı. Körpüdən keçəndən otuz üç axça, keçmək istəməyəndən
qırx axça alırdı. Bunu niyə belə edirdi? Ona görə ki, “Məndən cəsur,
məndən güclü bir igid varmı ki, çıxıb mənimlə savaşsın? – deyirdi;
mənim cəsurluğumun pəhləvanlıq və igidliyimin şöhrəti Ruma, Şama
gedib çatmışdır”, – deyirdi.

Bir gün körpünün yanında obanın bir bölük camaatı çadır
qurmuşdu. Həmin obada bir gözəl igid xəstələnmişdi. Allahın əmri ilə
o igid öldü. Kimi “oğul” – deyə, kimi “qardaş” – deyə ağladı. O igidin
üstündə bərk qara şivən qopdu. Gözlənilmədən Dəli Domrul çaparaq
yetişdi, dedi: “Ay əbləhlər, nə ağlayırsız? Mənim körpümün yanında
bu hay-küy nədir, niyə şivən salmısız?”. “Xan, bir yaxşı igidimiz öldü,
ona ağlayırıq”, – dedilər. Dəli Domrul deyir: “Aya, igidinizi kimi
öldürdü?”. Dedilər: “Vallah, igid bəy, Allah-taaladan buyruq oldu. Al
qanadlı Əzrayıl o igidin canını aldı”. Dəli Domrul deyir: “Eh, Əzrayıl
dediyiniz nə kişidir ki, adamın canını alır? Ya qadir Allah, birliyin,
varlığın xatirinə, Əzrayılı mənim gözümə göstər, vuruşum, güləşim,
döyüşüm – yaxşı igidlərin canını qurtarım. Bir daha yaxşı igidlərin
canını almasın”. Dəli Domrul qayıtdı, evinə gəldi.
Allah-taalaya Domrulun sözü xoş gəlmədi.
“Bax bir, dəli axmaq mənim birliyimi tanımır, köməyiməkərəmimə
şükür eləmir. Mənim böyük sarayımda gəzib məğrurluq
eləyir?” – dedi. Əzrayıla əmr etdi ki, ey Əzrayıl, get o dəli əbləhin də
gözünə görün, bənizini saralt, xırıldadıb canını al!
Dəli Domrul qırx igidlə yeyib-içib oturarkən birdən Əzrayıl gəlib
çıxdı. Əzrayılı nə qapıçı gördü, nə gözətçi. Dəli Domrulun görən gözü
görmədi, tutan əllərində qüvvət qalmadı. Dünya-aləm Dəli Domrulun
gözündə qaraldı. Dəli Domrul çağırıb soylayır, görək, xanım, nə
soylayır, – deyir:
Vay, nə heybətli qocasan?
Qapıçılar səni görmədi.
Gözətçilər də duymadı.
Görən gözüm qaraldı,
Tutan əlim yoruldu.
Canıma titrətmə düşdü,
Qızıl qədəh əlimdən yerə düşdü.
Ağzım dondu buz kimi,
Sümüklərim ovuldu duz kimi,
Ay saqqallı ağ qoca,
Gözləri domba qoca,
Vay, nə qorxunc qocasan, de mənə!
Qadam-balam toxunar bu gün sənə!
Belə deyəndə Əzrayılın acığı tutdu. Deyir:
Ədə, dəli əbləh!
Gözümün dombalığını nə bəyənmirsən?
Göyçək gözlü qızların-gəlinlərin, canını çox almışam!
Saqqalımın ağlığını nə bəyənmirsən?
Ağsaqqal, qarasaqqal igidlərin canını çox almışam!
Saqqalımın ağardığının mənası budur!
Ay dəli axmaq, öyünüb deyirdin “al qanadlı Əzrayıl mənim əlimə
düşəydi, öldürəydim; yaxşı igidin canını onun əlindən qurtaraydım”.
İndi, ay dəli, gəlmişəm ki, sənin canını alım. Verirsənmi, yoxsa
mənimlə döyüşürsən?
Dəli Domrul deyir: “Aya, al qanadlı Əzrayıl sənsənmi?”. “Bəli,
mənəm!” – dedi. “Bu yaxşı igidlərin canını sənmi alırsan?” – dedi.
“Bəli, mən alıram”, – dedi. Dəli Domrul deyir: “Ədə, qapıçılar, qapını
örtün! Ay Əzrayıl, mən səni gen yerdə axtarırdım, dar yerdə yaxşı
əlimə keçmisən, deyəsən? Mən indi səni öldürüm, yaxşı igidlərin
canını qurtarım!”. Böyük qılıncını siyirdi, əlinə aldı. Hücum etdi ki,
Əzrayılı vursun. Əzrayıl bir göyərçin olub, pəncərədən uçdu-getdi.
İgid Dəli Domrul əlini əlinə çaldı, qah-qah güldü. Dedi:
“İgidlərim, Əzrayılın gözünü elə qorxutdum ki, gen qapını qoydu, dar
bacadan qaçdı. Mənim əlimdən göyərçin kimi bir quş olub uçdu. Ay
hay, mən onu qızılquşa aldırmayınca qoyarammı canını qurtarsın?!”
Durdu, atına mindi. Şahini əlinə alıb, ardınca düşdü. Bir-iki göyərçin
öldürdü, döndü evinə gələrkən Əzrayıl onun atının gözünə göründü.
At ürkdü. Dəli Domrulu götürüb yerə vurdu. Qara başı fırlandı, huşsuz
qaldı. Əzrayıl ağ köksünün üstünə qondu. Dəli Domrula mırıldanırdı.
Sonra onu boğmağa başladı.
Dəli Domrul deyir:
Ay Əzrayıl, aman!
Tanrının birliyinə şübhə yox, inan!
Mən səni belə bilməz idim.
Oğru kimi can aldığını duymaz idim.
Bizim böyük sahəli dağlarımız olur,
O dağlarımızda bağlarımız olur.
O bağların qara salxımlı üzümü olur.
O üzümü sıxırlar, al şərabı olur.
O şərabdan içən sərxoş olur.
Sərxoşdum, duymadım; nə dediyimi bilmədim.
Bəylikdən usanmadım, igidlikdən doymadım.
Canımı alma, Əzrayıl, aman ver!
Əzrayıl deyir: “Ay dəli axmaq, mənə nə yalvarırsan, Allah-taalaya
yalvar. Mənim əlimdə nə var? Mən buyruq quluyam”. Dəli Domrul
deyir: “Bəs can verən, can alan da Allahdırmı?”. “Bəli, odur!” dedi.
Əzrayıla dönüb dedi: “Bəs sən nə iş görürsən? Sən aradan çıx, mən
Allah-taala ilə xəbərləşim”. Dəli Domrul burada soylamış, görək,
xanım, nə soylamışdır:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən.
Gözəl Tanrı!
Neçə cahillər səni
Göydə arar, yerdə istər.
Sən möminlər könlündəsən.
Sən böyüksən, qüdrətlisən,
Əbədi sirr sahibisən.
Canımı alsan, özün al.
Qoyma, Əzrayıl alsın!
Dəli Domrulun sözü burada Allah-taalaya xoş gəldi. Əzrayılı
çağırıb dedi ki, bu dəli mənim birliyimi bildiyi, birliyimə şükür etdiyi
üçün onun canı əvəzinə can tap; qoy Dəli Domrulun canı azad olsun!
Əzrayıl deyir: “Ay Dəli Domrul, Allahın əmri belə oldu ki, Dəli
Domrul öz canı yerinə can tapsın, onun canı azad olsun!”. Dəli Domrul
deyir: “Mən canı necə tapım? Bir qoca atam, bir qarı anam var, gəl
gedək, ikisindən biri bəlkə canını verdi, al, mənim canım qalsın!”.
Dəli Domrul durub atasının yanına gəldi. Atasının əlini öpüb
soylamış, görək, xanım, nə soylamışdır; dedi:
Ağ saqqallı əziz, hörmətli, canım ata!
Bilirsənmi, nələr oldu?
Günah söz söylədim, –
Allaha xoş gəlmədi,
Göydə al qanadlı Əzrayıla
Əmr elədi, uçub gəldi.
Basıb qonmuş ağ köksümə,
Şirin canı alır məndən.
Ata, səndən can istərəm, verərsənmi?
Yoxsa “oğul, Domrul!” deyə ağlarsanmı?
Atası deyir:
Oğul, oğul, ay oğul!
Canımın bir parası oğul!
Doğulanda doqquz buğra öldürdüyüm aslan oğul!
Qızıl tağlı uca evimin dirəyi oğul!
Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!
Qarşı yatan uca dağım gərəksə,
Söylə, olsun Əzrayılın yaylağı!
Soyuq-soyuq bulaqlarım gərəksə,
Onlar olsun Əzrayılın bulağı!
Tövlə-tövlə şah atlarım gərəksə, onun miniyi olsun!
Qatar-qatar dəvələrim gərəksə, onun yüklüyü olsun!
Yaylaqdakı ağ qoyunum gərəksə,
Mətbəxlərdə olsun ona şülənlik!
Qızıl-gümüş pul gərəksə,
Xərcləsin, qursun böyük bir şənlik!
Dünya şirin, can əzizdir,
Canımı qıya bilmərəm!
Məndən əziz, məndən yaxın
Anan vardır, get yanına!
Dəli Domrul, atasından ümidi üzülüb, atını sürdü, anasının yanına
gəldi. Deyir:
Ana, bilirsənmi nələr oldu?
Al qanadlı Əzrayıl göy üzündən uçub gəldi.
Mənim ağca köksümü basıb qondu,
Xırıldadıb canımı alır indi.
Atamdan can istədim, amma vermədi.
Səndən can istəyirəm, ana, canını mənə verərsənmi,
yoxsa “Oğul, Domrul!” – deyə ağlarsan?
Ağ üzünə iti dırnaq çalarsan?
Qarğı kimi qara saçını yolarsan, ana?
Anası burada soylamış, görək, xanım, nə soylamışdır. Anası dedi:
Oğul, oğul, ay oğul!
Doqquz ay dar qarnımda gəzdirdiyim oğul!
Bələyini beşiklərdə bələdiyim oğul!
On ay deyəndə yer üzünə gətirdiyim oğul!
Doyunca ağ südümü əmizdirdiyim oğul!
Ağca bürclü hasarlarda tutulsaydın, oğul!
İyrənc dinli kafir əlində dustaq olsaydın, oğul,
Qızıl-gümüş gücünə səni qurtarardım, oğul!
Yaman yerə gedibsən; gedə bilmərəm,
Dünya şirin, can əzizdir,
Canımı qıya bilmərəm, yəqin bil!-dedi.
Anası da canını vermədi. Belə deyəndə Əzrayıl Dəli Domrulun
canını almağa gəldi. Dəli Domrul deyir:
Ay Əzrayıl, aman!
Allahın birliyinə yox şübhə, inan.
Əzrayıl deyir: “Ay dəli axmaq! Daha nə aman istəyirsən? Ağ
saqqallı atanın yanına getdin, canını vermədi. Ağ birçəkli ananın
yanına getdin, can vermədi. Daha kim verəcəkdir? Dəli Domrul deyir:
“Həsrətlim vardır, onunla görüşüm”. Əzrayıl deyir: “Ay dəli, həsrətlin
kimdir?” Deyir: “Yad qızı arvadım var, ondan iki oğlum var; əmanətim
var, onlara tapşırım, ondan sonra mənim canımı alarsan”. Atını
sürüb arvadının yanına gəldi. Dedi:
Bilirsənmi nələr oldu?
Al qanadlı Əzrayıl göy üzündən uçub gəldi.
Mənim ağca köksümü basıb qondu.
Mənim şirin canımı alır indi.
Atama dedim, canını vermədi,
Anama dedim, canını vermədi,
“Dünya şirin, can şirin!” – dedilər.
İndi uca-uca dağlarım yaylağın olsun!
Soyuq-soyuq sularım bulağın olsun!
Tövlə-tövlə şahanə atlarım sənin miniyin olsun!
Qızıl tağlı uca evim sənin kölgəliyin olsun!
Qatar-qatar dəvələrim sənin yüklüyün olsun!
Yaylaqdakı ağ qoyunum sənin şülənliyin olsun!
Gözün kimi tutursa,
Könlün kimi sevirsə, ona ərə get!
İki oğlancığı yetim qoyma!
Arvad burada soylamışdır, görək, xanım, nə soylamışdır –
demişdir:
Nə deyirsən, nə ötürsən,
Göz açaraq gördüyüm!
Könül verib sevdiyim!
Qoç igidim, şah igidim,
Şirin damağ verib öpüşdüyüm,
Bir yasdıqda baş qoyduğum,
Qarşı yatan uca dağları
Səndən sonra mən neylərəm?
Yaylayarsam, gorum olsun!
Soyuq-soyuq sularını mən içərsəm, mənim qanım olsun!
Qızılını-gümüşünü xərcləsəm, kəfənliyim olsun!
Tövlə-tövlə atlarını mən minsəm, mənim tabutum olsun!
Səndən sonra bir igidi sevib seçsəm,
ərə getsəm, birgə yatsam,
Bir əjdaha ilan olub, məni çalsın!
O müxənnət, etibarsız atan-anan
Can nədir ki, sənə qıya bilməmişlər?
Yerlər şahid olsun, göy şahid olsun,
Qüdrətli Allah şahid olsun, qurbanam sənə,
Mənim canım qurban olsun sənin canına!
Əzrayıl razılaşdı, qadının canını almağa gəldi. İgid Domrul ömür
yoldaşına qıya bilmədi. Burada Allaha yalvarmış, görək, necə yalvarmışdır,
deyir:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən!
Gözəl Tanrı, çox cahillər
Səni göydə arar, yerdə arzular.
Sən möminlərin könlündəsən.
Sən əbədi hökmransan.
Böyük yollar üzərində
İmarətlər yapım-qurum səninçin.
Harda görsəm, ac doyurum səninçin.
Çılpaq görsəm, don geydirim səninçin.
Alırsansa, ikimizin canını birgə al!
Sağ qoyursan, ikimizə də rəhm et!
Kərəmi çox, Qadir Allah!
Dəli Domrulun sözü Allaha xoş gəldi. Əzrayıla əmr etdi: “Dəli
Domrulun ata-anasının canını al! Dəli Domrula və arvadına yüz qırx il
ömür verdim”, – dedi. Əzrayıl da dərhal onun atasının-anasının canını
aldı. Dəli Domrul ömür yoldaşı ilə yüz qırx il də yaşadı.
Dədə Qorqud gəlib boy boyladı, soy soyladı. “Bu dastan Dəli
Domrulun olsun. Məndən sonra igid ozanlar söyləsinlər! Alnıaçıq,
əliaçıq igid şəxslər dinləsinlər!” – dedi.
Xeyir-dua verək, xanım:
Köklü uca dağların yıxılmasın!
Kölgəli iri ağacın kəsilməsin!
Coşğun axan gözəl suyun qurumasın!
Allah səni namərdə möhtac etməsin!
Ağ üzün qarşısında beş kəlmə dua qıldıq qəbul, olunsun!
Yığışdırıb saxlasın günahınızı,
Gözəl adlı Məhəmmədə bağışlasın, xanım, hey!!!

davamı
XS
SM
MD
LG