Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

«Bəyənmədiyimiz sovet hökumətinin vaxtında belə deyildi»


Valideynlər gəlib buraxılış məntəqəsindən övladlarının adının zəhərlənənlərin siyahısında axtarırdılar
Valideynlər gəlib buraxılış məntəqəsindən övladlarının adının zəhərlənənlərin siyahısında axtarırdılar
«Səhər tezdən eşitdim ki, 200 nəfər zəhərlənib. Gəldim 1 saylı Mərkəzi Klinik Xəstəxanaya, dedilər burada əsgər yoxdu, get hospitala. Məndə bura gəldim. Kimdən soruşuram xəbər ala bilməmişəm».

Bu, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının qarşısında söhbət etdiyimiz Qulam Məcidovun dedikləridir. O 1 il əvvəl Bakının Nərimanov rayonundan hərbi xidmətə çağırılmış oğlu Mirhüseyn Məcidovun zəhərlənən əsgərlərin arasında olub-olmadığını öyrənməyə çalışır. Deyir hərbi hissədən bir şey öyrənə bilmədiyi üçün xəstəxanaları gəzir.

Həmsöhbətimin sözlərinə görə, oğlunun hərbi xidməti başa vurmasına cəmi 1 ay qalıb. Onu bir neçə gün əvvəl kütləvi zəhərlənmə baş verən hərbi hissəyə keçiriblərmiş. Kütləvi zəhərlənmə mayın 26-dan 27-nə keçən gecə baş verib. Hospitalın qarşısında olduğumuz müddətdə valideynlər gəlib buraxılış məntəqəsindən övladlarının adının zəhərlənənlərin siyahısında axtarırdılar.

Hospitalın qarşısındakı valideynlərin bir qismi ümumiyyətlə jurnalistlərə danışmaq istəmirdi. Mikrofonu görəndə acığı tutanlar da olurdu, bu cür rəftar edənləri qınayanlar da, «əgər hərbi hissədən vaxtında və düzgün məlumat almaq mümkün olsaydı, burada bu vəziyyət yaranmazdı» deyənlər də.

«Məndən niyə soruşursan, get o biri valideynlərdən soruş.

Hərbi hissədə düzgün məlumat vermədilər, televizor zəhərlənənlərin siyahısını verməlidir ki, camaat vəziyyəti bilsin.

Hərbi hissənin qarşısında valideynlər və bir qrup gənc dayanmışdı
Əziyyətlə uşaq böyüdürsən ki, belə olsun. Ona görə camaat uşağını əsgərliyə vermək istəmir də. Bəyənmədikləri sovet hökumətinin vaxtında heç belə deyildi».

Əsgərlərin zəhərləndiyi bildirilən hərbi hissənin qarşısında valideynlər və bir qrup gənc dayanmışdı. Söhbət zamanı məlum oldu ki, gənclər axşam hadisə baş verəndən sonra zərərçəkən əsgərləri öz maşınlarında tibb məntəqələrinə daşıyan qəsəbə sakinləridir. Dedilər gecə hadisədən xəbər tutub köməyə gəliblər. Təcili yardım maşınlarının sayı az olduğu üçün bir neçə dəfə əsgərləri aparıb tibb məntəqəsinə boşaldıb qayıdıblar. Hərbçilər orada müsahibə götürməyə icazə vermədikləri üçün onların səsini mikrofona yazmaq mümkün olmadı.

Burada dayandığımız müddətdə ayrı-ayrı adamların hərbi hissəyə – yəqin ki, öz «əsgərinə» mer-meyvə, su, hətta çörək apardığını da müşahidə etdik.

Doğmasının zərər çəkib-çəkmədiyini öyrənmək üçün özünü bura yetirənlərdən biri ilə söhbət etdik:

«Bibim Kürdəmirdən zəng elədi ki, bəs uşaq zəhərlənib. Mən də gəldim gördüm sağ-salamatdır. Zəng edib bibimlə danışdırtdım onu. Amma hərbi hissənin yanında danışırdılar ki, əsgərlər balıq konservindən zəhərləniblər».

Ümumqoşun Təlim Mərkəzi
1 saylı Mərkəzi Klinik Xəstəxananın 7-ci korpusunun qəbul şöbəsinin müdiri Mahir Rəhimov isə bizimlə söhbətində dedi ki, gecə saat 1 radələrində zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 əsgər gətirilib. Onların mədə-bağırsağı yuyulduqdan sonra bu səhər saat 5.00-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına aparılıblar. Onun sözlərinə görə bu cür zəhərlənmələr köhnə yeməklərdən olur:

«Bütün mikroblar keyfiyyətsiz ərzaq məhsullarında, natəmizlikdə inkişaf edir. Konserv bağlanmış vəziyyətdə olsa da onun istifadə müddəti keçəndə və ya saxlanma şəraiti münasib olmayanda da belə hallar baş verir. Nəticə də ki, gətirib bu vəziyyətə çıxarır. Ancaq bu cür hallar ölümlə yox, mədə bağırsaq pozuntusu ilə müşahidə olunur. Bəzi konservləşdirilmiş qida məhsulları isə var ki, onların vaxtının keçməsi ölüm hallarına səbəb olur».

Müdafiə Nazirliyinin mətbuat xidməti də kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 26-da axşam Mərkəzi Hərbi Hospitala 164 əsgər qida zəhərlənməsi ilə yerləşdirilib. Müayinədən sonra onlardan 158 nəfəri xidməti yerinə göndərilib. Altı nəfərdə müəyyən xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicə üçün hospitalda saxlanılıblar.
XS
SM
MD
LG