Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:53

Arabul həbsi ilə bağlı bəzi gizli məsələləri vəkilinə danışıb


Hüseyn Arabul sərhəddi qanunsuz keçməkdə ittiham olunur
Hüseyn Arabul sərhəddi qanunsuz keçməkdə ittiham olunur
Ötən həftə türkiyəli iş adamı Hüseyn Arabulun həbsi KİV-də və siyasi dairələrdə müxtəlif fikirlərin səslənməsinə rəvac verib. Baxmayaraq ki, H.Arabul rəsmən sərhədi qanunsuz keçməkdə ittiham olunur, ancaq onun saxlanmasının mahiyyətində başqa səbəblərin durduğunu düşünənlər də var.

ARABUL İTTİHAMI QƏBUL ETMİR

Arabulun vəkili Abbas Atakişiyev deyir ki, indi o özü də müdafiə etdiyi şəxsin həbsinin əsas səbəbinin nə olduğu üzərində düşünməyə başlayıb. Buna səbəb isə Hüseyn Arabulun ona qarşı irəli sürülən rəsmi ittihamı qəbul etməməsidir. O özünü təqsirli bilmir və ittihamı qəbul etmirsə, deməli, belə şey olmayıb:

«Rəsmi əsas ondan ibarətdir ki, dövlət sərhəddini qanunsuz keçib. Amma o özü bu barədə hər hansı bir ifadə vermir. Deyir ki, belə şey olmayıb. Yəni özünü təqsirli bilmir, verilən ittihamı da əsassız sayır».

Vəkil deyir ki, Hüseyn Arabul həbsi ilə bağlı bəzi məsələləri artıq ona danışıb. Ancaq bu barədə danışmaq hələ tezdir:

«Özü ifadə verməsə də, mənə şəxsi işləri və bu məsələ ilə əlaqədar çox şeylər deyir. Ancaq mən peşə borcuma görə, onları hələ açıqlamıram. Çünki bunlar konfidensial xarakter daşıyır. Vaxtı çatanda ola bilsin ki, müəyyən məsələlər açıqlanacaq. Əlbəttə ki, özünün razılığı ilə».

«ARABULA HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLMƏMƏLİ İDİ»

Müxtəlif vaxtlarda Azərbaycanda saxlanılan başqa ölkələrin vətəndaşlarını müdafiə etmiş vəkil Adil İsmayılov isə deyir ki, istənilən halda Hüseyn Arabula həbs-qətimkan tədbiri seçilməməli idi:

«Həbs-qətimkan tədbiri hər bir halda seçilməməlidir. Yəni o yaşda olan adamın vəziyyəti başa düşüləndir və Azərbaycanda da bir daha göstərdilər ki, onun qaçması mümkün deyil».

A.İsmayılova görə, qətimkan tədbirinin müddəti çoxdur. Həbs bunların ən ağırıdır. Və Avropa Məhkəməsi də daim ona tərəfdar olur ki, hər bir halda həbs olmasın.

«ARABULUN HƏBSİ HANSISA GEOSİYASİ QARŞIDURMANIN FƏSADIDIR»

Bəzi mütəxəssislər isə türkiyəli iş adamına qarşı ən ağır qətimkan tədbirinin seçilməsini təsadüfi saymırlar. Hesab edirlər ki, bunun siyasi tərəfi var və bu işin hüquqi tərəfindən daha ciddi mahiyyət daşıyır.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, indiki dönəmdə Hüseyn Arabulun həbsi Azərbaycan rəhbərliyinin antitürk siyasətini davam etdirməkdə qərarlı olduğu barədə Türkiyəyə verdiyi mesajdır. Və bu, daha çox hansısa bir geosiyasi qarşıdurmanın fəsadıdır:

«Əgər söhbət hüquqi yanaşmadan gedirsə, Hüseyn Arabulun ölkədən çıxmasına qoyulan qadağanı saxlamaq olardı. Ancaq məsələ burasındadır ki, ona qarşı atılan addımlar daha çox siyasi eyhamı olan proseslərdir. Ona görə də bu, Azərbaycan tərəfindən Türkiyəyə qarşı siyasi aksiya, siyasi demarşdır».

Ə.Oruclu deyir ki, Azərbaycan hökuməti Türkiyəyə qarşı sərt bir xətt tutub. Və bu siyasəti bütün vasitələrlə nümayiş etdirməyə çalışır. Əgər ABŞ kimi bir dövlət Türkiyə ilə münasibətlərini anlaşma, tərəfdaşlıq üzərində qurursa, Azərbaycanın bu dövlətlə sərt dildə danışmasının perspektivi ola bilməz.

Türkiyəli iş adamı Cinayət Məcəlləsinin sərhəddi qanunsuz keçmə maddəsi (318.1) ilə ittiham olunur. Bu maddə 200 manatdan 500 manatadək cərimə və ya 2 il həbs cəzası vəd edir. Əgər Arabul məhkum edilsə, əvvəlki məhkumluq da onun üzərinə gələcək.

Bundan əvvəl Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 2007-ci ildə hökm çıxararaq onu 1 milyon 370 min manat cərimə ödəməklə, 5 illik şərti cəzaya məhkum edib. Məhkəmənin qərarına əsasən Arabul bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.
XS
SM
MD
LG