Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:30

«Niyə qırılırıq biz, niyə başımızın yiyəsi yoxdur?»


Dəmiryol yataqxanası
Dəmiryol yataqxanası
- Niyə qırılırıq biz, niyə başımızın yiyəsi yoxdur, niyə bu kanalizasiya bu gündədir? Niyə baxmırlar bizə, uçub tökülür evimiz…

Biləcəri qəsəbəsində, bir vaxtlar Dəmiryol yataqxanası kimi tanınan binada indi məcburi köçkünlər yaşayır. Onlar yataqxananın baxımsız qalmasından şikayətçidirlər:

«BİZİMKİ ÖLMƏMƏK ÜÇÜN YAŞAMAQDIR»

- Kanalizasiyanı düzəltsələr, ayrı problem cəhənnəm olsun. Ancaq kanalizasiya qazılıb qoşulmalıdır ayrısına.

Yataqxana sakinləri deyirlər ki, iki ildir pis iy-qoxuyla nəfəs almağa məcburdurlar. Üstəlik, kanalizasiyadan axan çirkab suların yaratdığı anti-sanitariya şəraiti. Yüzə yaxın ailənin yaşadığı bu yataqxanada analar uşaqlarını həyətə buraxmaqdan qorxurlar:

- Həyətə buraxmaq istəmirəm, bütün infeksiyadır. Gedir ayağı batır kanalizasiya sularına. Havasızlıqdan da xəstəlik yaranır. Bizimki ölməmək üçün yaşamaqdır. Bu uşaqların gələcəyi nə olacaq?

Laçın rayonundan məcburi köçkün Əlövsət Ələkbərov deyir ki, şikayət eləmədikləri yer qalmayıb:

- «JEK» də baxmır, bələdiyyə də. Gəldilər bir dəfə baxdılar. Bina qəza vəziyyətindədir. Krısa buraları alıb ağzına. Krısa beşinci mərtəbəyə çıxır. Qoca var, körpə uşaq var.

- Gecə pəncərəni açırıq ki, hava gəlsin, o yandan bəri nəcis iyi gəlir. Dərman da çatdıra bilmirik. Vallah aldığımız pensiya elə dərmanlara gedir.
Ağcaqanad dərmanı, özümüzün xəstəlik dərmanı…Ta bu xəstəlik camaatı bir təhər edir.

«ƏLİŞ LƏMBƏRANSKİNİN BACISI QIZIYAM. BURDA ÖLÜRƏM»

Binəqədi rayon İcra Hakimiyyətində məcburi köçkünlərlə iş şöbəsinin müdiri Əzizağa Məmmədov deyir ki, bu problemlə yerli bələdiyyə məşğul olur:

- Biləcəri bələdiyyəsində məsələni nəzarətə götürüblər. Bələdiyyənin hesabları açılandan sonra məsələ həll olunacaq.

Sakinlər arasında yaşlı bir qadın dərdini bizimlə bölüşsə də, özünü təqdim etməkdən utandığını dedi. Səbəbini soruşanda...

- Əliş Ləmbəranskinin - bütün Bakını tikən kişinin bacısı qızıyam. Mənim qolum yoxdur, burda ölürəm.

Yay fəslinin gəlməsi sakinlərin kefinə soğan doğrayıb. Axı, onda istidən daha sərtləşən iy-qoxdan heç nəfəs də almaq olmur. Birinci qrup Qarabağ əlili Xanpaşa Hüseynov deyir ki, yayda belə yerdə yaşamaq məşəqqətdir, o, həm də yoluxucu xəstəliklərin yayılmağından qorxur:

- Vərəm, sarılıq xəstəliyi yayılıb. İsti olacaq vəziyyət lap pisləşəcək. Bina da böyürdən çöküb.
On ildən çoxdur zirzəmi dolub, baxan yoxdur. Bunun da əsas günahkarı bələdiyyənin birinci müavinidir. Kanalizasiyanı ordan qoşdu, ağacları qırdırdı.

Biləcəri qəsəbəsinin bələdiyyə sədri İlham Xəlilovu on günə yaxın axtardıq. Gah dedilər iclasdadır, gah dedilər ki, nahardadır, - hərçənd nahar vaxtı zəng vurmamışdıq, - gah da dedilər ki, parlamentə gedib. Axırıncı zəngimizdə isə dedilər ki, bələdiyyə sədri bir müddət iş yerində olmayacaq:

- Vaxtsız zəng vurmusunuz, onun atasının ilidir gedib rayona.

Elə başqa səlahiyyətli şəxsləri də tapmadıq. Sədrin birinci müavini Ərəstun Kərimov da məzuniyyətdəydi.

«MƏHƏLLƏDƏ TOP OYNAYANDA GEDİR DÜŞÜR KANALİZASİYAYA»

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə deyir ki, məcburi köçkünlər komitənin təmir-tikinti şöbəsinə yazılı müraciət edə bilərlər. Şöbənin telefon nömrəsi belədir: 431-62-50:

- Aidiyyatı orqanlardan xahiş edərik həll eləyərlər.

Yataqxananı başına alan natəmizlik buranın balaca sakinlərini də incidir. Amma onlar böyüklər kimi anti-sanitariya, yoluxucu xəstəlik yayılması qorxusu barədə yox, özləri haqda düşünürlər. Axı, bu yay futbol oynaya bilməyəcəklər:

- Hər yer zibillikdir. Kanalizasiya düz buracan gəlir. Bir damcı yerimiz var. Orda da futbol oynaya bilmirik. Başqa məhəllələr gül kimidir. Məhəllədə top oynayanda gedir düşür kanalizasiyaya, götürə bilmirik. Yayda da iydən boğuluruq. Top kanalizasiyaya düşəndə gərək çəkmə geyinib topu götürəsən, onda da adam batır. Ağcaqanad da bir tərəfdən, budur ey yaralara baxın…

Bu yataqxanada böyükdən tutmuş kiçiyə kimi hər kəsin bircə istəyi var...

- Yaxşı bir yerdə yaşamaq istərdim. Asfalt çəkilsin, bir də kanalizasiya düzəlsin, başqa heç nə istəmirik.
XS
SM
MD
LG