Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:57

Məscidlərin sökülməsi davam edəcəkmi?


"Neft daşların"ndakı bu məscid artıq yoxdur
"Neft daşların"ndakı bu məscid artıq yoxdur
DÖVLƏT QANUNSUZ TİKİLƏN MƏSCİDLƏRİ SÖKMƏYƏ MƏCBUR OLUB

“Bu günə kimi kimsə qanunsuz məscid tikdiribsə, indi məsələ qanunlara uyğun həll olunmalıdı”. “Hər kəsin haqqı var” verilişinin qonağı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov belə deyir.

C.Məmmədovun sözlərinə görə, son dövlərdə Azərbaycanda əcnəbi vətəndaşlar tərəfindən 92 məscid tikilib və onların sənədləri yoxdur:

“Elə düşünürlər ki, məscid olsa, onlara maneçilik törədilməyəcək. Elə olub ki, 20-30 kv.m-lik məscidə yarım milyon pul ayrılıb. İbadət üçün özülü olmayan məscidlər var. Məscid uçacağı təqdirdə məsuliyyəti kim daşıyacaq? Dəfələrlə olub ki, biz inşaat işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq etmişik. Amma dinləməyiblər”.

MƏSCİD QANUNSUZ TİKİLİRDİSƏ, İNDİ NİYƏ YADA DÜŞÜB?

Yasamalda sökülən məscidin inşaatçısı Mirvaleh Möhsümov isə deyir ki, onlara qabaqcadan xəbərdarlıq edilməyib:

“Məscid qanunsuz tikilirsə, niyə fundamenti qoyulanda demirdilər? Gözləyirlər ki, günbəz qoyulsun, minarə qaldırılsın, sonra gəlib sökürlər. Bu nə dərəcədə məntiqlidir?”

Dini Etiqad və Vicdan Azadlığının Müdafisəi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə deyir ki, məscidlərin bağlanmasına, sökülməsinə sıradan bir hal kimi yanaşmaq olmaz:

“Sovet vaxtından sonra belə bir şey baş verməmişdi. Bu vəziyyət göydən yaranmayıb axı. Belə qanunsuzluqlara niyə göz yumulub, niyə vaxtında bu tikililərin qarşısı alınmayıb? Axı məscidi sökməklə inanclı insanların heysiyyətinə toxunulur”.

MƏSCİDİ SÖKMƏYİN DƏ YOLU VAR. DÖVLƏT QURUMLARI YA BİLMİR, YA DA QƏSDƏN BELƏ ELƏYİR

Hacı İlqarın fikrincə, bəzən dövlət orqanları problemi düzgün həll etməyin yolunu bilmir:

“Şəhidlər Camesinə, yaxud da İlahiyyət camesinə polis gəlib deyir ki, bura bağlanmalıdır. Polisin bu işə nə aidiyyəti var? Neft daşlarındakı məscidi söküb dənizə atırlar. Ordakı məscidi ki, icazəsiz tikməyiblər, dövlətin öz qurumu tikib. Olmazdımı, onu səliqə-səhmanla aparıb bir kənara yığaydılar, yenisini tikəndə istifadə edəydilər? Bütün bu işləri bu cür qaba halda həyata keçirmək yolverilməzdir”.

Hacı İlqar məscidlərin sənədləşmə işləriylə bağlı deyir ki, “lap tutaq ki, hansısa şəxslər tərəfindən tikilən məscidlərin sənədi düz olmayıb, bəs Neft daşlarındakı məscid necə? Onu ki Dövlət Neft Şirkəti tikib.”

BAKIDA ARTIQ NAMAZ QILMAĞA MƏSCİD TAPILMIR

Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanov isə söyləyir ki, Bakıda olmasa da, bəzi rayonlarda inanclı insanların saqqalları hələ də qırxılır:

“Saqqal saxlamaq qadağan edilib. Kimsə saqqal saxlayırsa, dərhal şöbəyə aparılıb qırxılır. Bakıda isə ən böyük problem namaz qılmaq üçün kifayət qədər məscidin olmamasıdır”.

DÖVLƏT KOMİTƏSİ RADİKALLAŞMAYLA MÜBARİZƏ APARIR

Dini Komitənin nümayəndəsi Ceyhun Məmmədov isə bildirir ki, son vaxtlar dindəki radikallaşma, təriqətləşmə meylləri dövlət bu sahədə konkret tədbirlər görməyə məcbur edir:

“Bakıda qeydiyyatdan keçən dini icma Azərbaycanın bütün bölgələrində öz əqidəsini yayır. Bəzən insanları dini ayin və mərasimlərə məcbur edirlər. Bəziləri öz həyat yoldaşlarını hansısa formada geyinməyə məcbur edirlər”.

DİNDARLARIN ÜSTÜNƏ YOX, İÇİNƏ GETMƏK LAZIMDIR

“İrşad” Araşdırmalar Mərkəzinin rəhbəri Rafiq Əliyev deyir ki, qanun pozuntusunu məscidin binasında yox, ora gələn insanların özündə axtarmaq lazımdır:

“Məscid ibadət yeri kimi məscid kimi heç vaxt mənfi rol oynaya bilməz. Ola bilər ora gələn insanların niyyətləri, istəkləri başqa olur, məciddən mahiyyətinə aid olmayan işlər üçün istifadə edirlər. Məscidləri bağlamaq yox, məscidlərin içində insanlarla işləmək lazımdır. Onların üstünə getmək yox, başa salmaq lazımdır, dövlət qanunlarını onlara aşılamaq lazımdır”.

Hazırda Azərbaycanda 1750 məscid var. 998-i gündəlik fəaliyyət göstərir. 500-dən artıq məscid rəsmi qeydiyyatdan keçib.
XS
SM
MD
LG