Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:41

71 yaşlı Kərimovun varis planı


İndi Özbəkistanda «Biq papa», «Yurtbaşı» kimi çağrılan İslam Kərimov artıq 71 yaşındadır
İndi Özbəkistanda «Biq papa», «Yurtbaşı» kimi çağrılan İslam Kərimov artıq 71 yaşındadır
«Sosial-iqtisadi problemlər olan yerdə demokratiya qurmaq çox çətindir». İlin əvvəlində Azərbaycan prezidenti İlham Əliyev ölkədə demokratiya sarıdan problemləri bu arqumentlə izah edirdi. Amma bu, keçmiş sovet məkanındakı liderlərin çoxunun sevimli arqumenti imiş.

Özbəkistan prezidenti İslam Kərimov da 1990-cı illərin ortalarında ölkədə demokratiyanın vəziyyətindən gileylənən hər kəsə bunu söyləyirmiş. İyunun 23-də isə hakimiyyətə gəlməsinin 20 illiyini qeyd edib.

1989-cu ildə Özbəkistan Sovet Sosialist Respublikasında Kommunist Partiyasının Birinci katibi seçilən Kərimov ondan bir il sonra da prezident seçkisində idi. O, elə seçkiyə bir gün qalmış açıq-aşkar şəkildə xalqa deyirdi ki, seçilən kimi hakimiyyətinə ortaq olan parlamenti küncə sıxacaq:

- Əgər sabah məni prezident seçsəniz gərək mənim parlamenti buraxmaq hüququm ola. Yalnız o zaman mən öz sözümü deyə bilərəm. Amma indiki halda prezidentin sizdən heç bir fərqi yoxdur.

İSLAM KƏRİMOV: «CƏSARƏTİNİZ ÇATMIRSA, SİLAHI MƏNƏ VERİN»

Bundan sonra 1990-cı illərdə Kərimov özünün bütün siyasi rəqiblərini meydandan sildi. Canını götürüb ölkədən qaça bilən qaçdı. İslamçı qrupları sıxışdıran Kərimov hətta tərəfdarlarını onları öldürməyə çağırırdı. O, parlamentdə çıxışında deyirdi:

- Əgər sizin cəsarətiniz çatmırsa, silahı verin, gülləni onların başlarına özüm çaxım.

Silahlar 2005-ci ilin mayında işə düşdü. O zaman ölkənin şərqində Əndincan şəhərində dinc mitinqçilərə qarşı silah işlədildi. Hakimiyyət o zaman 187 adamın öldürüldüyünü bildirir. Amma hüquq-müdafiəçiləri dinc sakinlər arasında tələfatın daha çox olduğunu deyirlər.

Bu hadisəyə görə onu təkcə beynəlxalq təşkilatlar, insan haqları fəalları deyil, keçmiş silahdaşları da qınayırlar.

ŞEVARDNADZI: «MƏN İKİNCİ YOLU SEÇDİM»

«Azadlıq» radiosunun Özbək xidməti 20 il əvvəl Kərimovla eyni sistemdə işləmiş Gürcüstanın keçmiş prezidenti Eduard Şevarnadze ilə əlaqə saxlayıb. 2003-cü ildə «qızılgül inqilabı» ilə üzləşmiş Şevarnadze Kərimovun Əndincanda törətdiyi hadisədən fərqli olaraq özü hakimiyyətdən kənarlaşdı. Eduard Şevarnadze bildirib ki, bu hadisədə İslam Kərimov qətiyyən öz xalqına hörmət göstərməyib:

- Qan tökülməsinin qarşısını almaq üçün mənim çıxış yolum yox idi. Ya qan tökülməli idi, ya da mən hakimiyyətdən getməli idim. Mən ikinci yolu seçdim. Əndincan hadisələrinə də tarix qiymət verəcək.

İndi Özbəkistanda «Biq papa», «Yurtbaşı» kimi çağrılan İslam Kərimov artıq 71 yaşındadır. Səhhəti də yavaş-yavaş korlanır. Özbəkistanda bütün sistem onun hakimiyyətinin qorunmasına köklənib. Amma Kərimovun başına bir iş gəlsə, nə baş verəcək?

Yenə də Azərbaycanın təcrübəsi. Özbəkistanda söhbət var ki, Kərimov iki qızından birini - böyük qızı 47 yaşlı Qulnara Kərimovanı öz yerinə hazırlayır.
XS
SM
MD
LG