Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

Dondurma var, bəs keyfiyyət?


İndiyə qədər Bakıda 50-ə yaxın hüquqi və fiziki şəxsə dondurma satışıyla məşğul olmağa icazə veriblər
İndiyə qədər Bakıda 50-ə yaxın hüquqi və fiziki şəxsə dondurma satışıyla məşğul olmağa icazə veriblər
Yay girəndən Bakıda həm mağazalarda, həm də bağ və parklarda, əhalinin sıx olduğu yerlərdə dondurma köşklərinin sayı artıb. Satıcı Valeh Məmmədov deyir ki, indi dondurmaya tələb yüksəkdir. O da hər yay bu alverdən yaxşı pul qazanır. Keçən il olduğu kimi bu il özünə dondurma saxlamaq üçün soyuducu da, Bakı Şəhər Ticarət və İstehlak Departamentindən icazə də alıb. Müştəriləri də gün-gündən çoxalır.

Bakı Şəhər Ticarət və İstehlak İdarəsinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, indiyə qədər 50-ə yaxın hüquqi və fiziki şəxsə dondurma satışıyla məşğul olmağa icazə veriblər. İndi Milli Park da daxil olmaqla şəhərdəki bəzi parklar və ərazilər onların səlahiyyətində olmadığından bu say çox az görünə bilər. Əlabbas Bağırov deyir ki, yay təzə girdiyindən bu ticarət növüylə məşğul olanların da sayı atacaq.

61 MANAT PUL, BIR ŞƏXSİYYƏT VƏSİQƏSİ, BİR ƏRİZƏ

Əlabbas Bağırov deyir ki, ticarətin bu növüylə məşğul olanlardan hər ay üçün 61 manat dövlət rüsumu, şəxsiyyət vəsiqəsi, ərizə, hüquqi şəxslərdən isə vergi ödəyicisi olması haqqında sənəd tələb olunur. Bunlar varsa, dondurma sata bilərsən.

Valeh Məmmədov deyir ki, o iki ildir bu işlə məşğul olur, gəliri də yaxşıdır. Bəs satdığı dondurmaların keyfiyyəti necədir? O deyir ki, daha çox yerli dondurma istehsalçılarının məhsullarının satışıyla məşğul olur. Çünki yerli dondurmalar həm ucuzdur, həm də alıcıları çoxdur.

DONDURMA HARADA SATILIR

Bakı Şəhər Ticarət və İstehlak İdarəsindən Əlabbas Bağırov deyir ki, dondurma satıcılarına əhaliyə mane olmayan ərazilərdə satışla məşğul olmağa icazə verilir: «Elə adam var deyir ki, filan nazirliyin qarşısında soyuducu qoymaq istəyirəm. Təbii ki, beləsinə icazə verilmir. Həm də onlar əhalinin gediş-gəlişinə mane olmamalı, sanitar qaydalara əməl eləməlidirlər».

Ancaq indi parkların çoxu təmir adıyla hasarlandığından kiçik ticarətlə məşğul olan başqa satıcılar kimi dondurma satıcıları da soyuducularını az qala yola qoyub satırlar, istifadə etdikləri elektrik xətləri isə yoldan keçənlərin əl-ayağına dolaşır.

KİM ÖZ AYRANINA TURŞ DEYƏR

Dondurma satan Valeh də öz dondurmalarını tərifləyir. Deyir ki, indiyə qədər heç bir alıcısı keyfiyyətlə bağlı ondan narazılıq eləməyib. Ancaq elə söhbətimiz vaxtı bir qadın əlində yarısı yeyilmiş, biri isə bütöv plombir dondurmanı satıcıya gətirdi ki, bəs uşağa «zəhərli dondurma» satmısan. Həmidə Salayeva deyir ki, onun oğlu həmişə burdan dondurma alıb, insafən keyfiyyətindən narazı da qalmayıblar. Ancaq bu dəfə alanda özü yeyib, ağzına acı tam dəyib. Həmin dondurmanın saxlanma tarixi, hansı müəssisədə istehsal olunması haqda məlumat yox idi. Valeh Məmmədov deyir ki, onları topdan satış yerindən alır, sənədləri də var. Ancaq nə bizə, nə də alıcıya göstərdi.

BAKIDA SATILAN DONDURMALARIN YARISI KEYFİYYƏTSİZDİR

Dondurma tez həzm olunan, yüksək kalorili süd məhsuludur. Mütəxəssislərə görə, dondurmadakı yağlılıq 3 faizdən az olmamalıdır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, yay girəndən dondurmaların keyfiyyətsiz olması haqqında onlara gələn şikayətlər çoxalıb: «Dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Ancaq monitorinqlər göstərir ki, çox vaxt dondurma yeyəndə boğazda acılıq hiss edirsən. Səbəbi odur ki, yararlılıq vaxtı keçib, tərkibinə marqarin, bitki yağları qarışdırılıb. Dondurma isə ancaq kərə yağından hazırlanmalıdır».

Eyyub Hüseynov deyir ki, Azərbaycandakı dondurmaların 80 faizi quru süddən hazırlanır, 50 faizinə isə kərə yağı əvəzinə bitki yağı vurulur. Dondurma satışda 5 gün qala bilər, ancaq bir aya qədər saxlayırlar: «Bizdəki dondurmaların 20 faizi xaricdən gətirilmiş dondurma adı altında satılır, saxta etiketlərdən istifadə olunur. Bakıda satılan dondurmaların yarısı keyfiyyətsizdir. Dondurmaların yarıdan çoxununsa nə istehsal tarixi, nə də son istifadə müddəti yoxdur. Vaxtı keçmiş məhsulun satılması isə da adi hal alıb».

ƏT, TOYUQ, KOLBASA VƏ DONDURMA

Müxtəlif mənşəli bu məhsulları Bakıdakı bəzi mağazalarda «doğmalaşdırırlar», eyni soyuducuda saxlayırlar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, bu cür saxlama qətiyyən yolverilməzdir. «Çünki ət, toyuq, kolbasa kimi məhsullar çiy məhsullardır. Burda həm mal qonşuluğu qaydaları pozulur, həm də dondurmanın falqası zədələnəndə həmin çiy məhsullardan asanlıqla mikroblar dondurmaya keçir. Həmin məhsullar bişirilir, dondurma isə alındığı kimi qəbul olunur».

İmran Abdullayev deyir ki, dondurmaların təhlükəsizlik göstəricilərinə, yəni - bakterioloji, fiziki-kimyəvi, toksikoloji, radioloji göstəricilərə necə cavab verilməsiylə bağlı fabrik və ticarət şəbəkələrindən götürülmüş dondurmaların tərkibi təhlil olunub. İyulun 1-də nəticələr açıqlanacaq.

O ki qaldı keyfiyyətsiz dondurmaların fəsadlarına, bu xüsusilə uşaqlarda tənəffüs yolları, mədə-bağırsaq xəstəliklərinə, zəhərlənmələrə gətirib çıxarır.
XS
SM
MD
LG