Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:29

«Tələb aydındır: Qeyd-şərtsiz azadlıq»


Kristof Ştresser
Kristof Ştresser
Bundestaqın Almaniya Sosial Demokrat Partiyası fraksiyasının sözçüsü və AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçi Kristof Ştresser gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı bəyanat verib.

Fraksiyanın adından mətbuata yayılan bəyanatda deyilir ki, onlar Emin Milli və Adnan Hacızadənin həbs olunmasına ən kəskin formada etirazını bildirirlər.

Gənclərin hər ikisinin Azərbaycanda mülki cəmiyyətin fəal üzvləri və öz internet bloqlarında Azərbaycanda siyasi vəziyyətə dair öz tənqidi münasibətlərini bildirən gənclər olduğunu qeyd edən Ştrasser Milli və Hacızadənin bu fəaliyyətin qurbanına çevrildiyini vurğulayıb:

«Bundestaqın Sosial-demokrat fraksiyasının tələbi aydındır: Öz söz azadlığı hüququndan istifadədən başqa bir şey etməyən Emin Milli və Adnan Hacızadənin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması».

Emin Milli və Adnan Hacızadə iyulun 8-də Lebanese restoranında onlara qarşı baş vermiş hücumdan polisə şikayət etdikdən sonra iyulun 9-a keçən gecə xuliqanlıq ittihamı ilə həbs olunublar. Məhkəmə onlar haqqında məhkəməyə qədər həbs qətimkan tədbiri seçib. Sosial-demokratların bəyanatında qeyd olunur ki, «əsl xuliqanlar Emin Milli və Adnan Hacızadə yox, kafedə onlara səbəbsiz olaraq hücum edən və döyənlərdir. Milli və Hacızadəyə bu günədək lazımi tibbi yardım göstərilməyib».

«HÖKUMƏT ÖZÜNƏ ZİYAN VURUR»

Ştresserin imzaladığı bəyanatda ölkədə söz azadlığı ilə bağlı ümumi şəraitə də toxunulub.

«Azərbaycan hökuməti jurnalistlər, bloq yazarları və müxalifətçilərlə qaba rəftarı ilə məşhurdur. Təsadüfi deyil ki, AŞPA mütəmadi olaraq Azərbaycandakı siyasi məhbuslara dair hesabatlar qəbul edir. Növbəti hesabat artıq planlaşdırılır. Emin Milli və Adnan Hacizadə kimi iki tanınmış və xaricdə də geniş şəbəkəyə malik olan tənqidçiləri həbs etməklə hökumət özünə ancaq ziyan vurub. Onların taleyi ictimaiyyətin diqqətini təkcə prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi sistemə deyil, həm də və xüsusilə şübhə doğuran xuliqanlıq və böhtan ittihamları ilə mühakimə edilmiş jurnalistlərə yönəltmiş oldu» deyə sənəddə vurğulanır.

Bəyanatda o da qeyd olunur ki, Almaniya Federal hökuməti Emin Milli və Adnan Hacızadəni müdafiə etmək üçün əlindən gələni edib. «Beynəlxalq etirazlar davam edir. Avropa İttifaqı Şurasının hazırkı sədri Karl Bildt Bakıda səfərdə olan zaman iki gəncin həbsini pisləyib».

Almaniya Bundestaqının Sosial-demokrat fraksiyasının sözçüsü onu da qeyd edib ki, Avropa İttifaqı ATƏT-in Daimi Şurasında rəsmi bəyanat verdikdən sonra qurumun bu məsələdə qətiyyətinə şübhə qalmayacaq.

Avropa Şurası Parlament Assambleyası da bu gün Ştrasserin bəyanatını yayıb. Bu bəyanatında alman deputatı bildirib ki, siyasi məhbuslar məsələsinə dair hazırladığı hesabatda mülki cəmiyyət nümayəndələrinin həbsinə xüsusi diqqət yetirəcək.
XS
SM
MD
LG