Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

«Donuz qripi»nə yoluxanlar təyyarədə uçublar?


Cakarta aeroportunda sərnişinlər hərarət monitorundan keçirlər, 28 aprel 2009
Cakarta aeroportunda sərnişinlər hərarət monitorundan keçirlər, 28 aprel 2009
«Donuz qripi»nə yoluxan iki xəstənin müalicəsi davam etdirilir. Səhiyyə Nazirliyinin Yoluxucu Sanitar-Epidemioloji Nəzarət Sektorunun müdiri Viktor Qasımov belə deyir: «Vəziyyətləri kafidir».

Viktor Qasımov bunu da deyir ki, onların başqalarını xəstəliyə yoluxdurma ehtimalı yoxdur. Üstəlik də Səhiyyə Nazirliyi ilk gündən xəbərdarlıq edib ki, hər ehtimala qarşı həmin xəstələrin yaxınları və onlarla eyni təyyarədə uçan sərnişinlər nəzarətdədir.

«BÜTÜN SƏRNİŞİNLƏRİ NƏZARƏTƏ GÖTÜRMƏK MÜMKÜN DEYİL»

Bu həftə Böyük Britaniyadan qayıdan Şəhla Əyyubova belə fikirləşir. O deyir ki, bu praktik baxımdan mümkün deyil. Çünki onunla eyni təyyarədə uçanlardan bəzisi Bakıda yolüstü olacaqdı. Kimi Rusiyaya getməyi planlaşdırırdı, kimi də Azərbaycanın ucqar bölgələrinə. Ona görə Səhiyyə Nazirliyinin hamını arayıb-tapacağı mümkün deyil. Elə onun özünu də son iki gündə aryan olmayıb. Baxmayaraq ki, Bakıya məhz iyulun 29-da gəlib, AZAL Hava Yollarının təyyarəsi ilə. Britaniyada xəstəliyə yoluxan Azərbaycan sakini də Bakıya məhz həmin gün gəlmişdi.

Həmsöhbətimsə deyir ki, bəlkə də qeydiyyatda olduğu mənzilin sonuncu rəqəmini səhv yazdığına görə, onu tapmayıblar.
«Özümü yaxşı hiss etdiyimə görə bu haqda fikirləşmədim də, onlara zəng də vurmadım. Belə də özümü yaxşı hiss edirəm, temperaturum yoxdur…»

Həmsöhbətim Azərbaycana qısa müddətə gəldiyindən görəcəyi işi də çoxdur. Ona görə həkim nəzarətinə ayıracaq zamanı da yoxdur.

«Birdən məni karantində saxlayarlar. Mən də getmək istəyirəm. Mənimlə əlaqə saxlamasalar yaxşıdır».

SƏRNİŞİNLƏRİN SİYAHISINI KİM VERİB?

Hələliksə onu araşdıraq ki, Səhiyyə Nazirliyinə sərnişinlərin siyahısını kim təqdim edib? AZAL Hava Yollarının mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir:

«Yox, onu bilmirəm. Amma onu bilirəm ki, xəstəlik tapılan təyyarə xüsusi maddə ilə təmizlənib».

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin suala cavabı belə oldu:

- Sərnişinlərin siyahısı sanitar epidemoloji nəzarət qurumundadır. Məndə yoxdur.

- Yəni siyahını AZAL-dan götürmüsüz?

- Yəqin ki…

Britaniyadan qayıdan Şəhla Əyyubova söhbəti nə qədər zarafata salsa da, bir az da narahatdır. Xəstəliyin əlamətlərini soruşur və xəbər alır ki, görəsən o xəstə olmadığını necə dəqiqləşdirə bilər. Bir də görəsən, xəstə hansı aviaşirkətin təyyarəsi ilə uçurmuş: AZAL Hava Yollarının, yoxsa Britiş Hava Yollarının?..

«ONU SƏHİYYƏ NAZİRLİYİ BİLƏR. MƏN BUNU YADDAŞIMA KÖÇÜRMƏMİŞƏM»

Bu cavabı bizə AZAL Hava Yollarının mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli verir. Bir onu deyir ki, Azərbaycandan Britaniyaya, Britaniyadan da Azərbaycana az qala hər gün təyyarə uçur. Sərnişinlərə bu xidməti həm AZAL, həm də Britiş Hava Yollarının təyyarələri göstərir.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə deyir ki, onda xəstələrin hansı aviaşirəktin təyyarəsi, hansı reyslə uçması, təyyarələrin nömrəsi haqda məlumat yoxdur.

Bəs iyulun 29-da Azərbaycana gələn sərnişinlər dəqiq məlumatı necə ala bilərlər?

Hər necə olsa, xəstəliklə zarafat etmək olmaz. Anar Qədirlinin sözlərinə görə, əgər sərnişinlərdən kimsə narahatdırsa, ərazi poliklinikasına müraciət etsin.

RƏSMİLƏR NƏDƏN NARAHATDIR

Azərbaycanda isə artıq narahatdırlar ki, «donuz qripi»nin tapılması turizmə təsir mənfi göstərə bilər. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Xarici işlər Nazirliyi isə Azərbaycan vətəndaşlarına növbəti dəfə müraciət edib ki, H1N1 virusunun aşkarlandığı ölkələrə səfərlərini təxirə salsınlar.
XS
SM
MD
LG