Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:04

«Hərbi çağırış gəncləri «susdura» bilərmi?»


Əsgərlər referendumda səs verirlər, 18 mart 2009
Əsgərlər referendumda səs verirlər, 18 mart 2009
«Azadlıq» Radiosunun «İşdən Sonra» proqramında «Hərbi çağırış gəncləri «susdura» bilərmi?» sualı ətrafında diskussiya oldu. «Ordunun dostları» klubunun rəhbəri Emin Həsənli və hərbi ekspert Üzeyir Cəfərov polemika edirdilər. Diskussiyadan bəzi sualların cavablarını təqdim edirik.

- Hərbi çağırışdan gənc fəalları susdurmaq rıçaqı kimi istifadə haqda təəssürat özünü doğruldurmu?

Ü.C.: Təəssüflənirəm ki, ordu bəzən siyasi məqsədlər üçün istifadə olunur. Birmənalı şəkildə. Ağasif ilə bağlı olan məsələdə, mən bu günədək eşitməmişəm ki, belə operativlik göstərilsin. Burada biz bir-sıra hüquqi pozuntuların şahidi oluruq. Ən azı, sözü gedən işlə hərbi prokurorluq məşğul olmalı idi. Dərinə gedəndə «niyə» sualına cavablar tapılmır.

Ümumiyyətlə isə, hərbi çağırış rıçaqından Zamin Hacı, Eynulla Fətullayev, Fazil Mustafa, Əkbər Həsənov kimilərinə tətbiq olunub.

E.H.: Ordunun bu məsələlərə qarışdırılması məndə təəssüf doğurur. Qanun var axı. Kişi cinsindən olan hər bir Azərbaycan vətəndaşı 18 yaşa çatanda, möhlət hüququ yoxdursa, hərbi xidməti keçməlidir. Başqa şəxslər xidmətə çağırılanda, nədənsə xidmətdən yayınanda, cəzalandırılanda problem olmur. Amma, hanasısa gənc fəaldırsa, məqalə yazırsa, jurnalistdirsə, ictimai təşkilatın rəhbəridirsə - deməli o xidmətə çağırıla bilməz? Niyə o, xidmətdən yayınanda cəzalandırılmamalıdır? Məhkəmə olacaq, orada isə hər şey sübut olunacaq.

Üzeyir bəyin sadaladığı şəxslər isə hər biri vaxtında və zamanında xidmətə çağırılıb və aparılıb. Onların heç biri narazı olmayıb. Onlar Azərbaycan vətəndaşlarıdır. Özlərini sağlam hesab edirlər. Gedib xidmət də etməli idilər. Qayıdıb yenə də fəaliyyətləri ilə məşğul olurlar.

- Siz «hərbi çağırış xofu»nun mövcudluğunu inkar edirsiniz?

E.H.: Bir xoşagəlməzlik var. Cəmiyyətimizdə həm əsgər, həm də tələbə «yazıq» obrazına salınıb. Bu belə deyil. Tələbəlik illəri həyatın ən gözəl illəridir. Əsgər isə vətənin müdafiəçisidir. Hazırda valideyn övladını toy-bayramla orduya yola salırlar.

Heç bir xof yoxdur. Onu yaratmağa çalışırlar. Ordumuzun güclü olmasının istəməyən qüvvələr var. Bilərəkdən və bilməməkdən. Çətin regionda yerləşirik. Qonşu dövlətlər ən azı bunu istəmir. Daxildə isə, şişirtmələr var. Azərbaycanda hazırda böyük əksəriyyət bunu qəbul edir ki, ordunu sevirlər, formanı sevirlər. Ordunu özündə xeyli islahatlar gedir. Nizami ordumuz var. Peşəkar orduya da keçmək haqda fikirlər səslənməkdədir. NATO standartlarına uyğunlaşırıq.

Ü.C.: Açığını deyim ki, o xof var. Onu yaradanlar da kifayət qədər ciddi vəzifələrdə əyləşir. Emin bəy deyir ki, «toy-bayramla orduya gedirlər». Bəli, amma yanında da anası-atası hərbi hissələrdə olan biabırçılığı sonradan görür. Bunlar açıqlanmır. Gedin baxın. Oğulları «palatka» ilə yola salırlar, «palatka» ilə də o geri gəlir. Xof buna görə yaranır.

Bu gün reallıq odur ki, cavan şəxs həbsə atılıb. Cəmiyyətdən gələn siqnallara diqqət ayırmaq lazımdır.

Bütövlükdə proqramı dinləyə bilərsiniz.
XS
SM
MD
LG