Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Xalq diplomatiyası nəyi həll edir?


Lorens Broers
Lorens Broers
Böyük Britaniyanın «Barışıq Resursları» («Conciliation Resources») adlı qeyri-hökumət təşkilatının Qafqaz üzrə Layihə Meneceri Lorens Broers «Azadlıq» radiosuna müsahibə verib.

- Hazırda sanki xalq diplomatiyası böhran içindədir. İyul ayına planlaşdırılan səfərlər təxirə salınıb. Bəlkə doğrudan da böhran yaşanır?

- Bu böhran, məncə, imzalanacaq sülh müqaviləsinin istiqamətində perspektivlərin üzə çıxması ilə bağlıdır. Nəticədə, danışıqlarda birbaşa iştirak etməyənlər əndişə içindədir və vəziyyəti korlaya bilərlər. Onlar narahatdırlar ki, hadisələr nəzarətlərindən çıxır. Onlar həyatlarını müəyyənləşdirəcək prosesə təsir etmə gücünü itirirlər. Lakin bunu xalq diplomatiyasının böhranı kimi qiymətləndirmək olmaz. Məhz indiki vəziyyətdə xalq diplomatiyası mühüm rol oynayır. Lakin burada digər problem var. Qarabağ sülh nizamlanması prosesində biz artıq problemi gördük. Elita nümayəndələri bir-birilə görüşürlər. Lakin cəmiyyətlərinə qayıdarkən etirazlarla qarşılaşırlar. 2001-ci il Ki-Uest danışıqlarından sonra bu cür reaksiyalar bütün səyləri heçə endirdi.

- Başqa sözlərlə, xalq diplomatiyasının rolunu indikindən daha mühüm etmək olardı?

- Əlbəttə. Həm Azərbaycan, həm də Ermənistanda elita çox nüfuzludur. Cəmiyyətə nəzarət edirlər. Sülh prosesinə də təsirdə yeganə qüvvə kimi görünürlər. Amma elita «yuxarıdan aşağı» sülh razılaşmasını sıraya bilməz. Ona görə də, onlar əldə etmək istədikləri «sülh razılaşmasını» legitimləşdirməlidirlər. Bunun üçün xalqın səsini qazanmaq lazımdır. Cəmiyyətlə ünsiyyət kanallarını yaratmaq lazımdır.
Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağda sülhün bərqərar olmasına əsas maneə anlaşmazlıq və dezinformasiyadır. Sülh danışıqlarının 1-ci mərhələsində nəyin və necə müzakirə edilməsində anlaşmazlıq var. Cəmiyyət nəyin müzakirə edilməsini tam şəkildə bilməlidir. Hamının xəbəri olmalıdır. Danışıqlarda daha çox tərəf iştirak etməlidir. Xalq diplomatiyasının əvəzedilməz rolu bundadır.

- Bu o deməkdir ki, danışıqlar prosesi cəmiyyət və media üçün tam açıq olmalıdır?

- Mən demirəm ki, danışıqlar tam açıq şəkildə keçirilməlidir. Elita olaraq Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini bir-birilə müzakirə etmək vəzifəsini daşıyırlar. Əgər tam açıq danışıqlar olsaydı, böyük ehtimalla, hazırda müzakirə edilən məqamlar media tərəfindən düzgün təsvir edilməzdi və təhrif olunardı. Lakin hesab edirəm ki, hər cəmiyyətdə elita tərəfindən yaradılan diskussiya aparmaq lazımdır. Bu isə elita və cəmiyyətin qalan hissəsi ilə kompromis yaradar. Məgər bu, münaqişənin tərəflərinin maraqlarını təmin etmiş olmazımı?
Amma, məni bəzi son bəyanatlar ruhlandırır. Məsələn, prezident İlham Əliyev son müsahibələrin birində birbaşa qeyd etdi ki, «biz Dağlıq Qarabağ əhalisinin təhlükəsizlik problemlərini dərk edirik». Məhz bu cür bəyanatlar dediyim diskussiyalara səbəb ola bilər. Nəticədə, biz problemlərin həlli yollarını üzə çıxarda bilərik.

- Sizcə, Azərbaycan və Ermənistan cəmiyyəti arasında etibarın möhkəmlənməsində olan problemlərin səbəbi nədir?

- Burada fundamental sual var: etibarın möhkəmlənməsi nə deməkdir? Mən belə anlayıram ki, tərəflər münaqişəsində məsələyə 0 nöqtəsindən yanaşırlar. Mən nə edə bilərəm ki, özümü necə gücləndirməliyəm ki, düşmən qarşısında aciz qalmayım? Tərəflər həllə bir növ müqavilə kimi baxmırlar. Tərəflər öz etibarlılığını, şəffaflığını sübuta yetirmək üçün bu prosesdə iştirak etməlidirlər. Bu prosesdə məhz etibarlılığı yaradan amillər qabardılmalıdır. İlk addım kimi, snayperlərin təmas xəttindən yığışdırmaq təklifi bir nümunədir. Snayperlərin orada olması tərəflərə heç bir strateji üstünlük vermir axı. Hər ay məhz snayper gülləsindən adamlar ölürlər. Snayperləri geri çəkmək razılığı inamın almasında çox mühüm qərar olardı.

- Necə hesab edirsiniz, xalq diplomatiyası çərçivəsində bəlkə konkret sualların müzakirəsinin vaxtı çatıb. Məsələn, nəqliyyat sistemi, mülkiyyət sualları...

- İşçi qruplarını nə qədər istəyirsiniz yaratmaq olar. Müzakirə edilən mövzuların sayına uyğun olaraq. Onların daxilinə də vətəndaş cəmiyyətinin nümayəndələri salına bilər. Müxtəlif digər müzakirə ediləsi suallar var - sakinlərin ölkədaxili yerdəyişmə azadlığı, keçid dövründə qaçqınların yaşadıqları yerlərə qaytarılması, restitusiya (mülkiyyətin qaytarılması) məsələsi. Lakin bu cür qruplar xalq diplomatiyası və rəsmi danışıqların effektiv fazada olması zamanı həyata keçirilə bilər.

- Xalq diplomatiyasının sülh razılaşmalarında həlledici olması haqda nümunələr sizə bəllidirmi?

- Bəli, xalq diplomatiyası Şimali İrlandiyada vəziyyətin stabil qalmasında böyük rol oynayıb və oynayır da. Xüsusilə də, rəsmi strukturların gücsüzlüyü fonunda. Daha bir nümunə - aparteid rejiminin ləğvindən sonra Cənubi Afrika cəmiyyətində barışığın yaradılmasıdır.
Əgər biz Gürcüstan-Cənubi Osetiya münaqişəsinə nəzər yetirsək, doğrudur, orada xalq diplomatiyası çox aşağı səviyyədədir. Lakin Gürcüstan-Abxaziya qarşıdurması ilə müqayisə etsək, irihəcmli qanlı toqquşmalar məhz Cənubi Osetiyada oldu. Gürcüstan və Abxaziyanın mühüm siyasi və sosial subyektləri arasında bağlantıların olması qeyd etdiyim qanlı olayların qarşısını aldı. Məhz buna görə xalq diplomatiyasının rolu əvəzedilməzdir. Mən təsəvvür edə bilmirəm ki, «yuxarıdan aşağı» sırınan sülh Cənubi Qafqazda uğur qazana bilsin.
XS
SM
MD
LG