Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:51

60 yaşlı konvensiya müharibə zamanı yada düşmür


Fələstinli əsirlər, 7 yanvar 2009
Fələstinli əsirlər, 7 yanvar 2009
«ATAMI ÖLDÜRMƏ!»

«Avtomatı fırladı ki, yeznəmi vura. 8 yaşlı nəvəm yaraqlıların dizini qucaqladı, dedi ki, anamı öldürmüsən, bacımı öldürmüsən, atamı öldürmə, bəs bizi kim saxlayacaq. Dedi ki, atan desin, yer ermənindir, öldürməyim. Yeznəm qayıtdı ki, ölümdən ötrü vətəni satmaq olmaz».

1992-ci il fevralın 26-na kimi Xocalıda yaşayan Əntiqə xala danışır ki, bir gecənin içində həm qızını, həm kürəkənini, həm də nəvəsini itirib. 8 yaşlı nəvəsi atasını öldürməmək üçün onları əsir götürən erməni hərbçiyə çox yalvarsa da, faydası olmayıb. Əntiqə xala onu da deyir ki, 17 il əvvəl kürəkəninə verilən işgəncələri hələ də yaddan çıxara bilməyib.

Bu gün 60 yaşı tamam olan Cenevrə Konvensiyasına görə, hərbi əsirlərlə kobud davranmaq, onlara işgəncə vermək olmaz. Bu konvensiyaya Qafqaz ölkələri də qoşulublar. Amma ekspertlərə görə, müharibələr zamanı bu tələblər heç yada da düşmür.

«AZƏRBAYCAN ÖZÜ QURBANA ÇEVRİLİB»


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, Qarabağ müharibəsi zamanı həmin konvensiyanın bütün şərtləri pozulub. Xüsusən də bu, Xocalıda müşahidə olunub. Bu ərazidə konvensiyanın dörd şərtindən üçünə əməl olunmayıb, əvvəla genosid törədilib, insanlıq əleyhinə addımlar atılıb və sairə:

«Məsələ ondadır ki, Azərbaycanın özünə qarşı, vətəndaşlarına qarşı hərbi, insanlıq əlyehinə genosid siyasəti baş verib. Azərbaycanın mülki əhalisi genosid siyasətinin qurbanına çevrilib. Azərbaycan-Ermənistan konflikti zamanı milyona yaxın insan deportasiya olunub,
Sahib Məmmədov
mülkiyyət hüququndan məhrum olunublar, işgəncələrə məruz qalıb, girov götürülüblər. Bunu da Ermənistan dövləti edib və o da Cenevrə Konvensiyasının iştirakçısıdır».

MÜHARİBƏDƏ KONVENSİYA YADA DÜŞMÜR

Cenevrə Konvensiyasının 60 illiyi qeyd olunduğu gündə təəssüflə vurğulanır ki, bu sənədin şərtlərini hətta dünyanın ən sivil ölkələri də yerinə yetirmirlər:

«Yuqoslaviya müharibəsi zamanı NATO qüvvələrinin reallaşdırdığı, yaxud İsrailin Fələstinə qarşı ötən ilki hərbi əməliyyatı, Rusiyanın Gürcüstanda apardığı müharibə zamanı konvensiyanın tələblərinin pozulduğu qeydə alınıb. Təəssüf ki, bu gün müharibələrin tənzimlənməsi məqsədi daşıyan konvensiyalar təmin olunmur».

Bəs Azərbaycan hərbçiləri münaqişə zamanı Ermənistanın mülki vətəndaşlarına və ya qarşı tərəfdən götürülmüş əsirlərə qarşı konvensiyanın tələblərinə əməl ediblərmi? Sahib Məmmədova görə, Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyat aparmayıb ki, orda konvensiyanın tələbləri pozulsun. Amma hərbi əsirlərlə bağlı Ermənistanın iradları ola bilər.

«ƏN BÖYÜK MİNUS»

Azərbaycandakı başqa ekspertlər də Sahib Məmmədovun fikirlərini bölüşürlər. Məsələn, Almaniyada yerləşən İtkin düşmüş şəxslərin, əsir və girovların azad olunması üzrə beynəlxalq İşçi Qrupun Azərbaycandakı nümayəndəsi Əvəz Həsənov. O deyir ki, Azərbaycan müharibə dövründə də, sonrakı illərdə də ümumən konvensiyanın şərtlərinə əməl edib:

Əvəz Həsənov
«1996-cı ildən bu yana ümumən Azərbaycanda hərbi əsirlərn saxlanması şəraiti bir az normallaşıb. Həm əsirlərə dövlət komissiyasının qayğısı, həm Qırmızı Xaç Komitəsinin onlarla görüşməsinə, valideynləriylə yazışmalara icazə verilməsi yönündə irəliləyişlər var. Dövlət müəyyən mənada sistemli iş görə bilib».

Amma Əvəz Həsənov bundan narahatdır ki, hərbi əsirlərin Azərbaycana qayıdışından sonra ciddi pozuntular var. Bu, Azərbaycan üçün ən böyük minusdur.

«Əsirlikdən qayıdandan sonra ittiham olunurlar. Tutaq ki, hər hansı azərbaycanlı əsgər bilərəkdən və ya yolu azıb qarşı tərəfə keçibsə, daha ağır cəzayla ittiham edilir. Məsələn, hər hansı hərbçiyə üç il yarım cəza düşürsə, 11, 14 il iş verir, vətənə xəyanətdə ittiham edirlər. Yəni bu baxımdan dövlət islahat aparmalıdır».

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komisiyası isə bu cür bəyanatlara həmişə rəqəmlərlə cavab verir. Komissiya bəyan edir ki, ölkəyə qaytarılan 1400-dək əsirdən yalnız 20-dən çoxu azadlıqdan məhrum edilib.

O ki qaldı, qarşı tərəfdən düşən əsirlərlə rəftara, Əvəz Həsənov deyir ki, bu yöndə Azərbaycan hökumətinə ciddi irad yoxdur. Amma 2003-2004-cü illərə kimi Ermənistanın yararlandığı üsuldan indi Azərbaycan istifadə edir. Hərbi əsirlərin üçüncü ölkəyə göndərmək cəhdləri çoxalıb.

Azərbaycan Cenevrə Konvensiyasını 15 ildir ki, ratifikasiya edib. Eyni zamanda, yerli qanunvericiliyə bununla bağlı düzəlişlər edilib.
XS
SM
MD
LG