Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:52

Nəzirdən vergi vermək narazılıq doğurub


Vergilər Məcəlləsinin 106-cı maddəsində ianələr vergidən azad edilib

«HEÇ KİMİN İANƏ PULLARINA ƏL VURMAĞA İXTİYARI YOXDUR»


Nəzirdən vergi. Bu məsələ məscid axundlarının ciddi narazılığına səbəb olub. Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 12-ci qurultayında bu narahatlığı Lənkəranın axundu Hacı Sədi dilə gətirib. O deyir ki, Vergilər Nazirliyi məscidlər qarşısında qeydiyyatdan keçmək və yığılan ianələrə görə vergi ödəmək tələbini qoyub. Hətta Lənkəran, Masallı və Astara məscidləri vergi qeydiyyatına durmadıqları halda cərimə olunacaqları ilə bağlı iki dəfə xəbərdarlıq məktubu alıblar. Bu məsələyə QMİ-nin rəhbəri Allahşükür Paşazadə də ciddi reaksiya verib. O, ianə puluna heç kimin müdaxilə etməyə ixtiyarı olmadığını bəyan edib.

NƏZİR QUTULARINDAN NƏ QƏDƏR PUL YIĞILIR?

Amma Qafqaz Müsəlmanları İdarəsinin əldən vermək istəmədiyi ianə pullarının miqdarı məlum deyil. QMİ-də hesab edirlər ki, bir-neçə iri məscid və ziyarətgahlardan başqa, yığılan ianələr ayda 20-30 manatdan çox olmur. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, məscidlərdə yığılan bütün ianələr barədə qeydiyyat aparılır və hesabat hazırlanır. Bir sözlə, bu sahə nəzarətsiz deyil:

«Vergilər onu çox zaman gəlir hesab edirlər, amma bu gəlir deyil, könüllü ianədir. Bu kiminsə ziyarətgaha etdiyi könüllü yardımdır. Bu yardımdan necə vergi toplamaq olar? Bu, istehsal sahəsi deyil ki?»

Daha çox ianə toplanan məscidlərdə yığılan pullara gəlincə, hömsöhbətim deyir ki, bu pullar elə də çox olmur və əsasən həmin məscidlərin kommunal işlərinə xərclənir. O da çatsa. Rəhimə Dadaşova deyir ki, ianələrin toplanması dünyanın hər yerində var, amma bu məsələ Azərbaycandakı kimi heç yerdə belə müzakirə mövzusu deyil:

«Nə qədər xarici ölkələrdə olmuşam, hamısında, hətta mehmanxanalarda, hava limanlarında üzərində xaç şəkli olan qutular var. Heç kim də bizdəki kimi bununla maraqlanmır. Adamlarda elə təsəvvür yaranır ki, nəzir qutularında xeyli məbləğlər yığılır. Amma bəzən həmin qutuların içərisində çox xırda məbləğlər olur. Bu, nədənsə bizim jurnalistləri həddən artıq maraqlandırır».

«MERCEDES» SÜRƏN AXUNDLARA PULU QARDAŞLARI RUSİYADAN GÖNDƏRİB»

Vergilər Nazirliyindən xəbərdarlıq alan Lənkərandakı Hüseyniyyə məscidinin axundu Hacı Ələşrəf isə deyir ki, nəzir qutularına nə ianə yığılır ki, ondan da vergi ödəsinlər:

«Elə aylar olur ki, nəzir qutularından 20-25 manat pul götürürük. Bəzən bu 40-50 manat olur. O da məhərrəmlik ayında, aşurada olur. Amma indi pul yoxdur. Bizim məscidin 5-6 nəfər işçisi var, mən heç onlara maaş verə bilmirəm. Əvvəllər 80-100 manat olurdu. İndi nədirsə pul yoxdur, ya adamlar nəzir vermək istəmir, ya da imkanları yoxdur».

Hacı Ələşrəf deyir ki, bəzən məscid axundlarını nəzir pulları hesabına xarici avtomobillərdə gəzməkdə, dəbdəbəli evlərə sahib olmaqda ittiham edirlər. O hesab edir ki, bu deyilənlər əsasızdır:

«Vallah mən bir iki nəfərdən başqa, «Mercedes» sürən axund görməmişəm. «Mercedes»i olanlara da Rusiyadakı qardaşları yardım edib. Mən 20 ildir məscidin axunduyam, bir köhnə «06»ım var. O da tez-tez xarab olur, heç pulum da yoxdur ki, iki dənə təkər alım».

NAZİRLİK İANƏLƏRDƏN VERGİ İSTƏMİR

Amma Vergilər Nazirliyi ianələrdən vergi tutmaqla bağlı dini icmalara hər hansı müraciət göndərilməsini təkzib edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov deyir ki, dini icmalara olunan müraciət onların vergi qeydiyyatına durmalarıyla bağlı olub ki, bu da qanuni bir tələbdir.

Fariz Səmədovun fikrincə, qanunla kommersiya və qeyri-kommersiya təşkilatları dövlət qeydiyyatına alınandan 30 gün sonra vergi uçotuna durmalı və vergi ödəyicisinin eyniləşmə nömrəsini (VÖEN) almalıdır. Bu müddət ərzində vergi uçotuna durmayan təşkilat 40 manat cərimə edilir. Üstəlik, o, yada salır ki, Vergilər Məcəlləsinin 106-cı maddəsində ianələr vergidən azad edilib.
XS
SM
MD
LG