Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Neft şirkətinin bağçalarında qiymət artımına etiraz


DNŞ bir uşağa 233 manat xərclədiyini deyir

Dövlət Neft Şirkətinin (DNŞ) balansında olan bağçalarda neftçi olmayan ailələrin uşaqları üçün aylıq haqqın 20 manatdan 100 manata qaldırılmasına etiraz edən bir qrup valideyn avqustun 26-da şirkətin Sosial İnkişaf İdarəsi qarşısında piket keçiriblər. Aksiya iştirakçılarının dediyinə görə, DNŞ-in bağçalarında uşaqlara 20 manatlıq xidmət göstərilmədiyi halda, qiymətlərin 5 dəfə qaldırılması başadüşülən deyil. Hələ ilin əvvəlində şirkətin balansında olan bağçalarda qiymət artımı gündəliyə gələndə, bu, etirazla qarşılandı və daha sonra həm şirkət əməkdaşları, həm də kənar şəxslərin övladları üçün aylıq ödəniş elə 20 manat da saxlanıldı. Şirkətin qəbul etdiyi yeni qaydalara görəsə, sentyabrdan neftçi olmayanlar övladları üçün ayda 100 manat ödəməli olacaqlar.

DNŞ NEFTÇİ NƏNƏ-BABALARI SİYAHIDAN ÇIXARIB

Yeni qaydalara görə, həm də DNŞ-də işləyən nənə və babalara görə nəvələr üçün nəzərdə tutulan güzəştlər də ləğv edilib. İndi bu bağçalarda yalnız şirkətdə işləyənlərin övladlarına güzəştlər edilir. DNŞ-də bu güzəştin ləğvini iqtisadi böhranla əlaqələndirirlər. Vaxtilə DNŞ-də işləmiş Umud Bağırlı deyir ki, necə olur ki, dövlət kommunal xərclər, yeyib-içmək və s. üçün ayda ona verdiyi 80 manat pensiyanı yetərli sayır,
Umud Bağırlı
amma nəvəsinin 20 günlük bağçaya getməsinə 100 manat alır?

«Uşaq ayın 20 gününü bağçada olur, özü də 6-7 saat. Buna görə 10 manat istəyir, 60 yaşlı kişiyə isə 80 manat verir. Deyir, sən get bununla dolan, amma uşağa görə mənə 100 manat ver. Bunu artırmağın nə mənası var, mənim uşağıma gündə kabab vermirlər ki? Günorta bir qab sup verirlər, bir də yatmağa yer. Vəssalam».

«NİYƏ BİZİM ÖVLADLARIMIZIN PSİXİKASINA ZƏDƏ VURURLAR?»

Üç övladını DNŞ-in bağçasına göndərən Elşən Eynullayev isə deyir ki, indi belə çıxır ki, o, heç bir şəraiti, istiliyi olmayan bağça üçün ayda 300, ildə 3600 manat ödəməlidir:

«Pullu universitetlərdə illik təhsil haqqı 1000 manatdır, amma balaca uşaqlara görə bizdən bağçada 1200 manat tələb edirlər. İkincisi də ki, əgər neft ölkəsində neft strategiyası xalqın ümumi rifahına müsbət təsir göstərmirsə, onda Türkmənistana niyə gülürlər? Orda hər şey pulsuzdur. Biz demirik ki, havayı olsun, elə 20 manat qalsın. Elə 20 manat o bağçaların qızıl qiymətidir. Niyə bizim övladlarımızın psixikasına zədə vururlar?».

Elşən Eynullayev
Elşən Eynullayevə görə, neftin ucuzlaşmasından itirilən pulları uşaqların hesabına qazanmaq istəyirlər.

VALİDEYNLƏRİN İNANMADIĞI RƏQƏMLƏR – BİR UŞAĞA AYDA 233 MANAT

DNŞ-in Sosial İnkişaf İdarəsində isə valideynlərə xəsislik etməmək məsləhət görülüb. Onlara deyilib ki, bir uşağın aylıq xərci 180 manatdan çoxdur, amma şirkət onlara 80 manat güzəşt edir. Hətta valideynlərə onu da deyiblər ki, neftçilərə gündə 3 manat yemək pulu verildiyi halda şirkətin bağçalarında uşaqlara 6-7 manat xərc çəkilir.

Amma Sosial İnkişaf İdarəsində deyilən bu məlumatları Dövlət Neft Şirkətində təkzib elədilər. Narazıları qəbul edən şirkət rəsmisinin dediklərindən məlum oldu ki, bir uşağa çəkilən aylıq xərc 232 manat 85 qəpikdir. Yəni hər gün DNŞ-in bağçalarında bir uşağa 11 manat 25 qəpik xərc çəkilir. Valideynlər bu deyilənlərə etiraz etsələr də, şirkət nümayəndəsi istilik və s. məsələlərə görə bəzi xərclərin olduğunu bildirdi.

HAŞİYƏ

Rəsmi məlumatlara əsasən, hazırda DNŞ-in balansında olan 44 uşaq bağçasında 3580 uşaq var. Onların 2111 nəfərinin valideyni neftçi olanlar, 703 nəfəri güzəştli, 766 nəfəri isə qeyri-neftçilərin ailələrindən olan uşaqlardır. Elə bu ilin sentyabrından 100 manatlıq ödəniş sonunculara aiddir. Şirkət rəsmisinin dediyinə görə, altı ay ərzində şirkətin balansında olan bütün bağçalara DNŞ 4 milyon 800 min manat xərcləyib.

Şirkət nümayəndəsinin dediyinə görə, yalnız Təhsil Nazirliyinin bağçası olmayan yerlərdə şirkətin 11 uşaq bağçasında aylıq ödəniş 50 manatdır.

Amma valideynlər deyirlər ki, onlar şirkət bağçalarında bir uşağa 230 manatdan artıq pul xərclənməsinə inanmırlar, uşaqlara uzaqbaşı bir–iki manatlıq yemək verilir. Bundan başqa, son illər bir dənə də olsun yeni avadanlıq görmürlər. İstilik sistemi acınacaqlı vəziyyətdədir:

«Qışda uşaqlar yığışırlar kustar üsulla hazırlanmış peçin başına. Çarpayılar pis gündə. Biz uşaqları poliklinikaya aparmışdıq, dedilər onların belləri əyilib və bu, çarpayıların yaxşı olmamasıyla bağlıdır».

Valideynlərin dediyinə görə, DNŞ-in balansında olan bağçalarda ödəniş haqqı son iki ildə 11 dəfə artıb. İki il əvvəlsə ödəniş 9 manat olub.

Dövlət Neft Şirkətində valideynlərə məsələnin müsbət həllilə bağlı hər hansı vəd verilmədi. Deyildi ki, şirkətin rəhbər şəxslərinin hamısı məzuniyyətdədir və onlar qayıdandan sonra məsələ diqqətlərinə çatdırılacaq. Elə nəticə də onların qəbul edəcəyi qərardan asılı olacaq.
XS
SM
MD
LG