Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:26

Rafiq Tağı "ƏLVERİŞLİ İNTİHAR HÜNDÜRLÜKLƏRİ" (Hekayə)


Gecəni diri açır. Gün çıxanacan da dörd divar arasında dəli kimi gəzəcək.
- Ay ata, şəhərdə də xoruz saxlayırlar ki! - bir səhər Solmaz İsrafilə sanki şad xəbər verdi. Elə bil ondan muştuluq istəyirdi.
- Ay bərəkallah! Bə indiyəcən bilmirdin?
- Mən Bakıda xoruzu ancaq dükanda görmüşdüm.
- Bu saat şəhər də kənd kimidir.

- Şəhər ən çox da gecələri kəndə oxşayır: itlər hürüşür, xoruzlar banlaşır.
- Sən xoruz banını vağzal səmtindən eşidibsən...
- Nə bildin? Niyə ancaq ordan?
- Çünki rayonlardan satmağa gətirirlər. Onlar da vağzalda banlaşır. Yəgin etiraz edirlər.

Solmaz qoyduğu şeyin yerini bilməz. Dünən günortayacan qayçını axtarıb, günortadan sonra yaşıl sapı. Özü də hər şeyi bir-bir axtaracaq. Qayçını tapmayınca, yaşıl sap gözünə girə, götürməz. Buna dəli deməyib, nə deyəsən? Dəlinin buynuzu olmur ki. Ancaq hayıf ondan. Əlbəttə, İsrafil nə yaxasını kənara çəkir, nə də bunda özünü günahsız sayır. Ona yaxşı ata olmadı.

Hə, burda bir şey qaranlıq qalır, görən, yaşıl sapı neyləyirdi? Şoğərib yaşıl sap düz yarımca gün onun probleminə çevrildi. Gün batana yaxın artıq sapdan ötrü qan-tər içində ora-bura yüyürürdü. Qürubun şüaları onun kölgəsini divarlarda oynadırdı. Axır tapmadı ki. Sap özü tapıldı.

İsrafili qorxudan əsas cəhət Solmazın dəqiqəbaşı eyvana çıxıb, yeddinci mərtəbədən aşağı boylanmağı idi. Buna saatları gedər, uf deməz. Allah göstərməsin, bəlkə elə gözəyarı hündürlüyü ölçür - hoppansa ölər, ya ölməz?

Ölməsə, fikirləşir, biabırçılıqdır. Ancaq gələcək intiharını indidən yeganə uğuru sayır. Plan qurub ölümə çatdınsa, demək, zəhmətin bəhrə verdi. Yeddinci mərtəbə onu peşman etməz, inşallah! Doqquzda olmuş olsaydılar, çoxdan yerə tullanmışdı, deyir. Can-başla, arxayınçılıqla. Bəla burasındadır ki, yeddidən atılıb diri qalmaq da olar. Olsa-olsa sümükləri sınacaq, qabırğaları xıncımlanacaq. Sən demə, özünəqəsd elə də asan məsələ deyil. İntihar ən çətin bir peşədir. Onun çəmini-üsulunu tapmaq zülümdən də zülümdür. Həm də intihar kriminalistik hadisədir. Onu gizlin etməlisən. Dinc adam belə işi başarmaz. Hələlik həyata məhkumdu. Ancaq qabaqlar çox eşidib: ay kimsə beşdən yıxıldı, leş oldu, ay biri altıdan atılıb gəbərdi. Hətta dörddən də olub - ölüb.
Yox, yeddidən yıxılan ölə də, sağ qalmaz. Bir sözlə, get yeddidən mayallaq aş, o dünyaya yumbalan. Atası sağ olsun ki, işdən mənzil alanda, bu mərtəbəni seçib. Bu mərtəbə onun bəxtinə bəlkə də təsadüfən düşüb, ancaq yenə min sağ olsun. Yeddinci - əlverişli intihar hündürlüyü, ölümlər üçün məqbul mərtəbədir. Özü də hesablasan, ordan o dünyaya üç-beş dəqiqəlik yoldu. O dünya insanın qulağının dibində, ağzının içində imiş.

Yaxşı, razılaşdıq, ölüm imkanı var. Həm də bu onun əlində olan yeganə imkan idi. Düzdü, atası bu cür-bu sayaq imkanlara vız atmır da. Halbuki yeri gəlsə, mövcud intihar şəraiti mənzilin özündən də qiymətli sayıla bilər.

Əcəb intihar eşqinə düşənlərin yerini biləsən, hər dəfə bu mənzili beş-on dəqiqəliyə icarəyə verəsən. Eyvandan o dünyaya uzanan yol çörək ağacına çevrilər, var-dövlətləri başdan aşar. Arada onlara baxmaqla intiharın qaydalarını da öyrənərdilər.

Fikirdən İsrafilin baş-gözü ağarıb. Yeganə təskinliyi nədəndi: yaşıl sapı yarımca gün axtaran kəs özünə qəsd etməz. Əgər yaşıl sapı axtarıbsa, demək, gərək olub da-a. Belə çıxır, onun həyatla bağlı gələcək planları var.

Güman, öz paltarındakı sökükləri çitəyəcək. İsrafil ha fikirləşdi, yaşıl sapın gərək olacağı köynəyini-zadı yada sala bilmədi. Onun köynəklərinin hamısı ağdı. Yox, onun öz paltarıdısa, ura, deməli, hələ də xeyli geyəcəyini düşünür. Yaşıl sap onda közərən, ancaq həm də getdikcə öləziyən həyat eşqinin əlaməti, onun bir sübutu idi. Bə nə, geyənəcəkləri yalnız həyat naminə yamayar, ya tikərlər. Yaşıl sapı ölüm üçün axtarmazdılar ki.
Ura, onun pessimizmi intihara yetməyəcək!

İsrafil hər axşam bir sınaq qoyur: Solmazın gah çətiri, gah çantasını, hərdən də dəftər-qələmini gizlədir. Görsün, qızı əlimyandıda onları axtaracaq, ya yox? Axtaracaqsa, kəlləni balışa atıb rahatca yatmaq olar. Qızı ölməsə, özü də yaşayar. Həm də əşi, Solmaz hələ ölməyi bacarmaz. Bu barədə kaldır. İntiharlar haqda nə eşidib, nə də kitablarda rast gəlib. Onun hər işinə bələd ata kimi deyir: elə bir kitabı nəyinki oxumayıb, heç görməyib də.

Allaha şükür, Əlyazmalar İnstitutunda eləsi olmur. Qısası, intihar xüsusi savad tələb edir. Yox, ölə də, ölməyəcək! Onu ölməyə qoyan kimdi?! Həm də ay balam, ölənlə birgə ölməzlər ki. Ana rəhmətə gedibsə, əksinə, yaşamalısan. Onun dalınca sən də ölsən, əksinə, ədəbsizlik çıxar. Ya da qarnının azarını de, biz də bilək: sən ananı xatırlamaq istəmirsən, ona görə də dünyadan köçürsən. Dərd çəkən yetimçə deyilsən. Özünü öldürməklə ananı xatırlamaq əzabından qurtulursan. Canını götürüb qaçırsan. İsrafil gələcək üçün beləcə təbliğat planları qurur. Ancaq qızı da az aşın duzu deyil, əks-arqumentlər gətirə bilər. Buna hazır olmalı. Belə çıxır ki, deyər, ana ölümü balada həyat eşiqini artırmalıdır? Düz də deyəcək.

Onda yuyulmamış qaşıq kimi tez də özünü ortalığa atar. Yoxsa ataya yazığın gəlmir? - soruşar. Bax, özün bil, sən ölsən, mən də öləcəyəm. Hələ basıb-bağlayacaq da: ay sən atanın qəsdinə durubsan, ay sən onun ölümünü arzulayırsan. Onun da sübut-dəlilləri göydə hazır: mən öləndə, sən də öləcəksənsə, ana ölübsə, bə mən niyə ölməməliyəm? “Ölüm sevgilərin məntiqi nəticəsidir”, - ona bu cür mədənicəsinə institut dilində də deyər. Onda ata başqa dəlillər ortaya qoyar: ata-ana ölümü ağlabatandır, balanınkısa yox. Qız: ata-anadan sonra özlərini öldürməyənlər ata-ananı sevməyənlərdir. Yenə o: məncə, yer üzündə heç kəs ata-anasını sevmir. Əslində elədir, vallah. Ata-analardan sonra övladların yaşaması böyük tərbiyəsizlikdir. Ata, ya ana soyuq və yaş, bərk torpaq altda yatacaq, sən də isti və yumşaq yorğan-döşəkdə fıs vuracaqsan? Canın gözündən çıxsın, ata-ananı yaxşı xatırlayan oğulsansa, zəhmət çək, hər gecə yorğan-döşəyinə bir vedrə su əndər, gir elə orda da yat.

İsrafil qızı çaşdırmaq, ölümdən yayındırmaq üçün bu yerdə yalandan gülə də bilər.
"Ata hələ sağ, sən artıq onu öldürdün".
"Məsələn deyirəm", - qız deyər.
"Hamı ata-anasının dalınca gedəcəksə, dünyada adam qalmaz ki".
"Qalmaz qalmasın, bu dünya boş olsa yaxşıdır".

Get-gedə İsrafil də qızına oxşayır: bütün günü lal oturur.

Solmazın əvvəldən bəxti qara yazıldı. Oxumaq onu min il dala atdı. Maral kimi qız - onu arxivlər yedi. Günəşsizlik və havasızlıqdan, rütubət və yeməməzlikdən topuğuna çatan uzun saçları çəngə-çəngə töküldü.

Şəkilləri durur: həvəsli döş-başı vardı. İndi hanı? Hələ ailə qurmayıb - döşləri göbəyinə sallanır. İsrafil yanıb-yaxılır: uşağı beş yaşından namusa sürüklədi. Qaraürəkliyi ucbatından, bədbəxtliyə qısnadı qızını. Elm adına arxivlərdə eşələnərsə, fikirləşdi, guya namuslu qalar. Ümumiyyətcə, tüpürəsən namusa. Namus xoşbəxtliyin qənimidir. Həm də onda məhəbbət-zad da namussuzluğa dəlalət edirmi? Kim Leyliyə namussuz, Məcnuna biqeyrət deyər? İsrafil tozlu və nəm arxivləri namus faktoru kimi qabartdı. Elə bildi onda elçi elçi üstündən düşəcək. Ancaq elçi hardandı? Solmazı kitab qurdlarından savayı bir görən oldumu? Onu yalnız yumşaq dərisi üzərində gəzişən erkək kitab qurdları sevə bilərdi.

Allah eləməmiş, qızı intihar etsə, bu sədaqətli-mərd hərəkəti də gözü götürməyənlər tapılacaq. Ağzıgöyçəklər, ana bir bəhanədir, deyəcək. Burda nə var ki - ərə gedə bilmədi, onunçün də özünü öldürdü.
Yox, qızında yaşamaq həvəsi də yox deyil. Bu beş ayda özünü öldürəcəyinə söz verirsə də, hələlik sakitlikdi.

Xüsusən də onun yaşıl sapı axtarması İsrafili ümidləndirmişdi. Yaşıl sap həyata açılan yaşıl işıqdı. Ancaq yatıb-arxayınlaşmaq da yaramazdı. Kim demiş, fəaliyyət gərək. Bacardıqca onun başını qatmalı.
Nədən-nədən, bir gün Solmaza futboldan söhbət açdı. Qızı elə bil oğlandı. Guya dünya çempionatı vaxtı, necə güclü zərbə vurubmuşlarsa, top uça-uça gəlib ekrandan otağa sıçrayıbmış. Qarşıdakı divara da dəyib, gözünün qabağındaca təzədən ekrana girib. Ekrandan stadiona yumbalandığını öz gözləriylə görüb.

- Ay ata, ömründə elə şey ola bilməz!
- Olanda olur.
- Sən elə bil uşaq başı aldadırsan.
- And içim?

İsrafil qızının həyatı naminə yalandan and içməyə hazır idi. Solmaz bunu duyub, təkid eləmədi: kişi yalan and içər, başına bir iş gələr. Əlacsız qalıb inandı.

- Kaş elə məzəli hadisələrdən mən də görəydim...
- İstəsən, gələn çempionata birgə baxarıq. Bəlkə top yenə gəlib evimizə girəcək?
- Baxarıq, inşallah.
- İnan, vaxtında yana çəkilməsəydim, başım getmişdi.
- Gələn çempionat haçandı?
- Ona üç il qalır.
- Mərcləşərik də.

"Gərək vaxtı uzadaydım".
- Yox, beş il.
- Olsun.

"Ura, Solmaz çempionatı beş il gözləyəcək! İntihar getdi işinin dalınca!"
İsrafil düz bir həftə şad-xurrəm gəzib-dolandı. Kefindən üzünü də özü qırxmır, gedib dəlləyə taraş etdirir, hər gün də işdə bir başqa qalstukda görünürdü. "Təzəbəyə oxşayırsan", - işdə ona sataşırdılar. Namxuda, onların işində söz-söhbət əsasən evlənib-boşanmaqdan, arvadlardan-zaddandı. Bay, deməzsən, ondakı bu hal qızında əks-effekt doğurdu. Solmaz bunları atanın arsızlığına yozdu. Arvadı ölüb, bir buna bax. İlahi, bəlkə də o, təzə eşqə düşüb.

Qızı axşamlar yenə anasının böyüdülmüş şəkli önündə oturur, gözünün müzüyünü axıdır.
Başqa bir əhvalat uydurmaq vacib oldu.
Guya bildir Yer şarı fırlanarkən Sakit okean gecənin bir aləmində sakitcənə qopub göyə uçub. İndi altdan yuxarı baxanda, Sakit okean göydə akvarium kimi görsənir. İçində də balinalar, balıqlar.

- Ay ata, elə şey olar? - qızı təəccübdən böyümüş yumru gözlərlə ona baxdı.
- Olanda olur.
- İndi Sakit okean göydədi?
- Bə harda olacaq?
- İnanan daşa dönsün.
- Mən sənə yalan deyirəm?
- Məncə, orda deyil.

- Beş yüz faiz ordadı.
- Mərc gələk?
- Xarici qəzetlər partapart yazır.
- Bu saat balinalar göydə uçur?
- Sakit okean ancaq beş-on ilə yerə enə, ya enməyə.
- Gözləyək, görək.

"Allaha şükür, ondan yenə beş-on il qopara bildim. Yaşamaq vədi alındı".
Hələ bu cür şişirtmə söhbətlərin biri də qalır; onu ehtiyata saxlayıb. Düzdü, bir az ayıb cəhətləri də var. Ancaq neynək. ...Bir gün balaca bir şəhərin işğalı ərəfəsində türmələrin ağzı açılır. Qısa məzmun ondan ibarətdir ki, Tahir adlı birisi heç uzağa qoymur: elə ordan çıxan günü qonşu evlərdəcə üç qızı zorlayır. Sonra şəhərə dönən yolda pusqu qurub onlarca düşməni leş eləyir. Qızları zorlayıbmış ki, ölərsə, bəlkə ondan övlad yadigarı qala.

Evlənməyə vaxt hardandı? Doğrudan da, ürəyinə gələn başına gəlir, Tahir döyüşdə ölür. Üç qızdan bircə oğul payı dünyaya göz açır. Uşaq böyüyür, atasına oxşayır. Sonrakı dövrün də qısa məzmunu ondan ibarətdir ki, oğlanı Tahir bilib tuturlar. Düşünmürlər də ki, "cinayət"dən iyirmi il keçəndən sonra caninin yaşı 20 ola bilməz.
Solmaz bu söhbəti eşitsə, başını yırğalayacaq, bərkdən gülməyi anasına görə ayıb bildiyindən, xısın-xısın güləcək. Əlbəttə, gop da olsa maraqlıdır. Ancaq bu söylənən əhvalatdan sonra əlverişli intihar hündürlükləri onun üçün cazibəsini itirəcək də. Həyatı qoyub hara gedirsən? O dünyada nə var ki?

Bir gün də İsrafil qızına qəfildən deyəsi:
- Gedək İstisuya. Orda bir bulaq tapılıb, içində şırhaşır dirilik suyu çeşmələnir.
- Eh, mən neynirəm onu?
- O sudan içib yüz yaşamaq olar!
- Sən ölmək istəmirsən ki?
- Niyə də ölməliyəm?
- Bu dünyada qalıb neyləyəcəksən?

Vay, evin yıxılsın, fələk! Bu, özünəqəsdi artıq yəqin edib. Hayıf, zəhmətləri hədər getdi.
Doqquzmərtəbənin intihar hündürlükləri adamın üzünə gülür, onu istəyənlərə gəl-gəl deyirdi.
İsrafili birdən-birə kəsafət basdı. Artıq bədbin qızı onun yanında nikbin görsənirdi. İşdən də qaldı. Günlərcə məlul oturar: nə yeyər, nə içər. Axır Solmaz əlacsız qalıb üstünə həkim çağırdı. Sual-cavab zamanı onun saqqız kimi çeynədiyi boş sözlərə, pəncərə qabağındakı sərçələr kimi uçuşan fantaziyalarına düzəlişlər edilməsi üçün onu psixiatriya klinikasına apardılar. İsrafilin ümidi bir tək ona qaldı ki, qızı "xəstə" atasını qoyub intihar etməz, ona başı qarışar. Bilsə ona həqiqətən başı qarışacaq, ömrü boyu palatadan çölə ayaq qoymaz.

3 iyun 2002 - 5 dekabr 2003-cü il
XS
SM
MD
LG