Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Tən ortadan bölünmüş media


«Biz heç nəyə qarışmırıq. Hər şey qanunlar daxilində cərəyan edir»
«Biz heç nəyə qarışmırıq. Hər şey qanunlar daxilində cərəyan edir»
Türkiyədə «iqtidarı qeydsiz-şərtsiz dəstəkləyən» media ilə bitərəf media arasındakı savaş son həddə çatıb. İşin içində olanlar bu durumun türk mediası üçün normal hal olmayıb, AKP-nin 7 illik iqtidarının məhsulu olduğunu bilirlər. Tayyib Ərdoğan iqtidarının ilk dönəmində onu dəstəkləyən icma və islamçı media qruplarına vaxt keçdikcə dövlət bankının verdiyi 750 milyon dollar kreditlə alınan ölkənin ikinci media qrupu «Sabah» qəzeti və ATV kanalı da qatıldı.

«Uzan» qrupunun media şirkətlərinə dövlətin əl qoymasından sonra «Star» qəzetini Tayyib bəyə yaxın olan iş adamının alması «iqtidar tərəfdarı» media xorunun səsini gücləndirdi. Son illərdə bəzi istintaqlar çərçivəsində müxalif yazarların həbs edildiyinə və məhkəmə hökmü olmadan «iqtidar tərəfdarı» medianın onları suçlu elan etdiyinə şahid olduq. Hökumətə müxalif yazarlar qəzetlərdəki köşələrindən və TV-lərdəki proqramlarından məhrum oldular.

PROSESLƏRİN ZİRVƏ NÖQTƏSİ

Proseslərin zirvə nöqtəsini isə maliyyə müfəttişlərinin bir neçə gün qabaq 70 qəzet-jurnalı, 6 TV kanalı ilə ölkənin ən böyük media qrupu vəziyyətində olan «Doğan» Holdinqə 3 milyard dollar cəza kəsməsi təşkil etdi. Qeyd etmək yerinə düşərdi ki, 3 milyard dollar vergi cəzası «Doğan» Holdinqin bazar dəyərinin dördə üçü deməkdir.

«Doğan» media qrupuna verilən bu cəza istər Türkiyədə, istərsə də Qərbdə birmənalı qarşılanmadı. Türkiyənin «iqtidar tərəfdarı» mediası «Doğan» Holdinqə verilən 3 milyard dollar cəzadan razılıq bildirdiyi halda, azadlığını qoruya bilən media bu cəzanı «Doğan» Holdinqi bazardan silmə əməliyyatı» kimi dəyərləndirdi.

Qərar AB-nin də mülayim olmayan reaksiyası ilə qarşılaşdı. Brüsseldən verilən açıqlamada «Birliyin 14 oktyabrda elan ediləcək irəliləmə raportunda «Doğan» Media holdinqinə verilən 3 milyard dollarıq cəzanın öz əksini tapacağı və bunun Türkiyənin passivinə yazılacağı» bildirildi.

Maliyyə müfəttişlərinin Türkiyənin ən böyük media qrupuna verdiyi 3 milyard dollar vergi cəzası ilə bağlı jurnalistlərin hüquqlarını müdafiə təşkilatları da reaksiya bildirirlər. 3 milyard dollarlıq cəzanı AzadlıqRadiosuna dəyərləndirən Türkiyə Mətbuat Şurasının sədri Oktay Ekşi, vergidən yayınmaq istəyən istənilən şirkətin cəzalandırılmasının normal olduğuna diqqəti cəlb edərək, «Doğan» Holdinqin timsalında vergi cəzasından yox, hökumətə müxalif mövqeyi ilə tanınan ölkənin ən böyük media qurumunun bazardan tamamilə çıxarılmaq istənməsindən söhbət getdiyini vurğuladı.

TÜRK MEDİASI TƏK SƏSLİ VƏ TƏK RƏNGLİ OLACAQMI?


Oktay Ekşiyə görə, bu qərarla hökumət, sadəcə ona sədaqətli olan mediaya yaşama haqqı tanımaq istədiyini göstərmişdir. Ekşi, qələmləri əllərindən alınana qədər fikir və düşüncə azadlığı üçün mübarizə aparacaqlarını dedi .

Baş nazir Ərdoğan hökuməti «Doğan» Holdinqə verilən 3 milyard dollarlıq vergi cəza barədə «Biz heç nəyə qarışmırıq. Hər şey qanunlar daxilində cərəyan edir» - desə də, Qərb mətbuatı bunu inandırıcı qəbul etmir. Hətta dünənki Qərb qəzetlərində bu qərara görə Ərdoğanı Rusiyada medianı özünə tabe edən Vladimir Putinlə müqayisə edənlər də az deyil.

Proses necə davam edəcək? Ölkənin ən böyük media qrupunun sahibi Aydın Doğan bazardan çəkiləcəkmi? Yoxsa hüquq mübarizəsini davam etdirəcək?

Bunu yaxın gələcəkdə görəcəyik. Ancaq «Doğan»a verilən 3 milyard dollarlıq cəzanın Türkiyənin iqtidar tərəfdarı olmayan mediasının əhval-ruhiyyəsini alt-üst etdiyi açıq-aşkardır. Hamının cavabını gözlədiyi sual bundan ibarətdir: Türk mediası tək səsli və tək rəngli olacaqmı?
XS
SM
MD
LG