Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:29

Özəl sektor korrupsiyayla necə mübarizə aparır?


Vətəndaşlar kimi özəl sektor da korrupsiya halları ilə üzləşir
Vətəndaşlar kimi özəl sektor da korrupsiya halları ilə üzləşir
«Azərbaycanda korrupsiyaya qarşı mübarizədə özəl sektorun rolu çox aşağıdır» -, «Şəffaflıq-Azərbaycan» təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bu fikirdədir. Onun fikrincə, vətəndaşlar kimi özəl sektor da korrupsiya halları ilə üzləşir, amma vətəndaşlardan fərqli olaraq özəl sektor mübarizəyə üstünlük vermir.

O, özəl sektorun korrupsiyaya qarşı mübarizədə zəifliyini bir neçə məsələ ilə izah edir. Rəna Səfərəliyeva deyir ki, birincisi, özəl sektor müəyyən səbəblərdən korrupsiyaya qarşı mübarizə aparmaqdan qorxur, ikincisi isə onların ictimai həyatda iştirakı çox zəifdir.

ÜMİDSİZLİK ŞƏRAİTİ

Sahibkar Ədalət Abbasov etiraf edir ki, onlar sahibkar olaraq korrupsiyaya qarşı mübarizə aparmırlar və heç aparsalar da bunun nəticəsi olacağına inanmırlar. O belə bir ümidsizliyin də əsasız olmadığını düşünür:

«Çünki aparılan mübarizənin nəticəsi olmur. Ümidsizlik şəraitində ümumiyyətlə mübarizə aparmağa dəyməz».

Sahibkara görə, korrupsiyaya qarşı özəl sektorda aparılan mübarizəyə aid bir neçə nümunə sadalamaq olar ki, onların da hamısı yarımçıq nəticəylə sona çatıb.

«TƏKBAŞINA MÜBARİZƏ İSTƏNİLƏN NƏTİCƏNİ VERMİR»

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədova görə, korrupsiya ilə üzləşən özəl sektor subyektlərinin effektli mübarizə apara bilməməsinin əsas səbəbi onların bu mübarizəni təkbaşına aparmaq istəyindən irəli gəlir. Deputata görə, əslində sahibkarlıq subyektləri ictimai birliklərə, assosiasiyalara qoşulmaqla effektli mübarizə apara bilərlər.

Nazim Məmmədov
«Yəni təkbaşına mübarizə istənilən nəticəni vermir. Neqativ hallara qarşı birgə mübarizə aparsaq bu daha məqsədəuyğun olar».

Amma o etiraf edir ki, indi Azərbaycanda özəl sektoru müdafiə edəcək elə bir qurum da qalmayıb.

Nazim Məmmədova görə, əslində özəl sektorun korrupsiyaya qarşı zəif mübarizə aparması həm də bu sektorda çalışanların özünün korrupsiyalaşmasıyla bağlıdır. Deputata görə, dövriyyəyə və işçilərin sayına uyğun vergi ödəmək istəməyən özəl sektor nümayəndəsi təbii ki, mübarizə aparmağa yox, hansısa dolayı yollar axtarmağa başlayır:

«Hüquq müstəvisində mübarizə aparmağa çox az meyl var. Gedirlər kimisə, hansısa yüksək vəzifədə işləyən qohumları vasitəsilə kiməsə rüşvət təklif etməklə, hansısa məmurun yanına xahiş-minnətə adam göndərməklə üzləşdikləri problemlərini həll edirlər. Amma bilmirlər ki, o problem ondan ötəndən sonra həmin problemlə övladı üzləşəcək. Sahibkar özü dövlət büdcəsinə 100 faiz vergi ödəməkdə maraqlı deyil. Hesab edir ki, 20 faiz dövlət büdcəsinə ödəsin, haradasa bir əlli faiz də rüşvət versin və ordan qalan məbləğ də ona qazanc kimi qalsın».

Ancaq Nazim Məmmədov özəl sektorda korrupsiyaya qarşı mübarizənin nəticəsizliyi ilə razılaşmır. O hesab edir ki, kim ki mübarizə aparır, o, öz hüququnu tam əldə edə bilir.

SAHİBKARLAR MÜBARİZƏDƏN QORXUR?

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov özəl sektorun korrupsiyaya qarşı zəif mübarizə göstərməsini onların qorxu altında fəaliyyət göstərmələrilə əlaqələndirir. Vasif Mövsümov deyir ki, onlar bir neçə ilə əvvəl 1100 sahibkar arasında keçirdikləri anonim sorğuda buna bir daha əmin olublar:

«Onlar anonim olmasına baxmayaraq sorğuda qorxa-qorxa iştirak edirdilər. Çünki sonra onlara yaradılacaq problemlərdən, təzyiqlərdən qorxurdular».

Vasif Mövsümov deyir ki, baxmayaraq indi sahibkarlıq subyektlərinin fəaliyyətilə müəyyən şərait yaradılıb, amma yenə də korrupsiyaya qarşı mübarizədə onların fəaliyyəti görünmür.
XS
SM
MD
LG