Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

«Protokolların imzalanması hələ sərhədlərin açılması deyil»


Xaləddin İbrahimli və Rasim Musabəyov
Xaləddin İbrahimli və Rasim Musabəyov
«Protokolların imzalanması hələ sərhədlərin açılması deyil»

Bunu «Panorama» verilişində politoloq Rasim Musabəyov deyib. Onun fikrincə, lap protokollar Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunsa belə bununla vəziyyət radikal şəkildə dəyişməyəcək:

«Türkiyə böyük dövlətdir. Hətta sərhədlər açılsa belə bu, hələ Ermənistana münasibətdə Türkiyənin öz iradəsini əldən verməsi demək deyil. Sərhəd açıla bilər, ancaq ordan Türkiyənin istəmədiyi heç nə keçməyə bilər. Türkiyə sərhədləri açmaqla ABŞ və Qərb ölkələrini soyqırımı məsələsində neytrallaşdırmaq istəyir…».

Rasim Musabəyov Kişinyov danışıqlarının nəticəsiz qalmasını Ermənistan tərəfi ilə izah edir:

«Serj Sarkisyanın vəziyyəti ağırdır. Kişinyovda hansısa razılıq əldə edilsəydi, onda erməni lobbisi bu qərara gələcəkdi ki, sərhəd məsələsi Qarabağ münaqişəsiylə paralel aparılır. Ona görə də bu dəfə Sarkisyan daha sərt mövqe sərgilədi».

Rasim Musabəyovun fikrincə, indi Azərbaycanın pessimizmə qapılması düzgün deyil. Azərbaycan bundan sonra öz gücünü daha da artırmağa çalışmalıdır. O, Türkiyəyə qaz satışının da siyasiləşdirilməsinin tərəfdarı deyil:

«Onsuzda bizim əsas bazarımız Türkiyə marşrutundan asılıdır. Bir sıra iqtisadi layihələr bizim Türkiyə ilə birlikdə olmağımızı diktə edir. Ancaq Türkiyə bizdən qazı az qala yarı qiymətə alır. Türkiyədə adambaşına düşən gəlir Azərbaycandakından iki dəfə artıqdır. Yaxşı biz onda hansı məntiqlə Türkiyəyə belə güzəştlərə getməliyik?».

Politoloq Xaləddin İbrahimli isə Türkiyə Böyük Millət Məclisinin protokolları təsdiqləyəcəyinə şübhə ilə yanaşır:

«Çünki parlament bu addımı atmazdan öncə Ermənistanın soyqırımı iddialarından əl çəkib-çəkməyəcəyinə və Qarabağ münaqişəsinin həllində güzəştə hazır olub-olmamasına baxacaq. Ermənilərin isə soyqırımı iddialarından əl çəkəcəkləri inandırıcı görünmür. Çünki bu, dünya ermənilərini birləşdirən əsas həlqədir».

Üstəlik, Xaləddin İbrahimli düşünür ki, Türkiyə Azərbaycanın maraqlarını bir kənara qoyub Ermənistanla əməkdaşlığa gedə bilməz:

«Mən qardaşlığı bir kənara qoyuram. Azərbaycan həm zəngin karbohidrogen ehtiyatlarına malikdir, həm də mühüm tranzit ölkədir. Türkiyə bu amili necə yaddan çıxara bilər?»...
XS
SM
MD
LG