Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

Ailə quranlar sağlamlıqlarına görə özləri cavabdeh olacaq


Musa Quliyevl
Musa Quliyevl
Azərbaycan parlamenti payız sessiyasında Ailə Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcək. Əlavələrdən biri də ailə quranların nikah bağlamazdan əvvəl tibbi müayinədən keçməsiylə bağlı olan müddəadır.

Milli Məclisin sosial siyasət daimi komitəsinin sədr müavini Musa Quliyevlə söhbətimiz də bu mövzudadır.

- Musa müəllim, uzun müddətdir ki, bu müddəa ətrafında müzakirələr aparılırdı. Sonda hansı nəticəyə gəldiniz?

- Bəli, müzakirələr çox oldu. Bəzi hüquqşünaslar, hüquq müdafiəçiləri, millət vəkilləri bu məsələni insan haqlarının pozulması kimi qiymətləndirirdilər. İlkin variant belə idi ki, tərəflər nikaha girən anda həmin məlumatlar VVAQ orqanlarına təqdim olunsun. Ailə quranların nikahını bağlayıb-bağlamamağa da VVAQ qərar verəcəkdi. Çox müzakirələr getdi. Bu variant insan haqlarına uyğun gəlmədiyinə görə biz belə bir mövqe seçdik ki, bu haqda VVAQ orqanlarına heç bir məlumat verilməyəcək. Ailə quranlar Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda olan müayinələrdən keçəcəklər, müayinənin nəticələrini isə bir-birinə verəcəklər.

- Ailə quranlar hansı müayinələrdən keçəcəklər?

- Konkret deyə bilmərəm, bu, Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. Ancaq ümumi deyə bilərəm ki, burada irsi genetik yolla ötürülən xəstəliklər, qan xəstəlikləri, sinir, psixi xəstəliklər və cinsi yolla keçən xəstəliklər göstəriləcək. O cümlədən hepatitlər, insanın immunçatışmazlığı virusunu (HİV) törədən xəstəlik, zöhrəvi xəstəliklər yer alacaq. Bir çox xəstəliklər var ki, bunlar irsi genetik yolla, bir çoxu isə cinsi əlaqə yoluyla keçir... Biz indi onun üstündə dayanmışıq ki, hansı xəstəliklərin olub-olmamasını ailə quran iki şəxs biləcək. Nikah bağlayan VVAQ orqanı isə onlardan ancaq bunu soruşacaq ki, bir-birinizin sağlamlığı haqqında məlumat almısınızmı? Onlar da cavab verəcəklər. Kim narkomanla, ya da AIDS-li xəstəylə evlənmək istəyirsə, evlənsin. Bu, onun öz işidir. Kim uşağının gələcəkdə nə cür doğulmasını, ya da heç doğulmamasını istəyirsə, bu da onun öz işidir. İnsan hüquqları baxımından biz bu variantı seçdik. Payız sessiyasının gündəliyində də Ailə Məcəlləsinə əlavə və dəyişikliklər olunanda çox güman ki, bu müddəa qəbul olunacaq.

- Məsuliyyət tərəflərin üstünə qoyulacaq...

- Bəli. Bu, belə də olmalıdır. Tərəflər müayinədən keçəcəklər, qərar qəbul etməyə vaxtları olacaq. Leyliyə dedilər ki, Məcnun dəlidir, getmə. O dedi ki, getməsəm, özümü öldürəcəyəm. Özünü öldürdü. Kim istəyər Məcnuna gedər, kim istəyər Leylini alar.

- Bəs gələcək nəslin sağlam doğulmaq haqqı?

- Hüquqda doğulacaq insanın hüququ var. Hər kəsin də sağlam doğulmaq haqqı var. 6-7 il əvvəl mən Milli Məclisdə məsələ qaldırmışdım ki, talassemiyalı iki şəxsin ailə qurmasına qanunvericilik səviyyəsində qadağa qoysun. Bu olsaydı, iki nəsildən, təxminən 50 ildən sonra Azərbaycanda bir nəfər də olsun talassemiya xəstəsi qalmayacaqdı. Ancaq hüquq müdafiəçiləri dedi ki, bu, insan haqlarına ziddir. Bu məsələlər hüquqda birmənalı həll olunmur. İndiki halda biz məsuliyyəti şəxslərin üstünə qoyduq, ən demokratik model də elə budur.

- Belə fikirlər də var ki, bu müddəa yeni rüşvət mənbəyinə yol açacaq. Yəni tərəflərdən biri bu yolla saxta arayış ala bilər...

- O sənədi verənlər məsuliyyət daşıyır. Bunu necə etmək olar? Düzdür, belə hallar da ola bilər. Ancaq biz normal, hüquqi vəziyyətdən danışırıq.

Azərbaycanın Ailə Məcəlləsi 1999-cu ildə qəbul olunub, 2000-ci ildə qüvvəyə minib. Qanuna əlavə və dəyişikliklər olunmasıyla bağlı müzakirələr beş ilə yaxın idi ki, aparılırdı.
XS
SM
MD
LG