Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

İran azərbaycanlı alimin həbsini izah etmir


Azərbaycanının Xarici İşlər Nazirliyi hələ İrandan rəsmi açıqlama gözləyir
Azərbaycanının Xarici İşlər Nazirliyi hələ İrandan rəsmi açıqlama gözləyir
Azərbaycanın Xarici İşlər Nazirliyinə hələlik məlum deyil ki, İranda bir ildir ki, həbsdə saxlanılan azərbaycanlı alimin rəsmi ittihamı nədir. Nazirliyin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, Azərbaycan tərəfi bununla bağlı İrana dəfələrlə nota göndərib, amma İran tərəfdən heç bir cavab gəlməyib.

Lazer texnologiyaları üzrə tanınan fizik alimi Rəşid Əliyev 2006-2008-ci illərdə İranda «Sazan Electronics Industry company» şirkətində elmi fəaliyyətlə məşğul olub. Müqavilə müddəti bitəndən sonra o, şirkətdən ikinci dəfə iş təklifi alıb. İşlədiyi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun razılığı ilə bağlanmış əməkdaşlıq müqaviləsi ilə Rəşid Əliyev 2008-ci oktyabrın 5-də İrana gedib. Oktyabrın 6-da İrana gedəndən bir gün sonra saxlayıblar. Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir ki, alimi viza rejimini pozmaq ittihamı ilə saxlayıblar.

Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Soltan Həmid Məlikov deyir ki, alimin ailə üzvlərinə də onunla görüşməyə də icazə verilmir.

KONSUL HƏBSDƏKİ ALİMLƏ GÖRÜŞÜB

Elxan Poluxov isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, ittihamın nədən ibarət olması hələ dəqiq deyil, çünki İran tərəfi bu barədə rəsmi notalara cavab vermir: «Azərbaycanın İrandakı konsulu bir neçə dəfə Rəşid Əliyevlə görüşüb. O, saxlanma şəraitindən narazı deyil. Konsul alimlə ailəsi arasında bir neçə dəfə telefon əlaqəsi də yaradıb».

Alimlə konsulun görüşünün nə vaxt keçirilməsinə gəlincə, nazirliyin sözçüsü bu haqda detallı məlumatının olmadığını bildirir.

Elxan Poluxov deyir ki, Azərbaycan tərəfi alimin məhkəməsinin nə vaxta təyin olunduğunu da bilmir: «Hələ ki, biz İran tərəfdən cavab gözləyirik».

İranın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna deyiblər ki, məsələ araşdırılır, bu haqda hələlik mətbuata deyiləcək yeni sözləri yoxdur.
XS
SM
MD
LG