Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:53

NATİQ "Mənim birinci yalanım" HEKAYƏ


-Gəldin qadası, bəs niyə gecikdin? - Əbdül kişi dörd kiloluq qurğuşun külçəni linotip maşının qarmağına keçirib mənimlə salamlaşdı.

-Oxu zalında kitab axtarırdım, hayıf çox vaxtım getdi.
-Tapmadın?

-Yox tapdım, amma mənə lazım olan səhifələri cırmışdılar.

-Deməli, səni qabaqlayıblar də.

Elə ağzımı doldurub demək istəyirdim ki, «yox mən kitab cırmaram» - sexin dəhlizə bitişik balaca otağından məsul katibimiz Tələt müəllimin səsi gəldi - «Ə, harda qalmısan, gəl çıx də.

Həllə gəl bir tikə çörək ye, bu gün işimiz çox olacaq e».

Əbdül kişi ikinci qurğuşun külçəni də odun sobası kimi guruldayan maşının qarmağına keçirib başı ilə otağa getməyimə işarə elədi –«obed»imizi eliyənə kimi qurğuşunlar da əriyər».

Bizim sexin işçiləri əllərində işləri aşıb-daşsa da, heç vaxt nahar fasiləsini qaçırmırlar. Deyim sizə ki, yeməyin çeşidləri həmişə eyni olur – hisə verilmiş kolbasa, bir az duzlu xiyar, soyutma yumurta, çörək və təbii ki «çubuş».

Ayın axırı yaxınlaşdıqca nahar süfrəsinin bu nemətləri tükənsə də duzlu xiyar və «çubuş» həmişə olur. Mən təzə-təzə işə gələndə Əbdül kişi deyirdi ki, fəhlələr nahar fasiləsinə çıxmağa sovet dövründən vərdiş ediblər, o vaxtlar nahar pulsuz olarmış, hələ nəşriyyatın «qoryoçi» sexində işlədiklərinə görə, adambaşına bir butulka qatıq da verirmişlər ki, zəhərli maddələr bədənə güc gəlməsin.

Ona görə də fəhlələr sovetdən qalma bu vərdişi tərgitə bilmirlər, yemək oldu-olmadı dəxli yoxdu «obed» vaxtı heç kim işləmir, nəşriyyatın bufetçisi də sağ olsun pulsuz qatıq verməsə də, ayın axırı yaxınlaşanda başqa əməkdaşlardan fərqli olaraq sexin işçilərindən nisyə nə istəsələr əsirgəmir. Ancaq nədənsə pulları qurtarana yaxın mənim həmkarlarım nisyə ancaq duzlu xiyar və «çubuş» götürürlər.

Əbdül kişinin arxasınca balaca otağa girəndə gözlərimə inanmadım, nazik uzun masanın üstündə nələr yox idi – şəkərbura, qoğal, paxlava, halva, boyanmış soyutma yumurtalar, rəngbərəng şokoladlar, Moskva konfetləri, şirin çörək – Tələt müəllim masaya lap qəzetimizin ikinci səhifəsi kimi dizayn vermişdi.

O, ikinci səhifəni əsasən rəsmi və operativ xəbərlər üçün saxlayır, səhifənin sağ tərəfdən yuxarı küncündə isə özünün dediyi kimi «lap vacib» material yerləşməlidi. İndi əsilzadə süfrəsinə oxşayan masamızın «lap vacib» yeri boş idi, ora əsasən «çubuş»u qoyurlar.

Buna görəndə dalağım sancdı, öz ürəyimdə «yenə araq dalınca məni göndərəcəklər»- deyə düşündüm – neyləyim yaşca balaca olmağın belə fəsadları da var, cavan vaxtı hamıya ərköyünlük eləmək qismət olmur ki...

Amma Tələt müəllim masanın altından çıxardığı iki dənə Ağdam çaxırını «lap vacib» yerə qoyanda ürəyim yerinə düşdü.

- Bunları Saşa təşkil eliyib, indi özü də gələcək... – məsul katibimizin sözü ağzında qaldı, gülərüz Saşa, mən ona həmişə Serqey Nikolayeviç deyirəm, otağa girdi.

-Hə necədi?...- deyib şəkərburanın birini içəri ötürdü.

Səhər tezdən yuxudan qalxmaq, universitetdə üç qoşa saat cansıxıcı mühazirələr, onun ardınca oxu zalında hədər yerə vaxt itkisi - elə acmışdım ki, əlimə düşəni təpişdirməyə başladım.

Yemək yeyəndə ara-sıra səslənən ağızucu sağlıqları, Əbdül kişinin Saşanın hündür boyuna ilişməsini çıxmaqla danışan olmazdı. Amma bu gün nədənsə nə sağlıq dedilər, nə zarafatlaşdılar, eləcə saralmış çapma stəkanlara Tələt müəllimin süzdüyü çaxırdan vura-vura ləzzətli təamları həzm elədik.

Axıra yaxın Əbdül kişi siqaret yandırdı, belə olanda mən başa düşdüm ki, artıq çay içmək vaxtıdır, ayağa qalxıb bayaqdan öz-özünə pıqqıldayıb sönən qəfədandan çaxırlı stəkanlarımıza çay süzdüm.

-Bu başqa məsələ – Əbdül kişi Moskva konfetini aça-aça dilləndi – Saşa, sən də sağ ol, Allah hamısına rəhmət eləsin.

-Sağ ol e Saşa, yerləri behiştlik olsun – Tələt müəllim də qıpqırmızı olmuş yanaqlarını sığalladı.

Əvvəlcə elə bildim zarafat edirlər, bəzən onların ciddi söhbətləri ilə zarafatlarını ayırd edə bilmədiyimdən həmişə pis vəziyyətə düşürəm. Deyəsən yenə də həmin vəziyyət yaranmışdı, amma hər halda kimə rəhmət oxunduğunu bilməli idim.

-Kimə rəhmət deyirsiniz ki?

-Bütün ölülərə.

Məsul katibimizin cavabının məni açmadığını görən Əbdül kişi izahat verdi:

-Bəs bu gün qara bayramdı də. Saşa da gedib Yasamal qəbiristanlığından bütün şirniyyatı yığıb gətirib bura, yoxsa elə bilirsən şəkərbura-paxlava bişirmişik.

Elə bil mədəmdən alov qalxdı, rəngim ağardı, bir-birinə sıxdığım dişlərim şaqqıldamağa başladı.

-Ə, birdən qusub eliyərəsən e? – Tələt müəllim qızarmış gözlərini mənə bərəltdi – ay Əbdül, sən də uşağın yanında niyə dedin? A bala, ürəyinə başqa şey gəlməsin e, ölülər durub şəkərbura yemiyəcək ki? Dur get tualetə üzünə su vur...

Qurğuşunlar əriməkdə idi, Əbdül kişi linotip maşının arxasına keçib, saralmış kağızdan növbəti məqaləni yığmağa başladı. Gurultuyla işləyən maşın şriftləri əriyən qurğuşun mayenin üzərinə qəzet səhifəsinin sütunları formasında həkk edib sıralayırdı.

Əvvəl-əvvəl linotipin istisi üzümü qarsır, nəfəsimi daraldırdı, sonralar buna alışdım, yayın məşəqqətini çıxsam, soyuq aylarda linotipin yanında dayanmaq ləzzət eləyir. Bəlkə də mənə elə gəlir...

Hə, demədim axı özüm kiməm, burada nə işləyirəm? On doqquz yaşıma təzə keçmişəm, universitetdə ikinci kursda oxuyuram, mənim işimin böyük hissəsi nəşriyyatın «qoryaçi» sexində keçir.

Əvvəlcə Əbdül kişinin əriyən qurğuşun külçələrin üzərinə yazdığı qəzet sütunlarını elə isti-isti götürüb, Saşanın yanına aparıram, o, da Tələt müəllimin cızdığı maketə baxıb qurğuşun sütunları qəzet səhifəsi kimi düzür, üzərinə qır çəkib kağıza hopdurur.

Bundan sonra mən həmin kağızı qoltuğuma vurub, bir xeyli aralıda yerləşən nəşriyyatın təzə korpusunun altıncı mərtəbəsindəki redaksiyamıza qaçır, oradan düzəliş olunmuş səhifələri və yeni yazıları götürüb bir də geriyə qayıdıram.

Qəzet çıxan vaxtlar bunu ən azı iki yüz dəfə təkrar eləyirəm. Deyirlər ki, əvvəllər bizim qəzet ayda bir dəfə çıxırmış, nədənsə sonradan baş redaktor onu elədi həftəlik, daha sonra həftədə iki dəfə. Bax onda, nəşriyyata tez-tez gedib gələn dostum dedi ki, mənə qəzetlərin birində yarım ştat iş tapıb, əvvəlcə yazı-pozu olmayacaq, sonra istəsəm məqalə də yazaram.

Heç fikirləşmədim dərhal razılaşdım, onsuz da dərsdən sonra getdiyim kitabxanalarda istədiyim kitabları tapa bilmirdim, tapanda da ki, mənə lazım olan səhifələr yerində olmurdu, əvəzində bir neçə qızla tanış olmuşdum.

Əslinə qalanda çoxumuz kitabxanaya elə buna görə gedirik, amma lap bezmişdim, adamın nə qədər perspektivsiz tanışları olar, odur ki, gəldim qəzetə. Altı aydı «qoryaçi» sexdə işləyirəm, bu sayımızda isə mənim də bir məqaləm çıxacaq.

O qədər sevinirəm ki, ona görə yox ki, maaşdan əlavə qonorar da alacağam, ona görə ki, bu, mənim birinci məqaləmdi. Bilmirəm başınıza gəlib, yoxsa yox, «birinci»nin sevinci ayrı cür olur: birinci kurs, birinci məhəbbət... Bağışlayın ki, mənim «birincilər»im hələlik elə bu qədərdi, indi isə birinci məqalə...

-Mənim birinci məqaləm çıxanda qarnım yaman sancılanmışdı, yəqin həyəcandan imiş – baş redaktorumuz təbəssümvari baxışlarla məni süzüb dilləndi, - sovet vaxtı sənin yaşında uşaqları heç nəşriyyatın qapısının ağzına buraxmazdılar, indi görürsənmi, məqalən çıxır. De görüm birinci qonorarına nə alacaqsan?

-«Çubuş».

-Nə, «çubuş» nədi ə? Bunu sənə sexdəkilər öyrədib, «alkaş» köpək uşağı. Məndən sənə məsləhət birinci qonorarına şokolad al, qoy o biriləri də şirin olsun. Başa düşdün ə? İndi götür «pravka»ları uç sexə.

Artıq yüz yetmiş səkkizinci dəfədi ki, altıncı mərtəbədən sexə düşürəm, bir az təngnəfəs olsam da özümü o yerə qoymuram, axı hələ azından iyirmi iki dəfə də düşüb-qalxacağam. Tələt müəllim qoltuğumdakı bir qalaq «pravka»anı görüb, gözlərini bərəltdi:

-O «dəftərxana siçovulu» yenə nə çox qaralayıb?-, məsul katibimiz redaksiyada baş redaktorumuza həmişə hörmətlə, mən deyərdim hörmətdən də ötə yanaşsa da, «qoryaçi» sexdə ona «siçovul» deyir.

Ümumiyyətlə bizim sexin işçilərinin baş redaktorları görən gözləri yoxdu, səhifələrdə yeni düzəlişlər çox olanda, onların ünvanına heç yerdə eşitmədiyim iki qat, üç qat söyüşlər yağdırırlar. Yenə Tələt müəllim sağ olsun, çox dərinə getmir, eləcə «siçovul» deyir, vəssalam.

-Tələt müəllim, sizin də birinci məqaləniz çıxanda qarnınız sacılanıb?

Sualım elə bir məsul katibimizi çaşdırdı, bir mənə baxdı, bir Əbdül kişiyə elə əlini-əlinə vurub ağzını açmaq istəyirdi ki, yan tərəfdə Saşanın qəh-qəhəsi onu qabaqladı. Yenə pərt oldum, pis vəziyyətə düşdüm, mən nə vaxt böyüyəcəyəm, ay Allah. Gülməkdən göyərib özünə gələndən sonra Tələt müəllim dilləndi:

-A bala, adam məqaləni başı ilə yazır, tay qarnı niyə sancılanmalıdı ki? Yadıma gəlmir birinci dəfə nə eləmişəm, yəqin həyəcandan ürəyim titrəyib. Sənin qarnın sancılanır ki?

-Mənim yox, ancaq baş redaktor dedi ki, onun birinci məqaləsi çıxanda elə olub.
-Ayə, bizim qəzetin tirajı nə qədərdi? – bu, sualı mənə Əbdül kişi verdi.

-Beş min iki yüz əlli dörd.

-Ə, qəzetin arxasına yazılanı demirəm, həqiqi tiraj.
-İki mindən bir az çox.

-Ay sağ ol. Bax hər dəfə bizim qəzetdə sənin o ağıl dəryası baş redaktorunun yazısı çıxanda, onu deyə bilmərəm, amma yüz faiz əmin ol ki, iki mindən bir az çox adamın qarnı sancılanır.

Ha, ha, ha... Sexin bizə qulaq verən işçilərindən elə şaqqırtılı qəh-qəhə çıxdı ki, linotip maşınlarının gurultusu eşidilməz oldu.

-Yaman dedin Əbdül kişi, ağzına sağlıq-, Tələt müəllim gülməkdən yaşarmış gözlərini silib, bir-bir «pravka»ları yerbəyer ələməyə başladı. Mən iki dənə dörd kiloluq qurğuşun külçəni sexin o biri başından gətirib linotip maşının qarmağına keçirdim, əlim yanmasın deyə Əbdül kişinin yazdığı təzə sütunları yaş əskiylə götürüb Saşanın yanına apardım.

Onun yanında nə qədər özümü kənar tutsam da, köynəyim qolları həmişə qıra batırdı, bu dəfə isə əllərim əmməli-başlı qırın çinidə idi. Axı bu, mənim məqaləm çıxan qırlanmış sütunlar idi, bir azdan onlar kağıza hopacaq, sonra montaj sexinə gedəcək, daha sonra çap sexinə, nəhayət qəzetə çevrilib sübh tezdən yayım firmalarına veriləcək və sabah köşklərdə olacaq.

Sabah dərsim olmasaydı gecəni yatmayıb bütün bu mərhələləri bir-bir adlayardım, sex-sex gəzib məqaləmin necə qəzetə döndüyünü görmək istəyirdim, sübh çağı isə onu əzizləyə-əzizləyə yayımçılara verib xahiş edərdim ki, köşklərdə yaxşı yerdə qoysunlar, orda mənim məqaləm var... Bunları fikirləşdikcə, hər şeyin tez qurtarmasını, səhərin tez açılmasını istəyirdim.

-Heç fikir vermədim, nədən yazmısan? – Saşa qırladığı sütunlar arasında mənim məqaləmi göstərib soruşdu.
-Su məsələsindən, Serqey Nikolayeviç.

-Düz eləmisən, on gündü ki, suyumuz gəlmir, uşaqlar bazarın yanındakı məhəllələrdə su növbəsinə dururlar. Günümüzə bax də, kosmos əsrində vedrəylə su daşıyırıq.
-Yox, mən yazmışam ki, hamının suyu gəlir, bizim şəhərdə su problem deyil.

-Nə danışırsan, yalandan yazmısan?..

-Ə, nə düşmüsən uşağın üstünə, necə deyiblər o da elə yazıb. İndi sənin suyun gəlmir deyə, şəhərdə su yoxdu? – Əbdül kişi barmaqlarını linotipin şaqqıldayan klavişlərindən ayırmadan mənə qahmar çıxdı və azacıq başını mənə sarı döndərib – a bala, bikef olma əsas o deyil ki, yalandan yazmısan, əsas odu ki, öz yazdığına özün inanasan – dedi.

Artıq gecə yarı olmuşdu, yüz doxsan səkkizinci dəfədi ki altıncı mərtəbədən sexə düşürəm, deməli iki dəfə qalıb. İki dəfə də «pravka»ları aparıb gətirəcəyəm, işlər qurtaracaq, qalır səhəri gözləmək.

-Tələt müəllim, olmazdımı ki, mənim məqaləmi bir az yuxarıda yerləşdirəydiniz?
-Məsələn, harada?

-Elə götürək, beşinci səhifənin yuxarısını.

-Bilirsən, yazıları harda gəldi yerləşdirmək olmaz. Hərəsinin öz yeri var. Məsələn, bizim qəzetdə beşinci səhifənin yuxarısı pullu yazların yeridi, qəzeti açan kimi görünür. Sənin yazını altıncı səhifənin «podval»ına salmışam, belə götürəndə pis yer deyil, oxuyan-oxuyacaq.

Həm də bu yaşda qəzetdə məqaləsi çıxmaq bilirsən nə deməkdi, universitetdə forslanarsan. Sizin o qoca professorlar var e, dəridən-qabıqdan çıxırlar bizim qəzetə düşmək üçün...
-Hə baş redaktor da elə deyir.

Deyir ki, sovet vaxtı mənim kimi uşaqları nəşriyyatın qapısından içəri buraxmazdılar, o ki qaldı məqaləsi çıxa...

-Sən də inandın ona, sovet vaxtı sənin kimi uşaqları nəşriyyata buraxırdılar, məqalələri də çıxırdı, amma «qoryaçi» sexə buraxmırdılar... Sənin o qaraçı sifət baş redaktorun isə o vaxtlar ancaq linotip maşının böyür-başında sülənirdi, bizlə bir yerdə «çubuş» içirdi, indi it olub. Yaxşı deyiblər aslan qocalanda ... qarışqa darışar -, bu, Saşanın replikası idi.

O, səhifələrin qurğuşun qəlibi üzərindən artıq sonuncu qırı çəkmişdi, mən də axırıncı «prafka»ları götürüb, heydən düşmüş ayaqlarımı sürüyə-sürüyə yüz doxsan doqquzuncu dəfə redaksiyaya qalxdım...

Nəşriyyatdan çıxanda saat üçün yarısı olmuşdu, özümü o yerə qoymasam da lap it kimi yorulmuşdum. İt demişkən, əgər yataqxanaya gedən yolda itlər üstümə cumsaydı nəinki qaçmaq, heç yerdən daş götürüb atmağa da taqətim qalmayacaqdı.

Həmişə itlər qəflətən Yasamal qəbiristanlığının tinindən çıxıb hürüşə-hürüşə üstümə tökülüşürlər, belə olanda bir yolum qalır – qaçmaq.

Bu dəfə nədənsə qəbiristanlığın döngəsində onlar gözümə sataşmadı, hər ehtimala qarşı yerdən bir-iki daş götürüb, hürkə-hürkə yeriməyə başladım, itlərlə qarşılaşmadığıma əvvəl təəccübləndim, amma nahar fasiləsini yadıma salıb yəqin etdim ki, görünür Serqey Nikolayeviç qəbiristanlığı tam silib-süpürməyibmiş, elə buna görə itlər də şəkərbura-paxlava ziyafətindədilər və mənim dalıma düşməyi qəzetimizin növbəti sayına saxlayıblar.

Bu da bizim yataqxana, mən onun doqquzuncu mərtəbəsinin səksən doqquzuncu otağında yaşayıram. Sonuncu qüvvəmi toplayıb pilləkənlərin sürahisindən yapışa-yapışa yuxarıya qalxıram, əslində bu, qalxmaq yox iməkləməyə oxşayır.

Kimsənin yuxusuna haram qatmamaq üçün öz ağlımda otağın qapısını sakitcə açıb sivişib yerimə girməyi götür-qoy edirdim ki, otaq yoldaşım qabağımı kəsdi:

-Nə gündəsən ə? – onun mənim bütün günlərimdən xəbəri var, amma həmişə salamdan əvvəl bu sualı verir -, çıxdı?
-Nə?
-Məqaləni deyirəm də.

-Hə. Sabah qəzet satışda olacaq.
-Yaxşı, gəl su töküm əlini yu, qırın içindəsən ki, ay yazıq.

-Köynəyimin qolu yenə batıb, onu da yumaq istəyirəm.

-Nə danışırsan, su var?! Bazarın yanından gətirmişik suyu! İkicə vedrəni zorla qaldırdım doqquzuncu mərtəbəyə. Ancaq çay içmək, bir də əl yumaq üçün. Tualetdə də «böyük iş» görmə, su yoxdu, nə vaxt olacağını da heç kim bilmir. İndi yeri yat.
-Bəs sən hara gedirsən?

-Düşürəm həyətə «böyük iş» görməyə.

«Suyun nə vaxt olacağını heç kim bilmir...» -, dostumun bu sözləri beynimi çəkic kimi döyəcləyirdi, hansı tərəfə çevrilirdimsə, bu taqqıltı yatmağa aman vermirdi. Sabah qəzeti oxusalar biabır olacağam.

Qırlı köynəyim cəhənnəmə, heç əl-üzümü yumaq üçün də düz-əməlli su yoxdu, uşaqlar neçə kilometr aralıda, bazarın yanındakı məhəllələrdə növbəyə dururlar, insanlar kosmos əsrində vedrəylə su daşıyır. Mənsə yazmışam ki, hamının suyu gəlir, bizdə belə problem yoxdu.

«Yalandan yazmısan» -, Serqey Nikolayeviçin sexdəki sualı məni lap sarsıtmışdı, işə bax, birinci məqalə, o da yalandan...

Bəs sonrakılar necə olacaq? Bu, hələ birinci yalandı. «Əsas odu ki, yazdığına özün inanasan» - yaxşı ki, Əbdül kişi mənim tərəfimi saxladı, indi onun sözləri yadıma düşəndə hiss elədim ki, bir az toxtadım, beynimi döyəcləyən çəkicin taqqıltıları bir az səngidi.

Dolaşıq fikirlərin içində nə qədər yatdığım heç yadımda deyil.

Zəngli saatın səsini gözləməyib yerimdən qalxdım, vedrədən bir stəkan su götürüb qızarıb həlqəsindən çıxmaq istəyən gözlərimə vurdum, əl-üzümü yumağı, pırpızlanmış saçlarımı sığallayıb yatızdırmağı sonraya saxladım, fikirləşdim ki, dərsdən əvvəl universitetdə özümü qaydaya salaram, amma daha vacibi qəzet idi. Tərslikdən qarnım da yaman sancılanmışdı, özlüyümdə baş redaktorumuzun dediklərinə haqq qazandırdım.

Görünür doğurdan da adamın birinci məqaləsi çıxanda qarnında sancılar olurmuş. Qartal öz şikarının üstünə şığıyan kimi yaxınlıqdakı qəzet köşkünə şığıdığım, amma satıcının cavabı beynimdə Əbdül kişinin linotip maşını kimi guruldadı – «qəzet yoxdu, hamısını alıblar».

-Necə yoxdu, bizim qəzetin heç bir nüsxəsi də qalmayıb?
-Qalmayıb atam, qalmayıb. Bizim qəzet, Sizin qəzet, Onların qəzeti hamısını alıblar...

Qəribədi, əvvəllər günortaya, lap axşama kimi təzə çıxan qəzetlərin çoxu eləcə köşklərdə sallanıb qalır, külək vurduqca sovet bayrağı kimi o yana-bu yana yellənirdi, indi səhərin gözü açılmamışdan hamısı satılıb qurtarıb.

Öz-özümə fikirləşdim ki, yəqin mənim məqaləmin ayağı sayalı olub, nəinki bizim, elə hamının qəzetini dan yeri sökülməmişdən alıblar. Lap köhnə vaxtlardakı kimi – camaat işə getməzdən əvvəl növbəyə durub yeni çıxan bütün qəzetləri alıb. Nə yaxşı, kaş o növbəni görə biləydim.

Dərsin başlanmasına hələ bir xeyli qalırdı, vaxtdan istifadə edib başqa köşklərə də baxa bilərdim. Amma bu sancılar məni birtəhər eləmişdi, gecədən dilimi dişimə tutub saxladığım «böyük işi»mi görmək üçün özümü yaxınlıqdakı parkın tualetinə saldım. İki nəfər qaşqabaqlı həmyaşıdı ilə söhbət eləyən qoca qapıçıya qəpik uzadıb içəri keçdim.

Və... Bu da Bizim qəzet. Bir qalaq qəzetlə birgə onun səhifələrini də iki yerə bölüb unitazın baş tərəfindəki paslı mismara keçirmişdilər. Sanki, gözümün önündə ildırım çaxdı, əllərim əsə-əsə cırılmış kağızların arasından öz məqaləmi tapıb tez cibimə qoydum.

Gecədən bəri beynimi döyəcləyən çəkic indi yekə bir külüngə çevrilib, bütün fikirlərimi, ümidlərimi, bütün birinciliklərimi ani bir zərbə ilə qəlpə-qəlpə parçalayıb ətrafa səpələyirdi.

On gündən bəri su üzünə həsrət qalan şəhərin köşklərindən alaqaranlıqdan qəzetlərin yoxa çıxmasına təəccübləyim sərt bir sillə kimi sifətimi qızartdı. Sən demə, camaat qəzeti oxumaq üçün almayıbmış.

Unitazın baş tərəfindəki paslı mismardan isə tək Bizim yox, elə Sizin də, Onların da qəzetinin hələ də üzərindən mətbəə qoxusu gələn ikiyə bölünmüş səhifələri sallanırdı. Bunun hamısının günahı məndəydi, əslində paslı mismardan yalnız bir məqalə, yəni mənim birinci yalanım asılmalı idi, ora sizin yox mənim yerimdi...

-Xorr... xorrr... -, yaxınlıqdan gələn xorultunun ardınca, «Allah sənə şükür!» sədaları bir-birinə qarışdı.

Bayıra çıxanda nə baş verdiyini soruşmağa ehtiyac qalmadı, eyni açılmış qoca qapıçı əliylə kranı göstərib: «Su gəlir!»-, dedi.
XS
SM
MD
LG