Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:54

NATİQ "Çağrılmamış Şaxta baba" HEKAYƏ


-Bircə onu tap halallıq al. Vəssalam... Başqa heç nə istəmirəm.

Mənim ağıllı-kamallı oğlum, ürəyinə qara şeylər gəlməsin, sən də bağışla, hər şeyə görə... Mən yaxşı ata olmaq istəyirdim. Yaxşı ata... Söz ver... Onu tapacaqsan...

Can üstə olan atası dan yeri sökülənə kimi eyni sözləri təkrarlayırdı.

Xırıltılı səsiylə qırıq-qırıq «tap onu...», «onu tap», «halallıq... halallıq...» deyirdi. Sübh açılanda kişi canın tapşırdı.

Əzablı xəstəliyin altı aylıq nəfəskəsən ağrılarından sonra nəhayət ki, ruhunun bədənindən çıxması qocanın saralmış çöhrəsinə təbəssümə oxşar bir toxtaqlıq gətirmişdi.

Boğazının iniltidən şişmiş damarları boşalmış, dərisinin altından sümükləri aydınca sezilən çəlimsiz qolları sakitcə yanına düşmüşdü, parıltısından əsər-əlamət qalmayan gözləri divardan asılmış portretinə zillənmişdi.

Bu şəkli o, ömrünün laçın vaxtlarında çəkdirmişdi, hansısa yaylaqda, atın üstündə amiranə görkəmdə oturub, iri çatma qaşlarının altında parlayan saymazyana qara gözlərini hardasa məchul bir nöqtəyə dikmişdi.

Şəklə baxan heç zənn etməzdi ki, bu qartal baxışlı kişinin gözləri nə vaxtsa dəhşətli xəstəliyin təsirindən öz nurunu itirəcək, yem gözləyən sərçə balası kimi civildəyə-civildəyə həsrətlə gözlədiyi ölümə can verəcəkdi.

-Mən kimdən halallıq almalıyam ki? O, kimi deyirdi ki?...-, oğlu bir an belə gözünü cəsəddən çəkməyən anasına tərəf baxdı.
-Fikir vermə bala, ölüm ayağında adam çox söz deyər. Fikir vermə...
-Axı mənə söz verdirdi...

-Hələ qoy yası yola verək-, anası ağlamsınaraq otaqdan çıxdı.

Beş il vardı ki, Rusiyada yaşayırdı. O, da bu qərib ölkəyə kəndlərinin əksər cavanları kimi bazarda işləməyə getməmişdi, ümumiyyətlə orada əlinin hansısa işə yatacağını ağlına gətirmirdi.

Özünün tez-tez dediyi kimi o, bu böyük ölkəyə «böyük dərdlərini ovundurmaq» üçün gəlmişdi. Başdan-ayağa uğursuzluqlar, boşluq, məyusluq və bir qəpiyə dəyməyən həyat - «böyük dərdləri ovunduran ölkə»yə gələnə qədər onun yaşadıqları bunlar idi.

Cüssəli, boylu-buxunlu, çoxlarının həsəd apardığı yaraşıqlı görkəmi vardı. O qədər cəlbediciydi ki, bütün günün hisin-pasın içində olması, atasının nimdaş paltarlarını ancaq toydan-toya əynindən çıxarması onun yaraşığına dırnaq ucu boyda xətər yetirmirdi.

Ancaq bütün bunlar camaatın gördüklərydi, camaatın görmədikləri isə bu nimdaş paltarlı yaraşığın gün-gündən əriməsi, özünə yer tapa bilməməsi, bataqlıqda boğulurmuş kimi çırpınmasıydı. İnsanın hər şeyə tüpürməsi, geriyə baxmadan qaçıb getməsi üçün bir an lazımdı.

Naümid gələcək naminə bu vaxta kimi səni əhatə edən hər şeydən imtina etmək, əfi ilan kimi arxanca sürünən uğursuzluqlarla dolu qaranlıq keçmişindən yaxa qurtarmaq üçün bir an lazımdır, bircə an...

Neçə vaxtdır ürəyini dəlib-deşən məhəbbət oxu daşa dəyəndən sonra isə həmin an yetişdi. Əl boyda bir kağız yazıb, hamı ilə sağollaşdı və bir qəpiyə dəyməyən həyatdan baş götürüb «böyük dərdləri ovunduran ölkə»yə üz tutdu. Bir daha məyus olmamaq, bir daha bataqlıqda boğulmamaq üçün var gücü ilə qaçdı. Geriyə qayıtmamaq üçün qaçdı...

Atasının vəziyyətinin ağır olduğunu kəndliləri ona çatdırmışdı. Bilirdilər ki, araları soyuqdu, amma hər halda xəbəri deməli idilər. Əslinə qalsa evdən qaçalı keçmişini xatırladan heç kimlə, heç nəylə maraqlanmırdı, hər şeyin yenidən boşluğa düşəcəyindən, qaranlığa qərq olacağından qorxurdu. Amma gəlməyə də bilməzdi, ona görə yox ki, oğuldu, çətin vaxtında mütləq atasının başının üstündə olmalıdı.

Ona görə ki, o, bütün uşaqlığının və gəncliyinin ən böyük diktatorunun yataqda olmasını, can verməsinin təsəvvür edə bilmirdi. Hərdən ona elə gəlirdi ki, atası heç vaxt ölməyəcək, əksinə hamı qocalacaq, əldən düşəcək, atası isə həmişəki kimi atın belində saymazyana baxışları ilə onu süzəcək, ağır sözlər deyib ələ salacaq, ürəyi istəsə qamçısını yelləyib bir-ikisini dartacaqdı da...

Onu kəndə gətirən keçmişinə qənim kəsilən kişini yataqda görmək istəyi idi və dərhal da geri qayıdacaqdı. Bu mənzərə ona bütün ömrü boyu bəs edərdi...

Amma indi o, bağışlanmasını istəyir. «İstəyir ki, onun əvəzindən kimdənsə halallıq alım, deyir yaxşı ata olmaq istəyirdim, axı kim sənə mane olurdu? Elə mən də bunu istəmirdimmi? Gərək can üstə etiraf edəydin... Bunları vaxtında desəydin...»

-Ana, mən gedirəm.
-Qayıdırsan ay oğul?

-Çatan kimi pul göndərəcəm, özünü çox işə vermə. Artıq o, yoxdu... Sən niyə işləyəsən ki?
-Birdə mən öləndə gələcəksən?

-Elə demə ana, yenə gələrəm. İşlərimi sahmana salan kimi...
-Bəs halallıq almayacaqsan? Atana söz vermişdin.

-Axı özün dedin ki, can verən adamın sözünə baxmazlar. Heç o, sağlığında bir sözünün üstündə durmadı, öləndə yəqin sayaqlayırmış.
-Yox ay bala, elə xəstələnib yatağa düşməmişdən kağız yazıb. Sənin ondan halallıq almağını istəyir.
-Axı kimdən?

Anası əzik-üzük, balaca kağız parçasını ona uzatdı. Kağızda elə kişinin ölüm ayağında dediyi sözlər yazılmışdı «Tap onu, halallıq al... tap onu...». Keçmişdə qalmış, artıq çoxdan unutduğunu zənn etdiyi qatmaqarışıq hissələr yenidən düşüncələrini sarsıtmağa başladı.

O, elə bu sarsıntıların əlindən baş götürüb uzaqlara qaçmışdı, indi yenidən onları yaşamağa məhkum olmaq, vaxtsız ölüm kimi arzuolunmaz və dəhşətli idi. Hər şeyə məlhəm olan zamanının onun da yaralarını sağaltdığını, keçmişin zəhlətökən bir xatiratına çevirdiyini güman etmişdi, indisə yanıldığını başa düşürdü. Sən demə yaralar sağalmayıb, sadəcə qaysaq bağlayıbmış...

-Mən bacarmaram ana, bəlkə halallığı sonraya saxlayaq.
-Atan da çətinə düşəndə çox şeyi sonraya saxlayırdı. Sənin yaxşı oğul olduğunu, ona oxşadığını, sənə nə qədər ümidlə baxdığını, bütün bunları deməyi sonraya saxlayırdı. Sonrası da belə...

-İanamıram ki, o, belə şeylər fikirləşsin. Sən öz ürəyindəkiləri deyirsən, ana. Mən atama oxşamıram, oxşamaram da.
-İnad eləmiyəcəm, oğul. Özün necə bilirsən elə də elə...

Atasından qalma əzik-üzük kağız parçasının arxasında ünvan yazılmışdı. Heç buna ünvan demək də olmazdı, sadəcə şəhərin və küçənin adı idi, vəssalam.

Aradan keçən bunca illərdən sonra yenidən onunla üz-üzə gəlməyi, kəlmə kəsməyi heç vaxt ağlına gətirməzdi.

Bu illəri onunla az qala hər gün xəyallarında görüşürdü. Şirin, əzablı xəyallarında yalnız öz ürəyindən keçən dünyanı canlandırırdı, o dünyanın bir pərisi, bir füsunkar gözəli vardı. Onunla Rusiyanın sərt qışında qaranlıq zirzəmilərində bir yerdə yaşayırdı, yarıac-yarıtox, qorxa-qorxa dolandığı sürüşkən küçələrində bir yerdə addımlayırdı.

Onu dünyanın ən qiymətli daş-qaşı kimi, yad gözlərdən, bəd nəzərlərdən qoruyur, heç kimin yol tapa bilmədiyi ürəyinin lap dərin guşəsində gizlədirdi. Hamı onu qaraqabaq, qapalı, heç kimə yovuşmaz adam kimi tanıyırdı, kimsənin onun ürəyindəki xəzinədən xəbəri yox idi.

«Bu nə simic adamdı, bu qədər pulu yığıb neyləyəcək?», «Axmağın biridi, elini-obasını atıb gəlib burda sülənir, heç bizi adam yerinə qoymur», «Hə, tanıyırıq onu, bizim kəndçimizdi də, amma heç bir yaralı barmağa zad eliyən əclaf deyil».

«Böyük dərdləri ovunduran ölkədə» yerliləri onun haqqında həmişə belə danışırdılar. Onun doğma həmvətənlərindən cüzamlı xəstələrdən qorxub qaçan orta əsr adamı kimi gen gəzməyinin səbəbini anlayan yox idi.

Yalnız özü bilirdi ki, bütün bunlar onun üçündü. Qorxurdu ki, birdən kimsə onun ürəyinə girər, sirrini öyrənər, xəyalını oğurlayar, özü də bunu bir qeyrisi yox, özününkülər eliyə bilərdilər. Belə cinayəti törətmək özününkülərdən başqa heç kimin ağlından keçməzdi. Xislətlərinə yaxşı bələd idi, ona görə də cüzamlı xəstə kimi onlardan gen gəzirdi, onu onlardan qoruyurdu. İndi isə ondan atasının halallığını almağa gəlib.

Ona nə deyəcəyini, söhbətə haradan başlayacağını çox fikirləşmədi. «Sadəcə qabağını kəsib deyərəm ki, atam ölməmişdən əvvəl vəsiyyət elədi ki, səndən halallıq alım. İndi qərar sənindi, özün bilərsən...»

Bəs xəyallar? Axı bütün xəyallarının qəhrəmanı odur, bu qədər ili it zülmünə dözüb nifrət etdiyin həyatı ona görə yaşayıb. Yox bütün bunları bilməsə yaxşıdı, qoy elə ürəyinin dərin qatlarında da qalsın, birdən o, da xəyalımı oğurlamaq istəyər, axı o, da «özününkülərdəndi».

-Sən...
-Gözləmirdin?
-Kimi?

Niyə dilinin söz tutmadığını, bayaqdan ağlında yüz dəfə qurub-qoşduğu cümlələri dilinə gətirməyin bu qədər çətin olduğunu təsəvvür eləməzdi.

O, elə xəyallarındakı kimi idi, hər şeyi dəyişən zamanın onun xəyallarının yanından heç nəyə toxunmadan keçib getməsinə görə minnətdar olmalı idi. Anladı ki, hər şeyə gücü çatan, hər şeyi yerbəyer edən zaman təkcə bir şeyi-xəyalları dəyişə bilmirmiş, onun qarşısında acizləşirmiş...

-Aradan neçə il keçib?
-Bilirsən mən niyə gəlmişəm?

-Bizim ortaq nəyimiz qalıb ki?
-Bəlkə sən sual verməyəsən?

-Bəs bu vaxta kimi yığılıb qalan suallara kim cavab verəcək?
-Atam ölüb, dedi səndən halallıq alım.

-Halal olsun o kişiyə, Allah istəsə, rəhmət də eləyə bilər.
-Sən halallıq verdin?

-Hə, bağışla ki, ağlamağı yadımdan çıxarmışam, yoxsa əməlli-başlı hönkürərdim.

«O, nə tez halallıq verdi? Axı bizi ayıran, qurmağa cəhd etdiyimiz həyatı bir hikkəyə alt-üst edən adamı belə asanlıqla bağışlamaq üçün insanın ürəyi nə boyda olmalıdı ki? Bəlkə xəyallardan danışım, ona deyim ki...»

-Mən getməliyəm.
-Niyə?
-Çünki tək deyiləm. O, məni evdə gözləyir.
-Səni gözləyən var? Mən elə bilirdim ki...

-Elə sən bildiyin kimidi.

Birdən anladı ki, artıq xəyalları qeybə çəkildi. Soyuq ölkədə, ac-yalavac zirzəmilərdə, hər kəsdən, illah da «özününkülər»dən qoruduğu xəyalları bir an içində sabun köpüyü kimi əridi, yox oldu.

Böyük ölkədə, milyon sifətli yadların arasında onu qorumağı bacarsa da, az qala hamının hamıya qohum olduğu, hamının hamını tanıdığı doğma torpaqda ona yiyə dura bilmədi.

Yenə boşluq və məyusluq. Qəlbinin dərinliyindəki şirin xəyalların yerini çoxdan unutduğu, dəflərlə nifrət edib lənətlədiyi hisslər tutmağa başladı. Yox qaçmaq lazımdır, bu dəfə birdəfəlik, beş il əvvəlkindən daha bərk, daha sürətlə qaçmaq lazımdır.

-Bu medalyonu da al, yadındadı onu mənə nə vaxt vermisən?
-Mən vermişəm?

-Yaxşı ki, tez unutmağı bacarırsan.

Elə bilmə ki onu mənim üçün əziz olduğuna görə üstümdə gəzdirirəm. Yox, sadəcə inanırdım ki, bir vaxt qarşıma çıxacaqsan və onu sənə verəcəyəm. İstəmirəm ki, sənin hədiyyələrin mənim üçün yükə çevrilsin.

-Başqa nə hədiyyə vermişəm ki?
-Əcəb yaddaşın var. Lap heyran olmuşam. Mən gedirəm, başqa kiməsə halallıq vermək lazım deyil ki?
-Getmə…

-Dedim gözləyənim var.
-Kim gözləyir?

-Sənin başqa bir hədiyyən. İndi onun beş yaşı var!
-Mən də…

-Ağlından belə keçirmə!
-Mən onu görmək istəyirəm.

-Axı bu, nəyi dəyişəcək? Görəndə deyəcəksən ki, beş ildi səni intizarda saxlayan, gözünün kökü saralana kimi pəncərənin qabağında oturub gəlib-gedənə baxmağa məcbur edən mənəm.
-Deyəcəm ki, mən sənin atanam.

-Bəs uşağın hansı cavabı verəcəyini fikirləşmisənmi? Ölmüş atasının dirilməyinə onu inandıra biləcəksənmi?
-Mən onun yanında olmaq istəyirəm. Görəcəksən o, özü mənə «ata» deyəcək...

-Yenidən hər şeyi darmadağın etməyinə imkan vermərəm. O, sənə ancaq nifrət eldə bilər, «ata» kəlməsini eşitməyi də ağlından çıxart.
-Nahaq belə düşünürsən? Mən yaxşı ata ola bilərəm, mən bacararam.

-Sən ancaq öz atan kimi ata ola bilərsən, başqa cür bacarmazsan. Mən istəmirəm ki, o, sizə oxşasın. İstəmirəm başqasının yükünün çiyinlərinə götürməyə məhkum olsun və buna görə ömrü boyu əzab çəksin, daşıya bilməyəcəyi yükün ağırlığından çiyinləri taqətdən düşsün, yarıyolda qalsın. Mən buna imkan verə bilmərəm, heç vaxt, heç vaxt.

-Mən atamdan yaxşı ata olacağam - mən bunu sübut edərəm.
-Sən tək bunu yox, hələ çox şeyləri sübut eləməlisən.
-Məsələn nələri?

-Sübut elə ki, bu şəhər sənindi, ayağının altındakı bu yer sənindi. Düşünmə ki, bunun üçün böyük cəsarət lazımdı. Sadəcə bütün bunlara haqqın çatmalıdı. Haqqın çatan şeyləri dərk eləmirsənsə, baş götürüb var gücünlə lap uzaqlara qaçsan, hər şeyi sıfırdan başlasan belə yenə uduzacaqsan, daha doğrusu səni udacaqlar. Bu taleyini isə heç kim sənlə paylaşmayacaq.

Çünki bu, dəhşətdi.
-O, mənə «ata» deyəcək. Buna ki, mənim haqqım çatır və sən də bu haqqı tanıyacaqsan.

Bu şəhərin nə qəribə havası var, qışın oğlan çağında nə düz-əmməli qar yağır, nə də ilik kəsən soyuq olur.

Təbiətin rəhmi gəlsə, ən yaxşı halda sulu qar yağdırır, o da ki, lıqqa-palçıqdan savayı bir şey gətirmir. Heç küləyin səmtini də tutmaq olmur, bir saatın içində külək neçə tərəfə əsərmiş, neçə dəfə yönünü dəyişərmiş...

Elə bil şıltaq təbiət bitib-tükənməyən sınaqlarının hamısını burda həyata keçirir: hisli-paslı yağışı bu şəhərin başının üstünə ələyib havanın təmizini, qarın safını qovub başqa yerlərə, özgələrin yaşadıqları torpaqlara yollayır.

Sanki adamların da üzərində laboratoriya siçovulları kimi ağlagəlməz eksperimentlər aparır, zəiflərini çıxdaş edib ya birdəfəlik sıradan çıxarır, ya da yalnız bu şəhərdə qalmaq şərti ilə yaşamalarına aman verir, güclülərini, müqavimət göstərənlərini isə təmiz hava, saf qar kimi özgələrinin yaşadıqları torpaqlara qovur.

O, isə bütün bunları bilmirdi, amma gördüyü adamları gündə bir neçə dəfə səmtini dəyişən küləyə oxşadırdı. Bu adamlar həm çox balaca idilər, həm də əlləri həmişə qap-qara çirkin içində olurdu.

Ona görə yox ki, səhərdən axşama kimi işləməyi sevirdilər, ona görə ki, onların böyükləri, əlləri təmizləri artıq burda yaşamırdı. Onlarsa bunu heç veclərinə də almayıb özlərinə xudmani dünya qurmuşdular və özlərinə oxşamayanları qətiyyən ora buraxmırdılar.

Elə Yeni İlin bir addımlığında niyə qarın yağmamasını da özlərinə dərd eləmirdilər, küçələrdəki təkəm-seyrək küknar ağaclarını bəzəyib, ətrafına pambıqdan qar tökmüşdülər, heç əsil qardan seçilmirdi də... Hətta bu xudmani dünyanın küknar ağaclarının dibində şaxtababalar da vardı, onlar da ağına-bozuna baxmadan səslərinin gur yerinə salıb yalandan qışqırırdılar:

«Qarlı dağlar aşmışıq, çox ellər dolaşmışıq...»

Şaxtababa? Bəlkə...

-Yox qardaş mən buna razı ola bilmərəm.
-Bircə saatlıq istəyirəm, dünya dağılmaz ki?

-Nə danışırsınız, elə bilirsən bu asandı, lisenziyamı alarlar, başa düşürsünüz?
-Hörmətini eliyərəm. Narahat olma öz aramızda qalacaq. Həm də çox uzağa getmirəm ki.
-Yaxşı ancaq bir saatlığa!

Mənzilin qapısına yaxınlaşmaq üçün olan-qalan cəsarətini toplamağa çalışdı. Bu vaxta kimi bütün xüsusiyyətlərindən daha çox cəsarətindən sui-istifadə etmişdi.

Dünyaya göz açığı aləmdən baş götürüb qaçmaq üçün cəsarət, qərib ölkədə özünə yer eləməkdən ötrü aclığa, səfalətə dözmək üçün cəsarət, yaramaz adamların qarşısında başını dik tutmaq üçün cəsarət, can üstə olan atasını qarşısında özünü ağlamaqdan zorla saxlamaq üçün cəsarət, bir sözlə hər şeydən çox cəsarətini xərclənmişdi.

İndi elə güman edirdi ki, həyatını dəyişəcək beş illik hədiyyəsini görməyə cəsarəti çatmayacaq.

Qorxmağa başladı, heç Rusiyanın ala-qaranlıq zirzəmilərində, səsli-küylü küçələrində, yalnız yaşamaq uğrunda mübarizə aparan və bunun üçün hər şeyə hazır olan adamların arasında heç belə qorxmamışdı.

Əllərinin əsməyindən anladı ki, həyəcanlanıb, çənəsi də səyriməyə başlamışdı. Nə olursa-olsun o, bu addımı atacaqdı, o, bu gün haqqı çatdığı şeyə sahib durmağa çalışacaqdı. Onun mübarizəsi başlanmışdı... Bu dəfə qaçmaq üçün yox, sübut eləmək üçün... Qapının zəngini basdı.

-Şaxtababa? Salam!

Qapının kandarında ona bir az hürkək, bir az da saymazyana nəzərlərini ona zilləmiş uşağı görən kimi tanıdı.

«Bu ki, atamdı? Ağayana duruşu, saymazyana baxışları, eyniylə özüdür. Sən əslində halallıq almaq yox, ölüm ayağında belə, zəifləmiş, heydən düşmüş vücudunla son zərbəni vurmaq istəyirmişsən.

Elə bir zərbə ki, ona tab gətirmək mümkün olmasın, elə bil yara ki, heç vaxt qaysaq bağlamasın və bir ömrə yetməyəcək qədər əzab versin. O, mənim oğlum deyil, sənin nəvəndi. İndi istəyirsən onun qayğısına qalım, o, da böyüyüb mənə atalıq eləsin? Lap sənin kimi... Sağ ol ata, amma, bu fürsəti sənə verməyəcəyəm, bu dəfə birdəfəlik qaçıram».

-Mənim beş yaşım var. Bəs sənin?

-Nə?-, uşağın sükutu pozan yersiz sualı onu əməlli-başlı hövsələn çıxırdı, bir istədi desin ki «nə beş, sənin yetmiş səkkiz yaşın var, qoca köpək»- özünü bir təhər ələ aldı. Axı indi o, lap balacadı; nə qamçısı var, nə də ki, dəmir kimi yumruqları, istəsə də ona gücü çatmazdı. Hirsini boğub atası ilə uşaq kimi danışmaq qərarına gəldi, sanki bir anın içində başa düşdü ki, hər oğula atasını uşaq yerinə qoymaq şansı verilmir.

-Mənim yaşım çoxdu, lap çox. Qoca kişiyəm.
-Mənim babam yoxdu. Bəs sənin?

-Mən özüm elə babayam da...
-Mənim atam da yoxdu. Bəs sənin?

-Mən özüm elə...
-Bıy, Şaxtababa, deyəsən ünvanı səhv salmısınız, biz sizi çağırmamışıq-, bu onun səsi idi, beş illik hədiyyənin anasının.

Deyəsən tanımadı, bu libasda heç özü də önünü tanıya bilməzdi. Amma yox, gözlər ki dəyişmir.

Hansı yaşda olursan ol gözlər elə on beş yaşında olduğun kimi qalır. Rəngi bozarsa da, bullanıqlaşsa da, gözlər dəyişmir, lap qırx il bundan əvvəl gördüyün adamı da elə birinci gözlərindən tanıyırsan, yetər ki, ona diqqətlə baxasan, gözlər səni aldatmayacaq.

-Sən?
-Mən!

-Hardan gəlmisən, baba?

Beş yaşlı uşağın inadcıllığı böyüklərin hikkə dolu baxışlarını yarıb keçdi, ürəklərinə sərinlik gətirməsə də, baxışlarını daha da sərtləşdirmələrinə imkan vermədi.

-Qarlı dağlar aşdım...
-Hansı qarlı dağarı? Ana, ana çöldə qar yağır!

-İndiki uşaqların başını belə nağıllara tovlamaq çətindi, Şaxtababa. Yaxşı olar ki, sən ona düzünü deyəsən.
-Axı düzünü desəm, bu nağıla oxşamaz.
-Qoy oxşamasın, göydən alması düşməyən nağıldansa, sözün düzünü eşitsə daha yaxşı olar.
-Ana, Şaxtababa bütün arzuları yerinə yetirir, gəl biz də arzu deyək.

-Mənim arzularım qurtarıb, balası-, ana ötkəm nəzərlərlə onu süzdü. Sanki bununla demək istəyirdi ki, əslində arzuları ola bilərdi, amma onların hamısını bu Şaxtababa cildinə girmiş adam üçün xərcləyib sona yetirib.

-Yaxşı ki, səninkilər qurtarıb, mən onsuzda yalnız uşaqların arzularını yerinə yetirirəm-, eyni ötkəm nəzərlərlə o, da ananı süzdü. Bu baxışlardan aydınca sezilən həqiqət o idi ki, «arzularının qurtarmağında məni qınama, mən də sənə görə cəsarətimi xərcləyib qurtarmışam. Sən arzularını, mənsə cəsarətimi itirmişəm, bir sözlə ikimiz də uduzmuşuq, indi görək uşaq nə deyəcək?»

-Hə balası, Şaxtababa bütün arzuları yerinə yetirir. De görüm nə istəyirsən?
-Mən nə istəyirəm?
-Blmirəm bunu sən deməlisən.

-Mənim əvəzimdən anam deyə bilər?
-Axı anan deyir ki, onunkular qurtarıb, bir də axı heç kimin arzusu bir-birinə qarışmır. Bunu ancaq sən deyə bilərsən.
-Bəs sənin arzun nədi?

-Mənim arzum səninkindən asılıdı. Əvvəlcə sən de, sonra mən.

Uşaq balaca barmaqlarını ağzına salıb, dodaqları sulana kimi onları çeynəməyə başladı. Sonra başını qaldırıb utana-utana anasına, daha sonra Şaxtababaya tərəf baxdı. Yerində vurnuxmağından əmməli-başlı narahat olduğu, bəlkə bir az da qorxduğu sezilirdi.

O, balaca uşağın yox, həyatının hansısa anında səhv eləmiş yetmiş səkkiz yaşlı kişinin arzusunu dilə gətirmək istəyirdi, elə bir arzunu ki, ona əsil halallıq olsun, bu fani dünyada qoyub getdiyi nişanələrinin ürəyindəki boşluq və məyusluğu birdəfəlik silib atsın.

-Nə istəsəm verərsən?-, uşaq nəhayət dilləndi.
-Hə, hə... Bax torbam doludu, nə istəsən verərəm.
-O, sənin torbanda yoxdu axı?

-Onda gedib mağazadan alaram.
-O, mağazada da yoxdu.
-Nə arzudu o, elə? Axı sən nə istəyirsən?

-Mən ata... istəyirəm.

«Atam ata istəyir. Bu, əslində çağırışdı, bu, atamın arzusudu. Bəs niyə sağlığında demirdin bunları? Bir şirin kəlmənə, bir xoş baxışına görə mən nələrdən keçməzdim. Bütün uşaqlığım sənin şirin sözlərinə tamarzı qaldı, indi sənə ata lazımdı... Bir işə bax.»

-Yaxşı arzudu... Amma mən sənə ata verə bilmərəm.
-Onda sən mənim atam ol!

-Mən... m.m.m...
-Mən səni döymərəm, üstünə qışqırmaram. Mən səni incitmərəm, sözündən çıxmaram...
-Yaxşı sən deyəm olsun. Amma mən sənə hədiyyə də verməliyəm. Al bu medalyonu.
-Bu nədi?

-Atanın hədiyyəsi. Nə vaxt ata istəsən ona bax, məni səslə, tez özümü yetirərəm.
-Heç demədin, bəs sənin arzun nə idi?

-Mənim arzum artıq yerinə yetdi...

Uşaq elə atılıb-düşdü, elə qəhqəhə çəkdi ki, elə bil bu beş ildə birinci dəfə idi ki, gülməyi, sevinməyi öyrənirdi.

Yetmiş səkkiz yaşlı kişi yavaş-yavaş uşağa dönür, bu vaxta kimi oğlunun ömründən oğurladığı anları geri qaytarmaq fürsəti qazındığına görə özünü dünyanın ən bəxtəvəri hesab edirdi. İndi ona hər şeyi yenidən, lap uşaqlıqdan başlamaq şansı verilmişdi. Hansı atanın belə şansı olur ki?
XS
SM
MD
LG