Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

DƏRYA MADYANI «QIRAT»DAN BAŞQA BU ATI DA DÜNYAYA GƏTİRİB?


«Mənim çox axmaq bir atım var», - deyə biri öz dostuna şikayət edir.

- Təsəvvür elə, o gün atı çaparkən üstündən yıxıldım. Bərk əzildim. At nə eləsə yaxşıdır? Məni qəşəngcənə belinə mindirdi, evə gətirib divana uzatdı, sonra da həkimə zəng elədi...

- Bəs niyə deyirsən at axmaqdır?

- Əşi, bu başıboş heyvan sən demə MAL HƏKİMİNƏ zəng vurubmuş.

Əziz «YouTubik» həvəskarları, yəqin fikirləşəcəksiniz, belə bir hadisə ola bilməz, lətifələrə məxsus uydurmadır. Tələsməyin. Əvvəl bu videoya, Merlin adlı ata baxın, sonra danışarıq.



MƏNİ BİR ALDATDIN – SƏNƏ AR OLSUN. İKİ ALDATDIN – MƏNƏ AR OLSUN!

Ucqar dağ kəndinə gedən məktəb müəllimi bir kəndlinin evinə gəlib, ondan xahiş edir ki, uşağını məktəbə göndərsin. Masa arxasında söhbət edərkən dəhlizdən xışıltı gəlir. Ev sahibi otaqdan çıxır ki, baxsın nə məsələdir. Möhkəm zərbə səsi gəlir, ta-ap!

Ev sahibi otağa qayıdır, gözünün altı da gömgöy. Müəllim də maraqlanır ki, dəhlizdə nə baş verib. Otaqdan çıxır. Oradan yenə səs gəlir, amma bu dəfə iki dəfə: Ta-ap! Ta-ap! Qonaq otağa qayıdır, hər iki gözünün altı qara. Kəndli başını bulayır:

«Dırmığı iki dəfə ayaqlayır, özü də deyir ki, sənin uşağına nəsə öyrədəcəm...».



DANAY-NENAY-DARANAYNAY...

İnternetin bir xüsusiyyəti var ki, nəyin daha çox diqqət çəkdiyini görmək olur. Video və fotoların ziyarət statistikasına diqqət edəndə, məlum olur ki, heyvanların ağıllısı, insanların isə ağıldan o məsələ olanları daha çox diqqət doğurur. Amma təsəvvür edin, bir videoda hər ikisi varsa? Buna deyirlər danay-nenay-daranaynay..



BERTİ FOQTSA ÖRNƏK OLAN MƏŞQÇİ

Frans Bekkenbauerin qanadlı sözüdür: FUTBOL DÜNYADA ƏHƏMİYYƏTSİZ ŞEYLƏR ARASINDA ƏN ƏHƏMİYYƏTLİSİDİR. Bu ən əhəmiyyətli nəsnənin də ən əsas fiquru məşqçidir. Çünki qələbələr, vurulan qollar həmişə futbol ulduzlarının ayağına yazılır, məğlubiyyətlər - məşqçinin. Amma diqqətinizə təqdim etdiyimiz bu videoda məşqçini nədə günahlandırsalar da, rəqib qapısını quru saxlamaqda suçlaya bilməzlər.



«STATOIL» ÖZ İMİCİNİ DƏYİŞİR

Bu günlərdə AzadlıqRadiosunun Naxçıvan müxbiri Məlahət Nəsibova Norveçdə Rafto mükafatı aldı. Bununla bağlı Norveç mətbuatı «Statoil» şirkətinin adını hallandırmağa başladı. Yazırdılar ki, Azərbaycanda neft maraqları demokratiya və insan haqlarını öz kölgəsindən buraxmaq istəmir. «Statoil» şirkətini tənqid edənlərin məntiqi sadə idi - Azərbaycanda biznes qurmaq üçün ölkəyə korrupsiya bacasından girməlisən, his-pasa bulaşmadan ordan keçə bilməzsən. «Statoil» isə iddia edir ki, üst-başı tərtəmizdir. Təmizdir, təmiz deyil – bunu bilmirik, amma Rafto mükafatının təqdimatından bir gün sonra «Statoil» öz loqosunu dəyişib, özünə çəhrayı ulduz rəmzi seçdi. Təsadüfdür, ya yox, amma çəhrayı rəng Rafto Fondunun əsas rəmzi sayılır. «Statoil»un köhnə loqosu ilə burada videolaşmaq olar



Hansı videoları daha çox bəyəndiniz? Lütfən, yazın, biz də gələn nömrələrdə işimizi bilək. İnternetdə maraqlı nəsə görsəniz, xəsislik etməyin. Sizdən göndərmək, bizdən bölüşmək.
XS
SM
MD
LG