Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Kojeninin ortağının hekayəti


Frederik Burka bu il iyulun 10-da ittiham irəli sürülüb

Azərbaycan rəsmilərini rüşvətlə ələ almaq planına görə amerikalı investor, «Dooney & Bourke» şirkətinin həmtəsisçisi Frederik Burk bir il bir gün müddətinə azadlıqdan məhrum edilib. ABŞ-ın Manhetten məhkəməsi 63 yaşlı Burku həm də 1 milyon dollar məbləğində cərimə edib. Bundan əlavə, Burk həbs cəzasını bitirdikdən sonra üç illik şərti cəza da çəkməli olacaq.

XARİCİ KORRUPSİYA AKTI POZULUB...

Frederik Burka bu il iyulun 10-da ittiham irəli sürülüb. O, Xarici Korrupsiya Haqqında Aktı pozmaqda, Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə ittiham olunur. Xarici Korrupsiya Aktına görə, biznes əldə etmək, yaxud icarəyə götürmək üçün xarici hökumət rəsmilərinə rüşvət vermək, yaxud təklif etmək cinayət hesab olunur.

İstintaqa təqdim olunan sübutlara görə, Burk Azərbaycanın yüksək rütbəli rəsmilərini rüşvətlə ələ alma planında iştirak edib. Məqsəd rəsmilərə bir neçə yüz milyon dollarlıq nağd pul, səhm, başqa hədiyyələr verməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saxta hərracla özəlləşdirilməyə çıxarılmasına nail olmaq idi. Bu hərracı ancaq Burk, fırıldaqçı çex investoru Viktor Kojeni və onun konsorsiumunun üzvləri udmalı, külli qazanc götürməliydi. Hazırda Kojeni də bu planda iştirakına görə istintaq altındadır.

PULLAR ÖZƏL TƏYYARƏLƏRLƏ AZƏRBAYCANA GƏTİRİLİRDİ

Özəlləşdirmə proqramına görə, Azərbaycan vətəndaşları da prosesdə iştirak edə, hökumətin buraxdığı vauçerlərdən istifadə edə bilərdilər. Özəlləşdirmə vauçerləri ABŞ valyutasına alınıb-satılırdı. Xaricilər də özəlləşdirmə proqramına qatıla, vauçer ala bilərdilər, bir şərtlə ki, hər vauçer üçün hökumətin opsionunu da alsınlar.

Vauçerlər və opsionlar milyonlarla dollara alınır, bu pullar özəl təyyarələrlə Azərbaycana gətirilirdi. Vauçerləri Kojeninin idarə etdiyi iddia olunan «Oily Rock Ltd.» istifadə edəcəkdi.
İstintaq materiallarına görə, Kojeninin dostu və qonşusu olmuş Frederik Burk özü, ailə üzvləri, dostları adından «Oily Rock Ltd.»yə 8 milyon dollar yatırıb. Burk həmçinin Kojeninin qurduğu, maliyyələşdirdiyi iddia olunan şirkətlərdə vəzifə, maaş, səhmlər əldə edib.

RÜŞVƏTXOR MƏMURLAR DAHA NƏLƏR QAZANACAQDI...

ARDNŞ isə ancaq prezidentin fərmanıyla özəlləşdirməyə çıxarılmalıydı. 1997-ci ilin avqustundan 1998-ci ilin payızınadək Burk və başqaları planlar qururdular ki, Azərbaycan hökumətinin rəsmilərinə milyonlarla dollar rüşvəti necə versinlər, konsorsiumlarının ARDNŞ-da nəzarət paketini necə təmin etsinlər, şirkətin neft yataqlarını necə ələ keçirsinlər.

Məsələn, ittihamnaməyə görə, 1997-ci ilin avqustunda Kojeni şirkətinin aldığı vauçerlərin və opsionların üçdə ikisini rüşvətxor Azərbaycan məmurlarına köçürməyə razılaşıb. Həm də razılaşıb ki, konsorsiumunun ARDNŞ-in özəlləşdirilməsindən götürəcəyi gəlirin üçdə ikisini də onlara versin.

BURKUN YALAN İFADƏLƏRİ

1998-ci ilin iyununda Burk bilirdi ki, Kojeni «Oily Rock Ltd.»nin səhmlərini 150 milyon dollardan 450 milyon dollara qaldıra bilib ki, əlavə 300 milyon dollarlıq səhmi Azərbaycan rəsmilərinə rüşvət kimi verə bilsin. Burk həmçinin iki Azərbaycan rəsmisinin Nyu York Sitidə 1998-ci ildə tibbi müalicə almasını təşkil edib. Müalicənin haqqını «Oily Rock Ltd.» ödəyib. Ancaq 2002-ci ilin aprel və mayında FTB-yə müsahibələrində Burk yalandan deyib ki, Kojeninin Azərbaycan rəsmilərinə pul verməsindən xəbəri olmayıb.

Kojeninin əleyhinə deyilənlər hələlik ittiham olaraq qalır, sübut olunanacan o təqsirsiz sayılır.
XS
SM
MD
LG